İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının yeni "yol xəritəsi": vəziyyət dəyişir - Rusiya öz "ayağına" niyə güllə atır?

1404 18.07.2023 09:55 Siyasət A A

“10 noyabr sənədi yoxdursa, Azərbaycanın öhdəliyi də yoxdur! Politoloq-diplomat: “Sülhməramlılar Qarabağı daha tez tərk etməli olacaqlar...”

İyulun 15-də Brüsseldə Azərbaycan-Ermənistan danışıqlarına dair 6-cı görüşdə də ortaq sənəd qəbul edilmədi. Lakin sülh prosesi müstəsna olaraq, Bakının sülh gündəliyi əsasında davam etdirildi. Bu isə o deməkdir ki, nə vaxtsa hansısa çərçivə sənədi imzalanacaqsa, onun təməlində məhz Azərbaycanın 5 məlum baza prinsipi dayanacaq.

Təsadüfi deyil və moderator Şarl Mişelin görüş sonrası açıqlamalarından da məlum oldu ki, iki saat yarımlıq danışıqlarda ərazi bütövlüyümüz və suverenliyimizə zidd heç bir söhbət getməyib. Əksinə, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bir daha təsdiq ediblər. Yenə hansısa “status” yox, Qarabağdakı erməni azlığın Azərbaycan tərkibində təhlükəsizliyi və hüquqları, o sırada humanitar ehtiyaclarının təminatı müzakirə predmeti olub.

Mişelin şərhindən o da aydın oldu ki, ilk dəfə olaraq erməni əsilli Azərbaycan vətəndaşlarının Bakının təklif elədiyi Ağdam yolu ilə humanitar təminatı variantı da məqbul sayılıb. Bu isə Ermənistanın, oyuncaq rejimin və Rusiyanın qaldırdığı “blokada”, “etnik təmizləmə” hay-küyü və təbliğatına Avropa məkanında vurulan ciddi zərbədir.

Diqqətçəkici həmçinin odur ki, bu dəfə rəsmi Moskvanın təlaşı heç vaxt olmadığı qədər qabarıq şəkildə özünü büruzə verdi. Rusiya XİN-in 15 iyul tarixli destruktiv və hikkəli, eyni zamanda Azərbaycana ünvanlı xoş məram daşımayan bəyanatı buna bariz sübutdur.

Azərbaycan XİN artıq ona adekvat cavab verib. Bəs Moskva bununla nəyə nail olmaq istəyir? Axı 10 noyabr (2020) sənədi elə Kremlin öz günahı üzündən faktiki mövcud deyilsə, Bakının da hər hansı öhdəliyi ola bilməz. Rusiya nədən öz “ayağına” güllə atsın ki...

*****

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov 

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya XİN-in 15 iyul bəyanatını “Kreml qüllələri”ndə post-Putin dövrü üçün hakimiyyət uğrunda mübarizənin başladığının təzahürü sayır.

Onun fikrincə, həmin bəyanatda 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın fundamental əsaslarının və Putinin bununla bağlı bəyanatlarının açıq-aşkar təhrif xətti var: “Əslində bu hal Azərbaycan XİN-in cavab bəyanatında xüsusilə vurğulanır. Buradan belə bir məntiqi nəticə çıxarmaq olar ki, ya Putin öz mövqeyini dəyişib, ya da Sergey Lavrov diplomatik "kazuistika" istifadəsi çərçivəsində daxili və xarici oyunçulara mesaj verməyə çalışır ki, “hakimiyyət tacı” aldığı halda Türkiyə-Azərbaycan tandeminə qarşı fəaliyyətə keçəcək".

Politoloqa görə, Lavrov hamıdan daha yaxşı başa düşür ki, Ərdoğan-Putin xətti üzrə qarşılıqlı fəaliyyətin fundamental əsaslarından biri Cənubi Qafqaz və Ermənistan-Azərbaycan nizamlanması mövzusudur. “Buna görə də Lavrovun "kontorunda" hazırlanmış hələlik sakit, məntiqsiz strukturlu mətn onun “Priqojindən sonrakı Putin Rusiyası”nda müstəqil oyuna başladığının ilk sübutudur. Patruşev-Salivan xətti üzrə təmaslar, az qala rəsmi olaraq Putinin mümkün varisi adlandırılan gənc Patruşevin fəaliyyəti autsayderləri öz oyunlarına başlamağa məcbur edən qıcıqlandırıcı amilə çevrilib. Biz isə sakitcə ehtiyat toplayırıq və özümüz üçün “imkan pəncərəsi” gözləyirik. Düşünürəm ki, sülhməramlılar ərazimizi 10 noyabr bəyanatında nəzərdə tutulan vaxtdan daha tez tərk etməli olacaqlar", - eks-nazir vurğulayıb.

*****

Bakupost.az - Qüdrət Həsənquliyev Vasif Talıbov haqda dəhşətli faktlar  açıqladı - VİDEO

Qüdrət Həsənquliyev 

Öz növbəsində BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Rusiya XİN-in məlum açıqlaması ilə bağlı bildirib ki, Rusiya bununla bir daha bölgədə sülh istəmədiyini, iki qonşu xalq arasında qanlı qarşıdurmanın davam etməsində maraqlı olduğunu göstərib. O hesab edir ki, Rusiya səfiri XİN-ə çağırılmalı, Azərbaycanın atacağı addımlar barədə ona geniş məlumat verilməli, Rusiyadan ölkələrimiz arasında imzalanmış sənədləri dəyərsiz kağız parçasına çevirən, Rusiyaya tərəfdaşları və qonşuları arasında etibarsız və qanla oynayan qorxulu ölkə imici qazandıran təxribatçı davranışlardan çəkinmək tələb olunmalıdır.

“Azərbaycan müttəfiqləri və tərəfdaşları ilə müzakirələr aparmalı, peşəkar, yüksək döyüş qabiliyyətli ordu quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atılmalı, orduya müasir silahlar alınması üçün Neft Fondundan böyük məbləğdə vəsait ayrılmalı, ən başlıcası Qarabağın işğalına son qoyulması üçün ciddi hazırlıq işlərinə başlanılmalıdır. Azərbaycan nümayiş etdirməlidir ki, təxribatçı açıqlamalarla onu qorxutmaq olmaz”, - deyə o qeyd edib.

Siyasətçiyə görə, Bakı rəsmən bəyan etməlidir ki, 2025-ci ildə Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddəti uzadılmayacaq və həmin tarix sülh danışıqları üçün son müddətdir: “Bu tipli mövqe ortaya qoya bilməyəcəyiksə və möcüzə baş verməyəcəksə, danışıqlar sonsuzluğa qədər davam edəcək”.

*****

“Azərbaycan Qarabağ məsələsini qəti şəkildə və mümkün qədər heç bir güzəşt, nüans olmadan bağlamağa tələsir. "Artsax uğrunda" döyüşmək üçün resursları olmayan Ermənistan isə məsuliyyəti Rusiyanın üzərinə atmaq istəyir".

Bunu isə rusiyalı politoloq Sergey Markedonov son Brüssel danışıqlarının yekununu və Rusiya XİN-in 15 iyul bəyanatını öz telegram-kanalında şərh edərkən bildirib. 

“Çətin şərtlərdir. Ona görə də Moskvanın cəhdləri əldən çıxmış şansları qaytarmaq üçün göstərilən ümidsiz səylərə oxşayır. Bunun üçün şanslar var. Hələ ki var!”, - deyə o əlavə edib.

Əslində isə Rusiyanın heç bir şansı olmayacaq, əgər o, Güney Qafqaza münasibətdə ənənəvi, imperialist yanaşmasından imtina eləməsə...

*****

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan sensasion sayılacaq iddia ilə çıxış edib. Şahnazaryan deyib ki, “Azərbaycan hakimiyyəti Qarabağın Azərbaycana tam inteqrasiyası üçün plan hazırlayıb ki, bu elə yol xəritəsidir” (Konkret.az).

Onun sözlərinə görə, belə bir proqram-yol xəritəsi inteqrasiya amilinin dörd mərhələsini nəzərdə tutur:

Sənədlərin, o cümlədən ilk növbədə pasportların Azərbaycan pasportları ilə əvəz edilməsi;

Azərbaycan manatını dövriyyəyə buraxmaq;

Tam tərk-silah və qeyri-qanuni silahlı birləşmələrin ləğvi;

Hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi.

Şahnazaryan başqa təfərrüatları açıqlamayıb. Yalnız onu əlavə edib ki, “yol xəritəsi”nin həyata keçirilməsi üçün 12 ay - hər mərhələ üçün 3 ay müddət nəzərdə tutulub.

“Məndə olan məlumata görə, Azərbaycan hakimiyyəti bu proqramı Ermənistan hakimiyyətinə təhvil verib. Ermənistan hakimiyyəti isə bu sənədi separatçılara verməlidir”, - deyə o qeyd edib.

*****

Bu məlumatın nə dərəcədə səhih olduğunu söyləmək mümkün deyil. Çünki rəsmi Bakının müvafiq açıqlaması yoxdur. Ancaq dəqiq olan odur ki, Bakı həmin 4 bəndin hamısını reallaşdırmaqda israrlıdır və reallaşdıracaq. Yəqin ki, hansısa “yol xəritəsi” də var. Müddət fərqlənə bilər, amma hədəflər dəyişməzdir və heç kimə, ən əvvəl də separatçıların əsas havadarı Rusiyaya bu xüsusda güzəşt tanınmayacaq. Çünki bu, bizim üçün qırmızı xətdir. Suverenlik, ərazi bütövlüyü məsələsidir...   

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR