İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Tehrana yeni səfir göndərəcək? - qatil-terrorçunun cəzası nə oldu...

942 02.04.2024 11:33 Siyasət A A

İran səfiri Musəvinin Azərbaycandan getməməsinin səbəbi açıqlandı

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatsa da hələ ki öz fəaliyyətini davam etdirir. Bu barədə səfirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib. “Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin. Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının səfirliyi fəaliyyətini bərpa olanadək öz fəaliyyətini davam etdirəcək”.

Maraqlıdır, niyə məhz Tehrandakı səfirliyimiz bərpa olunanadək? Bu nəyin mesajıdır? 

“Azərbaycanın Tehrandakı səfirliyi tezliklə açılacaq və İranın Azərbaycan Respublikasındakı yeni səfiri tezliklə Bakıya yola düşəcək”.

Bunu isə İranın İRNA agentliyi etibarlı mənbələrə istinadən yayıb. Agentlik qeyd edir ki, İran Xarici İşlər Nazirliyindəki mənbə İranla Azərbaycan arasında münasibətlərdə müsbət dəyişikliklərin olduğunu söyləyib. Mənbə əlavə edib ki, Tehran və Bakı arasında münasibətlərdə daha çox mobillik istiqamətində yaxşı razılaşmalar əldə olunub.

Ümumiyyətlə, son zamanlar bu xüsusda ən çox İran tərəfi nikbin bəyanatlar verir. Görəsən, niyə? Səfirliyimiz tezliklə öz işini bərpa edə bilərmi? Rəsmi Bakı nəyi gözləyir? Terrorçunun edam edilməsinimi? 

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”

Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, İran-Azərbaycan münasibətlərindəki gərginlik bizim Tehrandakı səfirliymizə qarşı terror aktının həyata keçirilməsi, səfirlik əməkdaşının qətlə yetirilməsi ilə nəticələnən hadisədən sonra gərginləşib: “Azərbaycan tərəfi tam haqlı olaraq səfirliyin fəaliyyətini dayandırdı və səfirliyə terror aktının araşdırılması ilə bağlı İran dövləti qarşısında məsələ qaldırdı. İran hökuməti bu hadisənin bütün detallarının araşdırılacağını söz versə də bu günə qədər bəzi vacib detallar hələ aydınlaşdırılmayıb. Əsaslı detallar var ki, bunlara aydınlıq gətirilməsi çox zəruridir. Baxmayaraq ki, terror aktını həyata keçirmiş şəxsin haqqında məhkəmə ağır cəza kəsib, amma səfirliyə qarşı terror hücumunun sifarişinin haradan verildiyi və hansı siyasi motivlərə malik olması ilə bağlı Azərbaycanın cavabını gözlədiyi suallara hələlik cavab verilməyib. Yəni bizi burada maraqlandıran səfirliyimizə hücum edən cinayətkarın asılmasından daha vacib bu hücumun hansı siyasi terror motivləri ilə həyata keçirilməsi və sifarişin haradan gəlməsini aydınlaşdırmaqdır. İran da buna cavab vermir. Ona görə də İran-Azərbaycan münasibətlərinin normallaşması həmin terror aktının arxasındakı qaranlıq məqamların aydınlaşdırılmasına bağlıdır. Nə qədər ki, bu terrorun sifarişçisi rəsmi şəkildə müəyyənləşdirilməyib, İran-Azərbaycan münasibətlərində praktiki normallaşmadan və Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpasından danışmaq çətin olacaq. 

İranın Azərbaycandakı səfiri cənab Seyid Abbas Musavinin isə ötən ilin yayında geri çağırılmasına baxmayaraq hələ də Azərbaycanda fəaliyyət göstərməsinin də xüsusi səbəbləri var. Bu da ondan ibarətdir ki, hər bir dövlətin səfiri fəaliyyət göstərdiyi ölkədə mənsub olduğu dövlətin siyasi kursunu aparır. İran-Azərbaycan münasibətlərinin yeni kursunun dəqiq müəyyənləşməsi baş verməyincə, İranın Azərbaycandakı səfiri yəqin ki, dəyişməyəcək. Çünki hələlik münasibətlərin praktik normallaşmasından danışmaq mümkün deyil. Görsənir ki, İran-Azərbaycan münasibətlərinin yeni mərhələ üçün mahiyyəti aydınlaşanda Azərbaycana yeni İran səfiri də göndəriləcək. Yeni səfir dövlətlərarası münasibətlərin yeni kursu ilə gəlib fəaliyyətə başlayacaq. İndi İran tərəfinin Azərbaycana yeni səfirini hansı kursla göndərəcəyi bəlli deyil. Ona görə ki, Azərbaycanla münasibətlər hələlik normallaşmayıb. Nə qədər ki, Azərbaycan səfirliyinə terror aktı ilə bağlı dediyimiz prinsipial məqamlar aydınlaşmayıb münasibətlərin yeni mərhələsinin xarakteri müəyyənləşməyəcək. Bu da o deməkdir ki, İranın Azərbaycana yeni səfir göndərməsi praktik şəkildə çətindir və mümkünsüzdür".

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - Turkic World

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bildirdi ki, Azərbaycanın Tehrandakı səfirliyimizin fəaliyyətə başlaması ilə bağlı öz tələbləri var. Bu tələblər haqlıdır və uzun müddətdir bəyan edilib. Azərbaycanın prokurorluq orqanlarının istintaq işində iştirakı əsas hədəflərdən idi: “Birgə təhqiqatın aparılması istənilirdi. Lakin terror hücumunu təşkil edən şəxsə layiqli ağır hökmün çıxarılması bir qədər Azərbaycan tərəfini də razı salır. Lakin biz daha təfərrüatı və təfsilatı ilə bu istintaq işi ilə yaxından tanış olmaq istərdik. Digər tərəfdən, fəaliyyəti başa çatan səfir Seyid Abbas Musavi belə görünür ki, iki dövlət arasında münasibətlər normallaşana qədər öz vəzifəsini icra edəcək. Səfirin "BakuTV"-yə müsahibəsi də İranda bir sıra suallar yaratdı. Lakin düşünürəm ki, Azərbaycan səfirliyinin açılması Bakının bütün şərtlərinin icra olunması halında baş tuta bilər. Təbii ki, bu ölkənin ali siyasi rəhbərliyi tərəfindən verilən qərar nəticəsində reallaşacaq. Eyni zamanda İran tərəfi üzərinə ciddi bir öhdəlik götürməlidir ki, bir daha bu cür və buna oxşar hadisə baş verməyəcək. Digər tərəfdən, geopolitik müstəvidə də görürük ki, İran artıq Ermənistanla yaxınlaşmanın və Ermənistanla dostluq münasibətlərinin yanlışlığını anlamağa başlayır. Ermənistan İranın milli maraqlarına qarşı olan addımlar atır. Bu xüsusda İran rəsmilərinin xəbərdarlıqlarını da eşitmişik. Lakin bir maraqlı məqam da var ki, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri, ABŞ dövlət katibi və Ermənistan baş naziri arasında kritik görüş keçiriləcək. Bu görüşdə Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq. Rusiya tərəfi buna regional oyunçu kimi narahatlığını və narazılığını bəyan etsə də İran tərəfindən hər hansı reaksiyanı görmürük. Sanki İran bundan narahat deyil. Ümid edirəm ki, Bakı ilə Tehran arasında tarixi, mədəni, qonşuluq əlaqələri əsasında münasibətlər bərpa olunar. Çünki biz həm də eyni coğrafiyanı bölüşürük, ortaq iqtisadi, kommunikasiya layihələrimiz var. İran bu məsələləri nəzərə almalı və Azərbaycan dövləti ilə uzlaşma xəttində olmalıdır".       

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR