İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və İranın uğursuz telefon diplomatiyası

776 14.06.2023 13:30 Siyasət A A

Ekspertlərə görə, Tehranda siyasi qərarları Xarici İşlər Nazirliyi vermir və bu səbəbdən danışıqlarda irəliləyiş də yoxdur

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Tehrandakı səfirliyimizə hücumdan sonra hər iki ölkənin nazirləri arasında yeganə əlaqə vasitəsi telefondur və bir neçə dəfə belə təmas qurublar, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib. 

Məsələn, budəfəki telefon danışığından sonra İranın daxili işlər naziri Əhməd Vahidi Azərbaycan sərhədində ölkəmizə qarşı təhdid və istehzalar səsləndirib.

Azərbaycan Xarici İşlər Nazrliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə təsdiq edib ki, həqiqətən  son vaxtlar Azərbaycanla İran arasında bəzi əlaqələr olub. "Danışıqlar zamanı məlum vəziyyətlə bağlı xarici işlər nazirləri arasında fikir mübadiləsi aparılıb", - Hacızadə qeyd edib.

Ekspertlərə görə, İranda siyasi qərarları Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları - İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu strukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə münasibətləri normallaşdıra bilməyəcək.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, İranın Azərbaycana qarşı heç bir siyasi-diplomatik ərkana uyğun olmayan davranışlarını davam edir: “Səfirliyimizə hücum oldu, əməkdaşımızın ölümü ilə nəticələndi. Həbs edilən terrorçunun aqibəti necə oldu bilmirik. Guya dəlixanaya salıblar. Sizi əmin edirəm ki, bəlkə də o, indi azadlıqdadır və yaxud dəlixanada ona hər cür şərait yaradılıb. O ki qaldı İranın hədə-qorxularına, buna çox da fikir verməməliyik. 1979-cu ildən İranda rejim dəyişəndən bu ölkə hədə-qorxu dili ilə danışır. Amma ortada bir şey yoxdur. İran avtoritar klerikal-militarist dövlətdir. Təbii ki, bu cür quruluşlu ölkələrdə əsas söz sahibi güc strukturları olur. Ordu, kəşfiyyat, polis, xüsusi təyinatlı güc strukturları və s. Hitler Almaniyasında da belə idi, Putin Rusiyasında da belədir, klerikal İranda da eyni vəziyyətdir. Ona görə Azərbaycan da İranın əsl söz sahibləri ilə danışmalıdır. Yəqin ki, Bakı və Tehran arasında bu cür qeyri-rəsmi təmaslar baş verir. Sadəcə, Tehran Bakı ilə münasibətlərin düzəlməsinin sifətini qorumaqla baş verməsini istəyir. Təbii ki, bu olan halda belə Bakının maraqları da nəzərə alınmalıdır”.

Pentaqon generalları İrəvanda: intensivləşən səfərlərin pərdəarxasında  Azərbaycan “izi” - 2 rəy

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, İran tərəfi gec-tez Azərbaycanla hesablaşmaq məcburiyyətində qalacaq: “Dünyada baş verən bütün regional siyasi çəkişmələrin arxasında qlobal iqtisadi savaşlar dayanır. Məsələn, biz İran-Səudiyyə normallaşma prosesini, Səudiyyənin İranda öz səfirliyini bərpa etməsini sünni-şiə barışığı, yaxud hər iki tərəfin Yəməndə atəşkəs elan etməsi və bir sıra ortaq maraqların əldə olunması əslində nəqliyyat marşrutlarının keçdiyi Hörmüz boğazının stabilliyinə  hesablanıb. Dünyanın dəniz yolu ilə neft daşımacılığının 50-60%-i bu boğazdan keçir. Odur ki, burada sülh və sabitlik həm də qlobal enerji və logistika təminatında mühüm rol oynayır. Burada Rusiya-Ukrayna müharibəsi səbəbilə Qərbin Rusiyadan neft idxalını sıfıra endirməsi, bunun əvəzinə İrandan neft idxalını artırması da nəzərə alına bilər. Məsələn, elə bu gün Almaniyanın uzun illərdən sonra ilk dəfə İrandan böyük həcmdə, 70 min metr-ton neft almasını qeyd etmək olar. Müqayisə üçün vurğulayım ki, Avropa İttifaqının (Rumıniya, Polşa və Bolqarıstan vasitəsilə) 2022-ci ildə İrandan neft idxalı ümumilikdə cəmi 4,2 min metr-ton idi.

Eləcə də hazırda İsrail-Azərbaycan yaxınlaşması fonunda İran-Azərbaycan gərginliyini iqtisadi perspektivdən dəyərləndirə bilərik. İran-Azərbaycan gərginliyinin siyasi səbəbləri məlumdur: 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək cənub sərhədlərinə nəzarəti bərpa etməsi, bu proses çərçivəsində İrandan Ermənistana artan dəstəyin əksinə olaraq İsrailin Azərbaycanın yanında yer alması, Azərbaycan-İsrail yaxınlaşması, Azərbaycanın 2023-cü ilin mart ayında İsraildə səfirlik açması, İsraildən silah idxalını 70% artırması, təhlükəsizlik sahəsində əməkdaşlığın İran tərəfindən qıcıqla qarşılanması, İranın Qafanda konsulluq açaraq bölgədə öz varlığını Ermənistan vasitəsilə təsdiqləməyə çalışması və s. Lakin bütün bunların arxasında yenə qlobal iqtisadi maraqlar və layihələr dayanır. Elə İran özü Azərbaycan-Ermənistan yaxınlaşmasından ona görə narahatdır ki, Qərbi Zəngəzur dəhlizinin açılması ilə bölgədə iqtisadi maraq itkisinə məruz qalacaq. Odur ki, Azərbaycanla gərginliyi bir kənara qoyaraq normallaşma və yaxınlaşma əldə edib öz maraqlarına cavab verən Şərqi Zəngəzur dəhlizinin aktivləşməsini, həmçinin Şimal-Cənub dəhlizinin yeganə çatışmayan parçası olan Astara-Rəşt dəmir yolunun fəaliyyətə açılmasının sürətləndirilməsi üçün cəhdlər edir. Rusiya-İran münasibətlərinin genişləndiyi bir vaxtda ikisi arasında bağı gücləndirən və dünyada yeni logistika xidmətləri təklif edən bu dəhlizin ana xəttində yer alan Azərbaycanla hesablaşmaq təbii ki, İran üçün qaçılmazdır. Odur ki, 27 yanvarda Azərbaycan səfirliyinə edilən hücumdan sonra İran XİN 4 dəfə Azərbaycan XİN-lə əlaqə saxlayıb. Danışıqların hər biri müvafiq normallaşma prosesinə xidmət edir. Lakin Azərbaycanla hesablaşarkən şərtlərimizə də əməl etməlidirlər: səfirliyimizə hücumu həyata keçirənlər və əmri verənlər cəzalanmalıdır. Təbii ki, burada söhbət SEPAH-ın mənsublarından gedir. İran bu etirafı qəbul edib, öhdəliyini yerinə yetirərsə, Azərbaycanın daxili işlərinə qarışmaqdan imtina edərsə, İrandakı səfirliyimiz də bərpa edilə bilər, Şimal-Cənub dəhlizi də işə düşə bilər".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu indiki mərhələdə münasibətlərin düzələcəyini ehtimal etmir: “Xarici işlər nazirləri belə demək olarsa, üzərlərinə düşən işi görürlər. Telefon diplomatiyası, hətta görüşlər də ötən müddətdə olub. Amma göründüyü kimi, hər hansı bir ciddi irəliləyiş, yumşalma yoxdur. Azərbaycanın İrandan konkret tələbləri var, eləcə də, Tehranın Bakıya qarşı şərtləri var. Görünən odur ki, Tehran bu tələbləri yerinə yetirməyə hazırlaşmır. Söhbət səfirlik cinayətinin araşdırılması, İranda gizlənən azərbaycanlıların təhvil verilməsi və Zəngəzur dəhlizi mövzusudur. Bunlar, necə deyərlər, görünən səbəblərdir. Eyni zamanda Tehran əsasən İsrail-Azərbaycan dostluğundan narahatlığını vurğulayır. Və buna görə Azərbaycanı təhdid edir, aşkar və ya gizli şəkildə. Azərbaycan isə açıq şəkildə geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Göründüyü kimi, münasibətlər kifayət qədər mürəkkəbdir və yaxında düzəlməsi ehtimalı çox azdır. Amma yox da deyil. Düşünürəm ki, Azərbaycan-İran münasibətlərini qaydaya sala biləcək iki ölkə var, onlar Türkiyə və Rusiyadır. Türkiyə güman ki, tərəf olduğu üçün bu mövzuya çox da dərin müdaxilə etmir.  Rusiya isə daha çox özünü kənarda tutmağa çalışır. Güman ki, ruslar Cənubi Qafqazda bu formatda gərginliyin yüksəlməsində maraqlıdır. Düşünürəm ki, Moskva müəyyən mərhələdən sonra bu gərginliyin yatması üçün cəhdlər edəcək. Lakin indilikdə daha çox müşahidəçi kimi davranmağa üstünlük verirlər. Bəlkə də Cənubi Qafqazda bu formatda gərginlik hazırkı şərtlərdə Moskvanın maraqlarına cavab verir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR