İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılar makaron yeməkdə liderdir - rəsmi statistikaya sözardı

4416 16.09.2022 08:00 Yaşam A A

Dövlət Statistika Komitəsinin ötən il üçün açıqladığı ərzaq balansından görünür ki, son illərdə Azərbaycanda bəzi məhsulların istehlakı ilə bağlı ciddi dəyişikliklər baş verir. Məsələn, son iki ildə Azərbaycanda adambaşına düşən makaron istehlakı kəskin artıb.

Belə ki, 2019-cu ildə Azərbaycanda adambaşına 1.6 kiloqram makaron yeyilirdi. 2020-ci ildə bu göstərici 2.2 kiloqrama yüksəlib. Ötən il həmin rəqəm artıq 2.8 kiloqrama çatıb. Beləcə, son iki ildə adambaşına 75 faiz daha çox makaron məmulatı yeyilib. Burada təəccüb doğuran məqam odur ki, makarona olan tələbatın heç yarısını belə Azərbaycan daxili istehsal hesabına təmin edə bilmir. Ötən il Azərbaycanda 13 min 245 ton makaron məmulatı istehsal edilib. Bu, iki il əvvəllə müqayisədə üç dəfədən çox artım deməkdir. Ancaq ötən il daha 16 min ton makaron məmulatı da xaricdən gətirilib. Bu isə o deməkdir ki, ölkənin özünü makaronla təminetmə göstəricisi 47.2 faizdir və yerli istehsal tələbin hətta yarısını ödəyə bilmir. Ötən il əhalinin şəxsi istehlak fonduna daxil makaron məmulatının həcmi 28 min 486 ton olub. Bu göstərici də son iki ildə 13 min ton artıb. Daha 179 ton makaron məmulatı isə heyvan və quş yemi kimi istifadə edilib.

Maraqlıdır, azərbaycanlılar makaron yeməkdə niyə az qala italiyalıları qabaqlamaq istəyirlər? Amma niyə yerli istehsal məhsula olan tələbatın heç yarısını təmin edə bilmir? Daha bir məsələ, makaron yemək orqanizmə ziyandırmı?

Natiq Cəfərli: “Azərbaycanda qiymət artımı getdikcə sürətlənəcək” – Qərb  Xəbər

Natiq Cəfərli: “Bu, sırf iqtisadi və sosial vəziyyətin göstəricisidir”

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Azərbaycanda makaron istehlakının artmasının əsas səbəblərindən biri ərzaq məhsullarının bahalaşması fonunda daha ucuz ərzaq məhsullarına əhalinin yönəlməsi məcburiyyətidir. Yəni makaron məmulatları digər ərzaq məhsullarına nisbətən daha ucuzdur, amma kalori olaraq insanın tələbatını ödəməyə qadirdir deyə, daha bahalı ərzaq məhsullarından daha ucuz ərzaq məhsullarına keçid baş verir.  Bu, əslində insanların, Azərbaycan vətəndaşlarının alıcılıq  qabiliyyətinin aşağı düşməsindən xəbər verir. Çünki daha bahalı kalori mənbələrinə çıxış azaldıqca, imkanlar məhdudlaşdıqca, kalorisi daha ucuz məhsullara üstünlük verilir. Yəni bu, nə bizim vərdişlərlə, nə də ağız dadımızla bağlı deyil. Bu, sırf iqtisadi, sosial vəziyyətin göstəricisidir.

O ki qaldı yerli istehsala, makaron məhsullarının yerli istehsal olması problem deyil. Yəni bu, ən bəsit istehsal sahələrindən biridir. Amma onun xammalı zatən xaricdən gətirilir. Makaron istehsalı üçün lazım olan un və yaxud buğdanın Azərbaycanın özündə istehsalı  demək olar ki, çox aşağı səviyyədədir. Məsələn, biz özümüzü yalnız 25 faiz əmtəəlik buğda ilə təmin edirik. Bəzi makaron məhsulu növləri var ki, onun istehsalında daha keyfiyyətli un istifadə olunmalıdır. Daha keyfiyyətli un isə daha keyfiyyətli buğdadan  alınmalıdır. Buğdanın qiymətinin qalxması, Azərbaycanın özünün  təminatında problemlərin olması onu deməyə əsas verir ki, yerli istehsal adı altında satılan məhsulların da xammalı daha çox xaricdən gətirilən buğdadan hazırlanır. Əsas məsələ budur ki, yerli istehsalın artması üçün yerli buğdanın daha çox istehsala, istifadəyə yararlı olmasına ehtiyac var". 

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov: “Bəzi makaron məhsulları orqanizmə ziyandır”

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov makaron məmulatının insan orqanizminə ziyanı haqqında danışıb:  “Təbii ki, makaron un məmulatlarına daxildir. Hər birimizə məlumdur ki, un məhsullarının insan orqanizminə zərərli tərəfli var, xüsusən də çəkini artıran məhsullardan hesab olunur, burada xüsusən də ağ undan söhbət gedir. İkinci bir tərəfdən, makaron məhsullarının hazırlanmasında müxtəlif inqrigentlərdən istifadə olunur. Bəzən isə rəngləyicilərdən istifadə olunaraq hazırlanan makaronlar var. Təbii ki, bura müəyyən dadlandırıcılar da əlavə olunur. Bütün bunların orqanizmə təsiri olmamış deyil. Əlbəttə, bu məmulatın hansı ölkə, necə istehsal olunduğu, istehsal prosesinin necə aparılması, inqrigentlərin tərkibinin necəliyi və sairə, bütün bunlardan çıxış edərək, müxtəlif  versiyalar irəli sürmək olar”.

WhatsApp Image 2022-09-16 at 20.32.44.jpeg (45 KB)

Tanınmış diyetoloq Leyla Zülfüqarlı isə dedi ki, doyumlu olmaq üçün daha çox makarona üstünlük verilir: "Daha bir məsələ, insanların həyat tərzi çox sürətli olub. Yəni yemək hazırlamağa vaxt qalmadığından tez və rahat olan “tezbazar” makaron bişirirlər. Digər yeməklərin mütləq yanında hansısa əlavələr olmalıdır, amma makaronu süzüb yemək olur. Həm də qeyd etdiyim kimi, makaron qiymət baxımından çox sərfəlidir. İnsanlar  makaron yeməyinə sosial problemlərin öhdəsindən gələ biləcək ən ideal yemək kimi baxırlar. Bir müddət əvvəl “kartof yeməklərindən az istifadə edin” deyə çağırışlar edirdim. Yaxşı haldır ki, artıq kartof yeməkləri azaldılmağa başlayıb, lakin artıq onun yerini makaron tutub.Ən zərərli makaron isə rollton makaronlarıdır. Ümumiyyətlə, rolltonların təmiz makaron deyil, tərkibində müxtəlif əlavələr olan, hazır paketlənmiş, yarımfabrikat məhsuldur. Onun stlabizator və rəngləyiciləri bir başqa bəladır. Hamıya məlumdur ki, bu cür makaronu daha çox yeniyetmələr və gənclər sevir. Ona görə də yeniyetmələrdə aqressiyanın, hormonal problemlərin artması, sağlamlıqlarında problemlər yaşamaqları təsadüfi deyil".

Leyla Zülfüqarlı makaron məhsulunun çəki artımına səbəb olub-olmamasında da söz açıb: “Monika Belluçiyə sual veriblər ki, "bu yaşda necə hələ də formada qalmısınız, qamətiniz gözəlliyini itirməyib?" Cavab verib ki,  “həmişə makaron yeyirəm”. Əlbəttə ki, burada söhbət İtaliya makaronundan gedir. İtaliyada makaron sərt buğda növündən hazırlanır, hansı ki, orqanizmdə gec sovrulur. Ona görə insanı uzun müddət tox saxlaya bilir və uzun intervaldan sonra insan acır. Amma bizdəki makaron başqadır. İkincisi, makaron yeməyinin ölçüsü önəmlidir, italyanlar buna diqqət edir. Üçüncüsü,  onun yanında metabolizma edən məhsullar, məsələn, sirkədən istifadə məsələsi var. Tövsiyə edərdim ki, ayda ən çox iki dəfə makarondan istifadə olunsun".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR