İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və İrəvan görüş yerini Moskvaya dəyişir? - Rusiyanın hərəkətlənməsinin səbəbi

568 15.04.2023 11:00 Gündəm A A

Siyasi analitik: “Rusiya son dövrlər Azərbaycan mövqelərinə yaxınlaşmağa daha çox meyllidir...”

“Azərbaycan və Ermənistan danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verib”. Xəbər verildiyi kimi, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı tərəflərin razılığı var. Bununla belə, Rusiya XİN sözçüsü danışıqların növbəti raundunun tarixini açıqlamayıb. Bildirib ki, vaxt konkretləşən kimi məlumat veriləcək. “Bizim sülh müqaviləsinin hazırlanması ilə bağlı Azərbaycan və Ermənistana hərtərəfli köməyimiz azalmayıb. Tərəfdaşlarımız ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul ediblər. Konkret tədbirlərin tarixi barədə yekun razılıq əldə olunandan sonra məlumat verəcəyik”, - deyə Rusiya XİN sözçüsü əlavə edib. Lakin Zaxarova danışıqların hansı formatda - 3 ölkənin liderləri, yoxsa XİN başçıları səviyyəsində keçiriləcəyini bildirməyib.

Qeyd edək ki, az öncə erməni mənbələri bu ilin mayında Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda görüşəcəkləri barədə məlumat yaymışdı.

Bəs Rusiyanın budəfəki diplomatik fəallığı nə vəd edir: Moskva yenə, sadəcə, prosesə nəzarəti əlində saxlamaq məqsədi güdür, yoxsa gerçəkdən də hansısa irəliləyişin olmasında maraqlıdır - məsələn, sərhədlərin delimitasiyasına real töhfə verməkdə?

Abutalıb Səmədov: “Partiya sədrlərinin hamısı 90-cı illərdə siyasətə  gələnlərdir”

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı danışıqların növbəti raundunun Rusiyada keçirilməsi və tərəflərin buna razılıq verməsi tamamilə təbii qarşılanmalıdır: “Rusiyanın həm prezidenti, həm xarici işlər naziri vasitəçilik təşəbbüsünü heç kimə güzəştə getməyəcəklərini dəfələrlə bəyan ediblər. Azərbaycan danışıqların harada və kimin vasitəçiliyi ilə keçirilməsindən asılı olmayaraq həmişə bu prosesə dəstək verib. Danışıqları pozmaq cəhdləri isə ermənilər tərəfindən dəfələrlə edilib. Ötən ilin sonunda böyük ümidlərlə gözlənilən Brüssel görüşü Nikol Paşinyanın Emanuel Makronu prosesə "calaq" etmək cəhdi nəticəsində pozuldu. Elə həmin günlərdə Moskvada keçirilməsi planlaşdırılan Bayramov-Mirzoyan danışıqları ermənilər tərəfindən pozuldu. Laçın dəhlizində ekologiya fəallarının və QHT təmsilçilərinin keçirdikləri dinc aksiyanı bəhanə edən Ararat Mirzoyan Moskvaya gəlməkdən imtina etdi.

Ermənistan xarici işlər naziri indi bəyan edir ki, əslində o görüş pozulmayıbmış, sadəcə olaraq, “təxirə salınıbmış” və o, Azərbaycan xarici işlər naziri ilə Moskvada görüşməyə hazırdır. Bu məqamda bir sual ortaya çıxır: ötən ilin sonları ilə müqayisədə Laçın dəhlizində vəziyyət dəyişməyibsə, nədən bundan əvvəl nəzərdə tutulan görüşdən imtina edən ermənilər indi danışıqlar aparmağa hazır olduqlarını bildirdilər? Səbəb aydındır. Ermənilər bu addımı atmaqla “əzəli və əbədi hamilərini” fəallaşdırmağa və Rusiyanı öz maraqlarına uyğun “işlətməyə” uğursuz cəhd göstərdilər. Nəticə onların istədiyi kimi deyil, əksinə oldu və Sergey Lavrovun Qarabağ barədə verdiyi bəyanat göstərdi ki, Rusiya son dövrlər Azərbaycanın mövqelərinə yaxınlaşmağa daha çox meyllidir".

A.Səmədov dedi ki, ABŞ-ın son 1 ildə mövqeyini kəskin dəyişdirməsi də erməniləri ümidsiz duruma salıb: “Onlar bir tərəfdən sülh sazişini tezliklə imzalamağa hazır olduqlarını bəyan edirlər, digər tərəfdən, bu prosesi pozmaq, heç olmasa bir az ləngitmək üçün əllərindən gələni edirlər. Ancaq özləri də anlayırlar ki, "əllərindən gələn" o qədər də çox şey deyil və Azərbaycanın şərtləri əsasında “sülh sazişi”nin imzalanmasının qarşısını almaq mümkün olmayacaq. Bu sazişin Moskvada, Vaşinqtonda, yaxud Brüsseldə imzalanması isə o qədər də mühüm əhəmiyyətə malik deyil. Ümid edirik ki, xarici işlər nazirlərinin Moskva görüşü bu istiqamətdə atılan mühüm addım olacaq və danışıqlar sərhədlərin delimitasiyasına real töhfə verməkdən daha ciddi nəticələrlə başa çatacaq".

Xatırladaq ki, 44 günlük müharibədən sonra Əliyev-Putin-Paşinyan formatında Rusiyada indiyədək 3 görüş baş tutub - 11 yanvar (2021) Moskva, 26 noyabr (2021) Soçi və 31 oktyabr (2022) Soçi.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR