İnsanlara hürriyət, millətlərə istiqlal!

Baltaçıların mövsümü - "şaqqalanma" növbəsi kimindir?

1267 09.08.2022 16:00 Yazarlar A A

35 il əvvəl Kiyev “Dinamo”sunun bir müdafiəçisi vardı, adı Sergey, soyadı Baltaça idi. Ortabab oyunçuydu, ulduzların kölgəsində qalırdı, amma azarkeşlərimiz sırf soyadına görə onu sevirdi və ondan söhbət düşəndə çox adam ukraynalı müdafiəçinin soyadını “Baltaçı” deyirdi. (Bəlkə də bu soyad ona türk mənşəli dədə-babasından qalmışdı, ta orasını bilmirəm).

Hər dəfə hansısa yekə vəzifəli məmur (nazir, komitə sədri) “vurulanda” və onun barəsində kompromotlar sellənəndə yadımıza istər-istəməz həmin o Baltaça düşür. Çünki mərhəmətli xalqımız saraydışı edilmiş məmurdan yazanları “baltaçı” olmaqda, “yıxılana balta vurmaqda” qınayır. “Vəzifədə olanda niyə yazmırdınız”,- deyə ritorik sual verənlər, “indiki nazirdən də yazın dəə”, - deyə kritik təklif verənlər, “iş başında olanda bəzi həmkarlarınızı o saxlayırdı”, - deyə erotik eyham edənlər, cürbəcür satirik-satirik, “müdrik-müdrik” atmacalar atanlar olur.

Bir oxucum xatırlatdı ki, 2015-də Eldar Mahmudovun nazirliyi bağlananda, müavinləri tutulanda və özü ev dustağı ediləndə qəzetdə onun barəsində ifşaedici yazılar yazmışıq və bir oxucunun yazıya “Vəzifədə olanda niyə yazmırdınız” şərhinə saytımızın adminlərindən biri lakonik cavab verib: “Qorxurduq”.

Lakonik, həm də səmimi. Eyni zamanda dürüst. Sonradan, MTN generallarının cinayətlərinə dair gedən məhkəmələr zamanı hamıya əyan oldu ki, Mahmudovun vaxtında hər kim ondan və nazirliyindən qorxubsa, düz eləyib. Kim qorxmayıbsa, 5-6 ay içəridə yatıb və 8-10 milyon pul itirib. Qorxunc yer imiş. Bir xeyli adamın qanının arasına kasıb və vəzifəsiz olması girib.

İndi biz olmayaq, siz olun. Adamlar böyük vəzifələr tutanda, əllərində hər cür imtiyaz, səlahiyyət olanda və bundan istifadə edərək milyonları talayanda, əməllərini ifşa edən şəxslərin başına oyun açanda yazmaq olmursa, bu, o deməkdir ki, adam vəzifədən çıxandan sonra da yazılmamalıdır? Bəs nə vaxt yazaq? İndi də yazmasaq, adam Aydan arı, sudan duru olacaq, sabah da özünü “kristal”, “son dərəcə dürüst” biri adlandıracaq, deyəcək, mənə qarşı haqsızlıq olub.

Ona görə də yıxılan baltalanmalıdır, hətta yaxşı olar ki, tamam şaqqalansın - əlbəttə ki, məcazi mənada. Yoxsa həmkarlarım Ziya müəllimlə Eldar müəllimi ha baltaladılar, yonqardan başqa bir şey çıxmadı.

İndi də Səfər müəllimin videosu çıxıb. General-polkovnik yol polisinə acıqlanır ki, onun maşınını niyə saxlayıb. Bu hərəkətin üstündə müəllimi ikinci dövrə “baltalayırlar”. Birinci “baltalama” vəzifədən çıxarılanda olmuşdu. “Baltaçı”lar haqlıdır. Adama deyərlər, DYP sənin maşınını saxlayanda nə olar, toxunulmaz-zadsan? Bir ara o boyda İsveçin kralı Karl Qustavı yol polisləri az qala hər həftə saxlayırdılar, cəriməsini yazırdılar, gedib ödəyirdi. Axırda yazıq kral gördü ki, qazandığı eyzən cərimələrə gedir, daha yolda sürəti artırmadı, sükan arxasına içkili oturmadı, oldu nümunəvi sürücü. Adama dübarə deyərlər, sən, lap olsun siz, İsveçin kralından artıq oğlansınız?

Tərs kimi, Mehdiyevin adamlarından biri olan Əbülfəz Məlikovu da tutublar və onun da “baltalanması” proseduru başlayıb. Həmkarlardan biri müəllim haqqında elə əhatəli və faktoloji məqalə yazıb ki, bunu artıq “baltaçı işi” adlandırmaq olmaz, qardaş benzinlə işləyən “Drujba” mişarı kimi işləyib, elə bil, dövlət ittihamnaməsi yazıb, götür, oxu, minimum 10 ilini ver, getsin.

Məsələnin bu cür alınmasının günahı jurnalistlərdə deyil, heç kəs onları “kəmfürsət”, “namərd” adlandırmasın. Yox, sən 10 il boyunca dövləti, xalqı tala, bir gün layiq olduğun cəzanı al, amma səndən yazmasınlar ki, nə var, nə var, yıxılmısan. Yıxılmayaydın!

İkincisi, jurnalistlərin yazdığıyla heç nə olmur, onların “balta”sı kütdür, əsas iti “balta”lı prokurorların yazdıqlarıdır. Onlar da, türkün sözü, çox titiz işləyirlər, namxuda, gözlərindən heç nə yayınmır, hər şeyi necə lazımdır, yazırlar. Bir gün oxuyacaqlar, eşidəcəyik.

Ona görə də qoy hazırda vəzifədə olanlar unutmasınlar ki, adamın dövranı dönəndə dönür, bir gün əndazələrini aşanları atırlar bayıra, qorxusundan səsini də çıxara bilmir. Hazırda yerlə-göylə əlləşən “yekə”lər də bilsinlər ki, “yıxılarkən” onları ovxarlanmış baltalarla gözləyənlər var. Onları tropik sularda öz övunu gözləyən timsah qəbiləsinə də oxşatmaq olar, əfv-filan bilmirlər, elə şaqqalayırlar, şaqqıltıdan qulaq tutulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR