İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı istəmədiyi müharibəyə sürüklənir - gözlər Nyu-Yorkda

3595 16.08.2023 09:15 Gündəm A A

İrəvan son sülh şansını da basdırır; Paşinyan devirdiyi hakimiyyətin kursuna qayıdıb; Ermənistan rəhbəri odla oynayır, danışıqlar sıfırlana bilər...

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları, Azərbaycanla az qala, şərt dilində danışması, o sırada “beynəlxalq mexanizm” altında Bakı-İrəvan dialoqundan və “Qarabağda etnik təmizləmə” təhlükəsindən dəm vurması, ardınca İrəvanın “blokada” bəhanəsi ilə BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciəti Bakı-İrəvan danışıqlarını tam mənasız edə bilər. Bu o deməkdir ki, kapitulyant tərəfin təxribatçı və qlobal aktorları da cəlb eləməklə qurduğu olduqca təhlükəli oyunlar nəticəsində ilin sonuna iki ölkə arasında sülh sənədinin imzalanması qeyri-mümkündür.

Deyəsən, Ermənistan sülhdən çox, daha bir müharibəni uduzmağa tələsir. Azərbaycan Xarici İşlər Nazirliyinin srağagünkü bəyanatı bu xüsusda beynəlxalq birliyə, o sırada onun ABŞ, Avropa Birliyi və Rusiya kimi tərkib hissələrinə regiondakı durumu bir daha xatırlatmaqla yanaşı, İrəvana müharibə xəbərdarlığıdır, ona özünü yığışdırmaq üçün axırıncı şansdır. Eyni zamanda prosesin içində olan qlobal güclərə nə qədər gec deyil, Ermənistanı ağla gətirib düz yola qaytarmaq, onun “ipini yığmaq” üçün çağırışdır.

***

“Bu gün Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi yönündə göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi təhdidlərlə üzləşir”.

Bəyanatdakı bu sitat yeni müharibə üçün darıxan “qaynar erməni başlarına” aydın ismarış olmaqla birgə, ayıldıcı təsir göstərməlidir. Çünki 2-ci Qarabağ savaşı ərəfəsində də onlar bu cür “göylə gedir”, reallıq hissini tam itirərək və konstruktiv danışıqlardan faktiki imtina edərək, “yeni ərazilər uğrunda yeni müharibə” deyirdilər. Nəticə bəlli.

Təsadüfi deyil ki, XİN-in son bəyanatında yeni potensial müharibənin mühüm amillərindən biri kimi məhz 10 noyabr (2020) üçtərəfli  bəyanatın 4-cü bəndinin ziddinə olaraq hələ də Qarabağdan erməni qanunsuz silahlı dəstələrinin çıxarılmaması da göstərilir. Habelə ərazimizdə qanunsuz erməni silahlı qüvvələrinin hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirdiyi bildirilir. Buna paralel, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanmasının müşahidə olunduğu vurğulanır.

Bəyanatda həmçinin qeyd edilir ki, Ermənistanın son hərəkətləri onun Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini, Paşinyanın faktiki öz sələfləri kimi sülh danışıqları imitasiya yolu tutduğunu göstərir və daha bir xəbərdarlıq gəlir: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu özündə saxlayır. Bölgədə davamlı sülhün bərqərar olması üçün yaranmış tarixi imkanın əldən verilməməsini təmin etmək vacibdir”.

Rəsmi Bakı öz prinsipial və legitim mövqeyinin müdafiəsi üçün bütün variantlara hazır olduğu haqda qərar verən paytaxtlara mesaj da çatdırıb. Artıq top bizim meydanda deyil. Onu da vurğulamaq vacibdir ki, analoji faktlar və eyni məzmunlu xəbərdarlıq Azərbaycan Müdafiə Nazirliyinin 14 avqust bəyanatında da əksini tapıb. Qalır nəticəni gözləmək. Bu isə xeyli dərəcədə Nyu-Yorkda BMT TŞ-də bu gün başlayacaq müzakirələrin nəticəsindən bilinəcək. Təbii ki, rəsmi Bakı da öz taktikasına nəticədən asılı düzəliş edəcək və ya etməyəcək...  

*** 

44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr" adlı hesabat təqdim  olundu - 11.10.2021, Sputnik Azərbaycan

“İrəvan "radikal addım" atmağa cəsarət etdi və BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsinin qəbulu proseduruna başlayıb".

Bunu politoloq İlqar Vəlizadə deyib.

Onun fikrincə, Ermənistanın Azərbaycan əleyhinə bu səyləri gözlədiyi nəticəni verməyə bilər: “Güman etmək olar ki, ABŞ və Rusiya öz bitərəfliyini qorumaq və danışıqlar prosesinin tərəflərinə təsir imkanlarını itirməmək, danışıqların fəal moderatorları kimi qalmaq üçün qətnamənin qəbulunu dəstəkləməyəcək. Bunun müqabilində qətnamə yox, xüsusi bəyanat və ya müraciətin qəbulunu təklif edə bilərlər. Azərbaycanla əməkdaşlıq məsələsində xüsusi mövqe tutan Böyük Britaniyanın daha təmkinli mövqedən çıxış edəcəyinə də ümid etmək lazımdır. Amma bütünlüklə İrəvanın tərəfində olan Fransanın qətnamənin qəbulu üçün xüsusi fəallıq göstərəcəyi istisna deyil”.

Politoloq hesab edir ki, hansısa bədnam qətnamə qəbul edilsə, Azərbaycan Vaşinqton və Moskvadakı danışıqlarda iştirakının dayandırılmasına qədər ən radikal qərarlar verə, Brüssel bu şərtlər daxilində yeganə müvafiq platforma kimi qala bilər.

“Prezident İlham Əliyev bundan əvvəl Ermənistanın sülh müqaviləsinə Azərbaycandan daha çox ehtiyacının olduğunu və Azərbaycanın sülh müqaviləsi olmadan da yoluna davam edə biləcəyini bəyan edib. Bu və ya digər şəkildə bəllidir ki, münaqişə tarixinin sonu hələ müəyyənləşməyib və Laçın yolu ətrafında vəziyyətin gərginləşməsi yeni situasiyada ancaq münaqişə gündəmini oyadır”.

***

O halda təbii ki, Ermənistan bunun bədəlinə, yəni qurduğu təhlükəli oyunların bütün nəticələrinə də hazır olsun. Kapitulyant tərəf gərək unutmasın ki, diplomatlar anlaşa bilməyəndə, işə hərbçilər qarışır.

“Ermənistanın son davranışlarından görünən budur ki, Azərbaycanla sülh danışıqlarından imtina edib”.

Bu isə politoloq Məhəmməd Əsədullazadənin qənaətidir.

“Ermənistanın Azərbaycanla bağlı BMT TŞ-yə müraciəti, bu fonda şərti sərhəddə hərbi qüvvə və texnika cəmləşdirməsi Brüssel və Vaşinqton formatlarının üstündən xətt çəkir. Bu, həm də Ermənistanın sülh danışıqlarından imtina etdiyi anlamına gəlir”, - ekspert bildirib.

BMT Təhlükəsizlik Şurasına bu ölkələr də üzv ola bilər

Onun fikrincə, Ermənistan Azərbaycandan Qarabağ erməniləri ilə bağlı BMT Təhlükəsizlik Şurasına “şikayətlər”inə istədiyi cavabı ala bilməyəcək: “İrəvan, sadəcə, Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizmi formalaşdırmağa çalışır. Amma heç kim Ermənistana görə Azərbaycanla əlaqələrini kormalayacaq. Əlbəttə, Fransa kimi Ermənistanın adından danışan istisnalar olacaq. Ermənistanın bu siyasəti, tutduğu yol Cənubi Qafqazda gərginliyi artıracaq. Ermənistan iki istiqamətdə - həm diplomatiya, həm də şərti sərhəddə hücuma keçməyə çalışır. Fransa, Hindistan, İran və müəyyən mənada Rusiya bu prosesdə Ermənistanı dəstəkləyir. Hərbi toqquşma riski var. Ermənistan açıq formada sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. Bu isə ona yaxşı heç nə vəd etmir. Erməni təxribatlarına veriləcək növbəti cavab daha ağır və daha sərt ola bilər”.

Beləcə, sülh tərəfdarı Azərbaycan istəmədiyi müharibəyə sürüklənməkdədir. Havadarları Ermənistanı vaxtında durdurmasa, bunun altını onunla birgə çəkəcəklər...

Siyasət şöbəsi,
“Yeni Müsavat ”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR