İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakını bombalayaq” dediyinə görə işdən qovulan ekspertdən daha bir açıqlama

1936 20.01.2023 09:47 Siyasət A A

Mixail Aleksandrov iddia edir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan əleyhinə yazılarına qadağa qoyub

Azərbaycana qarşı aqressiya və təhdidə görə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti vəzifəsindən qovulan Mixail Aleksandrov erməni mediasına sensasiya sayılacaq açıqlama verib.

O, Rusiyanın kifayət qədər nüfuzlu media qurumuna müsahibə verərkən Azərbaycanla bağlı xəbərdar edildiyini bildirib. Qeyd edib ki, Rusiya mediasına Azərbaycanı tənqid etməmək göstərişi verilib.

Mixail Aleksandrov bu göstərişin kim tərəfindən verildiyini dəqiq bilmədiyini deyib. Ehtimal olaraq, “Rusiya mediasına kuratorluq edən” Kremlin mətbuat katibi Dmitri Peskovdan tapşırıq gələ biləcəyini irəli sürüb. Mixail Aleksandrov Laçın yolunda Azərbaycan ekoloqlarının dinc aksiyasını şərh edərkən Azərbaycana qarşı düşmənçilik bəyanatları səsləndirmiş və Rusiyanın Bakının neft strukturuna zərbə endirməli olduğunu demişdi.

Vəzifəsindən qovulan rusiyalı ekspertin bu açıqlamasından hansı nəticəni çıxarmaq olar?

Bakupost.az - "Yeni qanun ölkədə peşəkar medianın inkişafını  stimullaşdıracaq" - Müşfiq Ələsgərli

Müşfiq Ələsgərli

Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirib ki, belə vəziyyətlə biz çox rastlaşmışıq: “Ötən illərin təcrübəsinin göstərdiyinə görə, Rusiya mediasında erməni şəbəkəsinin təsirində olan və Azərbaycana qarşı sistemli bir mübarizə aparan qrup formalaşdırılıb. 44 günlük müharibə dönəmində, həmçinin sülhyaratma prosesi dövründə də bu şəbəkənin içərisində Mixail Aleksandrovun da kifayət qədər təmsil olunduğunu biz görmüşük. Yəni onlar əməli addımları ilə, öz çıxışları ilə daimi olaraq Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə çalışan və bunun fonunda Azərbaycana zərbə vurmaq istəyən müəyyən bir şəbəkənin üzvləridir. Bu baxımdan, təcrübəyə əsaslansaq, Mixail Aleksandrovdan Azərbaycana fayda gətirəcək açıqlama gözləmək absurd olardı. Ona görə də hesab edirəm ki, onun burada dırnaqarası tərifləməsi də, guya Azərbaycanın Rusiya mediasında hansısa qüvvələr tərəfindən himayə olunmasını bildirməsi özü də ehtiyatlı yanaşma tələb edən bir açıqlamadır. Mənim burada şəxsi fikrim ondan ibarətdir ki, son vaxtlar erməni şəbəkəsi belə bir təbliğat aparır. Guya Ermənistan və Nikol Paşinyan qərbyönümlüdür, daha çox öz işlərini Qərblə kurasiya edir. Amma Azərbaycanı hazırda dünyadan təcrid olunan və sanksiyalara məruz qalan Rusiya ilə yaxın müttəfiq kimi göstərməyə çalışırlar. Mən Mixail Aleksandrovun son açıqlamalarında da həmin tezisləri gördüm. Sanki Azərbaycanla Rusiya arasında haradasa gözəgörünməz bağların olmasını və son günlər dövriyəyə buraxılmış tezisin əlamətini gördüm. Bu baxımdan, hesab edirəm ki, kifayət qədər ehtiyatlı yanaşmaq lazımdır. Əlbəttə, məsələlər çox ziddiyyətlidir. Son günlər məsələlər çox qarışıq inkişaf edir. Tez-tez dəyişən hallara şahid oluruq. Bu baxımdan, fərqli yozumların verilməsi də mümkün ola bilər. Amma hər ehtimala qarşı son vaxtlar daha çox hiss edirəm ki, erməni şəbəkəsi tərəfindən təbliğat aparılır. Guya Azərbaycan dünyadan təcrid olunmuş, demokratik sanksiyalara məruz qalan Rusiyanın yaxından himayə olunan müttəfiqidir. Ermənistan isə daha çox Qərbə açılım edən bir dövlətdir. Mixail Aleksandrovun son açıqlamasında da məhz həmin tezisin başqa bir variantda gündəmə çıxarılmasını görürük. Ona görə də məsələyə həssas yanaşılmalıdır. Təhlil aparılıb cəmiyyətə düzgün istiqamət verilməlidir ki, ermənilər ictimai rəyi çaşdıra bilməsinlər”.

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR