İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının tək şərti, ABŞ-ın 7 tələbi - Ermənistan üçün oyun bitib!

5494 15.07.2023 09:00 Siyasət A A

“Beynəlxalq zəmanət” altında ərazi iddiası: kapitulyant ölkə hələ də “atı arabanın dalına bağlamağa” çalışır; Rusiyanın köhnə və sınanılmış taktikası ABŞ-ın sülh təşəbbüslərini sıfırlaya biləcəkmi?..

Bu gün Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçlü formatda sayca 6-cı görüş olacaq. Yəqin ki, budəfəki danışıqlardan da kardinal nəticə gözləmək yanlış olar. Çünki bütün nikbin proqnozlara rəğmən, tərəflərin özlərinin də etiraf elədiyi kimi, ən prinsipial məsələlər ətrafında ciddi fikir ayrılığı qalır.

Əlbəttə, yaxşı olardı ki, Bakı və İrəvan heç olmasa, hansısa çərçivə sənədini imzalayıb de-yure düşmənçilik səhifəsini çevirəydi. Təəssüf ki, kapitulyant tərəfin davam edən pozucu və ksenofobik davranışı, özəlliklə əsassız Qarabağ şərti sülh prosesini sürətləndirməyə qoymur. Bunu Ermənistan hökumətinin iyulun 13-də keçirilən iclasında baş nazir Nikol Paşinyanın çıxışı bir daha təsdiqləyir.

Paşinyan həmin iclasda yenə də iddia edib ki, Bakı və Xankəndi arasında beynəlxalq nəzarət (oxu: vasitəçilik - red.) altında anlaşma olmayınca “Qarabağda etnik təmizləmə təhlükəsi” qalacaq. Bu isə ölkəmizin daxili işlərinə qarışmaq, dövlətlərarası sülh anlaşmasını aparıb bir ovuc erməninin hüquqlarına bağlamaq cəhdidir. Halbuki rəsmi Bakı dəfələrlə bu xüsusda öz mövqeyini və əsas şərtini bəyan edib.

Təbii ki, Azərbaycanın öz Konstitusiyası çərçivəsində erməni icmasına verdiyi zəmanətlə Nikolun “etnik təmizləmə” iddiası bir araya sığmır və sadəcə, 20-30 minlik erməni üçün Bakıdan “beynəlxalq zəmanət” altında siyasi status qoparmağa hesablanıb. Bunun başqa bir adı “atı arabanın dalına bağlamaq”dır.

Hərçənd Ermənistan siyasi şüurunda bəzi pozitiv gəlişmələr də var. Söhbət, məsələn, Ermənistanda qardaş Türkiyəyə ərazi iddiasının əks olunduğu gerbi dəyişdirməyin zəruriliyindən gedir.

“Gerbin dəyişdirilməsi məsələsi aktualdır, bu istiqamətdə düşünmək lazımdır, lakin hazırda konkret işçi qrupu yaradılmayıb”.

Bunu Ermənistanın Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan yerli jurnalistlərlə söhbətində səsləndirib.

Paşinyan Brüssel görüşündən imtina etmək niyyətində deyil - 11.05.2023,  Sputnik Azərbaycan

“Biz dəyişdirilməsi lazım olan problemlər haqqında düşünməliyik. Mən sahəyə rəhbərlik edən bir nazir kimi peşəkarları dinləməliyəm, çünki bu, çox həssas məsələdir. Bununla bağlı ətraflı düşünmək lazımdır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, ekspert qrupu 5 il əvvəl işə başlayıb, indi bu prosesə qayıtmaq lazımdır. “Biz öz tariximizdən əl çəkmirik, sadəcə olaraq, indiki dövrlə necə ayaqlaşa bildiyimizi göstərməliyik. Dövlətin rəmzləri bugünkü dövləti əks etdirməlidir”, - nazir qeyd edib.

Elə Ermənistanın indiki konstitusiyası da bugünkü Ermənistanı əks etdirməli, oradan Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddiaları ilə bağlı müddəalar çıxarılmalıdır. Ermənistan, nəhayət, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə sayğılı olmağı öyrənməli, bölgəni qarışdıran terrorçu ölkə statusundan, fitnə-fəsad mənbəyi olmadan həmişəlik imtina eləməlidir. Əks təqdirdə, qonşu xalqın faciələri bitməyəcək...

Ancaq gerçək belədir ki, Ermənistanla yanaşı, Rusiya da “suyu bulandırmağa” və ədalətli sülhə əngəl olmağa davam edir. Doğrudur, bugünkü Brüssel danışıqları ilə bağlı Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib ki, rəsmi Moskva guya Qərb platformasında konstruktiv məcrada aparılan sülh prosesini dəstəkləyir. Ancaq fakt budur ki, Rusiya Qərbin vasitəçiliyini “həzm edə” bilmir. Eyni zamanda özü də əlini “daşın altına qoymaq” istəmir. 

“Qərbin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında çərçivə sazişi əldə edilməsi əvvəlkindən daha yaxındır”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı tanınmış politoloq Sergey Markedonov öz Telegram-kanalında yazıb.

“Onu da başa düşmək lazımdır ki, Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında öz siyasi eksklüzivliyini  (vazkeçilməzliyini - red.) itirir. Özü də hər keçən gün daha çox. ABŞ və Avropa İttifaqının (Brüsselin - red.) moderatorluğu ilə imzalanacaq çərçivə sazişi, təəssüf ki, bu tendensiyanı gücləndirəcək. Amma indi biz (Rusiya - red.) bərabərlər arasında birinci olmaq kimi qeyri-rəsmi statusunu itirərək bu yarışa giririk. Səhvlərimiz üzərində ciddi iş son dərəcə vacibdir. Vaxt gözləmir”, - deyə politoloq əlavə edib.

Interview with Sergey Markedonov - Public Television of Armenia

Sergey Markedonov

Rusiyanın təzə səhvləri isə elə köhnə səhvləridir, cənab Markedonov! “Parçala və hökm sür” imperiya siyasətindən qaynaqlanan səhvlər. Demək ki, onları düzəltmək üçün Moskva öncə Güney Qafqazla bağlı ənənəvi imperiya siyasətindən əl çəkməlidir. Yoxsa Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanması üçün Rusiyaya heç kim mane olmur - nə Qərb, nə Şərq...

Bu arada Ermənistanın “İravunk” nəşri ABŞ-ın Ermənistana 7 tələb irəli sürdüyünü iddia edib (Axar.az). Qəzetin yazdığına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu günlərdə Vaşinqtonda səfərdə olarkən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb və görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi müzakirə olunub.

Brüsseldə üçtəfərli görüş: hansı məsələlər müzakirə olunub? - BBC News  Azərbaycanca

“ABŞ tərəfindən Qriqoryana 7 tələb təqdim olunub:

- sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır;

- Ermənistan cənub rayonlarında 65 min azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürməlidir;

- Zəngəzur bölgəsində Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək struktur Bakı tərəfindən açılmalıdır;

- Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını öz ərazisindən çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etməyi öhdəsinə götürməlidir;

- Ermənistan SSRİ-nin xəritələrində qeyd olunan anklavları Azərbaycana qaytarmağı öhdəsinə götürməlidir;

- Zəngəzur dəhlizinin beynəlxalq gömrük təşkilatının iştirakı ilə, yəni Rusiyanın iştirakı olmadan açılmalıdır;

- Ermənistanın Qarabağdan tamamilə imtina etməlidir", - məlumatda deyilir.

Bu tələblərin nə dərəcədə reallığa yaxın olduğu, yoxsa sadəcə, erməni ictimai rəyini çaşdırmaq niyyəti güddüyü müəyyən mənada bugünkü Brüssel görüşünün də yekunundan bilinəcək. Hərçənd həmin tələblərdə beynəlxalq hüquqa zidd heç nə yoxdur. Və bir də Ermənistan üçün oyun bitib!..

Analitik xidmət,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR