İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Bastiliya demarşı - səfirliyin tədbiri boykot edildi, sonra...

3195 19.07.2023 09:57 Siyasət A A

Siyasi ekspert: “Paris Azərbaycan üçün Fransa ilə münasibətləri aydınlaşdırmaqdan başqa çıxış yolu qoymur”

İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı - Bastiliyanın Alınması Günü ilə əlaqədar qəbul təşkil edib. Diplomatik ənənəyə uyğun olaraq, bu cür qəbullarda xarici dövlətin səfiri salamlama nitqi ilə və Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndəsi isə təbrik nitqi ilə çıxış edir. Amma bu dəfə Azərbaycan tərəfdən çıxış edən olmayıb. Xəbəri “Turan” agentliyi yayıb.

“Görünür, bu, Fransa siyasi elitasının Ermənistan və Azərbaycan arasında hələ də nizamlanmamış münaqişədə açıq-aşkar erməniyönlü mövqeyi ilə əlaqədar ikitərəfli münasibətlərdə yaşanan mürəkkəb dövrlə bağlıdır. Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni icması ilə görüşdə "Fransanın Artsax məsələsində qətiyyətini" bildirməsi Bakıda xüsusilə qəzəbə səbəb olub", - deyə xəbərdə bildirilir.  Azərbaycan diplomatik kanallarla öz etirazını bildirib, Fransa tərəfi isə rəsmi səviyyədə səviyyədə hələ də açıqlama verməyib.

Odur ki, Fransa səfirliyinin qəbulunda Azərbaycan hökumətinin nümayəndələrinin iştirak etməməsi Bakının demarşı kimi qiymətləndirilə bilər.

Bununla belə, tədbirdə Milli Məclisin bir neçə deputatı görülüb, həmçinin Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tədbirdə iştirak edib. Diplomatik münasibətlərin bu səviyyəyə enməsi Parisin suçu olsa da, Fransa ənənəvi erməni siyasətindən əl çəkməməkdə qərarlı görünür. Münasibətlərin diplomatik çərçivədə daha da aşağı enməsi nəyi dəyişə bilər?

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Fransanın bu gün Azərbaycana münasibətdə tutduğu mövqe ənənəvi olaraq gizli olan anti-Azərbaycan mövqeyindən kənarda nümayişkaranə şəkildə göstərilir. Bu da ümumilikdə həmişə münasibətlərin qorunmasında kifayət qədər ehtiyatlı davranan Azərbaycan üçün Fransa ilə münasibətləri aydınlaşdırmaqdan başqa çıxış yolu qoymur: “Çünki əvvəllər ATƏT-in Minsk Qrupu çərçivəsində müəyyən bir fəaliyyətləri var idi və anti-Azərbaycan münasibəti açıq şəkildə deyildi. İndi artıq anti-Azərbaycan mövqeyi açıq-aydındır, Fransa bu mövqeyi artıq gizli apara bilmir. Emmanuel Makronun hakimiyyətdə olması ilə bu durum daha da çılpaqlığı ilə ortaya çıxıb. Odur ki, Azərbaycan bu cür anti-Azərbaycan münasibətə cavab verməlidir. Azərbaycan müxtəlif istiqamətlərdən cavab verir. Fransanın milli bayramı-Bastilyanın alınması günü ilə  qəbulda da Azərbaycan hökumətinin nümayəndəsinin çıxış etməməsini də cavablardan biri kimi dəyərləndirmək lazımdır. Fransanın Azərbaycana qarşı addımları artan xətt üzrə gedir. Ona görə də Azərbaycan məcburdur ki, cavab addımları atsın. Vəziyyət o yerə çatıb ki, Emmanuel Makron diplomatik etiketə, dövlət rəhbəri davranışına yaraşmayan açıqlamalar verib. Fransa-Azərbaycan münasibətlərinin indiki həddə soyuqlaşmasında  Makronun addımları xüsusi rol oynayıb. Makron Azərbaycan-Ermənistan münasibətlərindən Avropada öz nüfuzunu göstərməyə cəhdlər edir. Makron sonuncu prezidentlik dönəmini yaşayır və onun vəzifədən getdikdən sonra həbs olunması ehtimalı yüksəkdir. Ona görə də Makron həbsdən yayınmaq üçün yeganə çıxış yolunun Avropa İttifaqında hansısa yüksək vəzifəyə getmək olduğunu hesab edir. Avropa İttifaqında özünün nüfuzunun olduğunu nümayiş etdirmək cəhdləri də bununla bağlıdır. O, özünü proseslərə daha çox təsir gücü olan siyasətçi kimi sırımağa çalışır”.

Bundan sonra Fransa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinin necə cərəyan edəcəyinə gəlincə, ekspertin sözlərinə görə, soyuqluq, gərginlik inkişaf edəcək. Çünki Fransa anti-Azərbaycan mövqeyindən çəkilmək istəmir. Paris tərəfindən hər hansı yumşalma müşahidə edilmir. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə münasibətlər kəskinləşmə istiqamətində bir az da inkişaf edəcək: “Münasibətlərin daha da gərginləşməsi Fransa-Azərbaycan iqtisadi əlaqələrində mənfi dəyişikliklərə gətirib çıxara bilər. Azərbaycan daxilində də Fransanın vətəndaş cəmiyyəti institutlarına təsir imkanları var. Azərbaycan bu məsələ ilə bağlı müəyyən preventiv tədbirlər görə bilər. Azərbaycan münasibətlərin kəskinləşməsini istəmir. Amma hər şey onu göstərir ki, Fransa həm xaricdə, həm də daxildə Azərbaycana problemlər yaratmağa çalışır. Bütün bunlar da Azərbaycan tərəfindən gözardı edilə bilməz”.

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR