İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Türkiyə “saatları tutuşdurdu”

1071 12.06.2024 12:48 Siyasət A A

Prezident İlham Əliyevin səfərini zəruri və əhəmiyyətli edən səbəblər açıqlandı

İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü keçirilib. 

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar. 

Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Bakı-Tiflis-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulandı.

Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət edib.

Dəvət Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən məmnunluqla qəbul olunub.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin Türkiyəyə səfəri regionda, dünyada hazırkı geosiyasi vəziyyətdə iki qardaş ölkə arasında koordinasiyalı siyasətin aparılması və digər aktual məsələlər baxımından xüsusi əhəmiyyətli səfər hesab olunur. 

Hikmət Babaoğlu: Azərbaycan olduqca mürəkkəb tarixi mərhələdə mühüm bir  beynəlxalq tədbirə ev sahibliyi etdi - AZƏRTAC

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu bu barədə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri həm tarixi, təbii müttəfiqlik münasibətləridir, həm də bugünlərdə növbəti ildönümünü qeyd edəcəyimiz 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsindən sonra dərin strateji müttəfiqlik münasibətləridir. Bu, qarşılıqlı öhdəçilik, qarşılıqlı məsləhətləşmələr, qarşılqılı sinxron hərəkətləri zəruri edir. Ona görə də olduqca dinamik və gərgin beynəlxalq münasibətlər sistemində hər zaman iki qardaş ölkənin prezidentlərinin görüşməsinə zərurət var: “Çünki nəticə etibarilə Türkiyə-Azərbaycan münasibətləri canlı, reflektiv münasibətlər kimi səciyyələndirilə bilər. Bu isə ortaq milli mənafelərimiz və ortaq təhlükəsizliyimiz baxımından ortaq qərarların qəbul edilməsini, ortaq sinxron hərəkət etməni zəruri edir. Ona görə də biz diqqət yetirsək görəcəyik ki, hazırda dünya siyasətində yeni bir səhifəyə doğru xüsusi bir istiqamət var. Bu, Yaxın Şərqdə baş verən gərginlik, Avropada həyata keçirilən seçkilər və onların nəticələri və regionumuza dünyanın marağı kontekstində bir qədər də aktuallaşır. Nəzərə almaq lazımdır ki, son günlər diplomatik trafik, kommunikasiya olduqca intensivdir. Qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə gün bundan əvvəl Çində, sonra Rusiyada oldu, Putinlə, Təhlükəsizlik Şurasının katibi ilə, xarici işlər nazirləri ilə görüşdü və NATO xarici işlər nazirlərinin görüşündə iştirak etdi. Eyni zamanda Azərbaycan Prezidentinin Misirə səfəri qardaş türkdilli ölkələrin prezidentlərinin son dövrlər Azərbaycana tez-tez səfər etməsi kontekstində Türkiyə-Azərbaycan münasibətlərinin nəzərdən keçirilməsi vacib və aktual bir məsələ kimi gündəmə gəlir. Əslində düşünürəm ki, bu, heç kəsi təəccübləndirməməlidir. Ona görə ki, Türkiyə və Azərbaycan regionda yaranan yeni reallıqların müəllifləridir”.

Deputatın sözlərinə görə, şübhəsiz bundan sonra Yaxın Şərqdən, Şimali Afrikadan başlamış Orta Asiyaya qədər, Çindən başlamış Avropaya qədər uzanan böyük bir coğrafiyada hər iki ölkə ortaq bir kommunikasiya landşaftı inşa etməkdədir ki, bu da növbəti iqtisadi, enerji inteqrasiyası baxımından mühüm əhəmiyyətlidir: “Buna görə də mən düşünürəm ki, Azərbaycan Prezidentinin qardaş ölkəyə səfər etməsi və qardaş ölkənin Prezidenti ilə görüşməsi həm də Azərbaycanın və Türkiyənin ortaq maraqları kontekstində, önümüzdəki mərhələdə Zəngəzur dəhlizindən keçən kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması kontekstində xüsusi əhəmiyyət kəsb edir”.   

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan Prezident İlham Əliyevlə  Ərdoğan arasında görüşdən əlavə həmin gün iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar, eyni zamanda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla fikir mübadiləsi aparıb. Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb: “Bölgəyə və bölgədən keçən layihələrə maraq göstərən böyük oyunçular var və bu oyunçuların maraqları heç də hər zaman üst-üstə düşmür. Belə vəziyyətdə Şuşa bəyannaməsi ilə strateji müttəfiqlikləri sənəddə əks olunan Azərbaycanla Türkiyənin saatlarının əqrəblərini tutuşdurmalarına ehtiyac var”.

İran israrla qırmızı xətti keçməyə çalışır” - Tofiq Abbasov - Infoteka.az

 Tofiq Abbasov

Politoloq Tofiq Abbasov isə moderator.az-a bildirib ki, Azərbaycan-Türkiyə prezidentlərinin mütəmadi görüşü regional təhlükəsizlik baxımından vacibdir.

T.Abbasov qeyd edib ki, hər zaman olduğu kimi bu gün də Azərbaycan və Türkiyəni parçalamaq istəyən qüvvələr var: “Tarixən həm Azərbaycan, həm də Türkiyəni parçalamaq istəyən, bu dövlətlərin daxilində gərginliklər, qarşıdurmalar yaratmaq istəyən böyük güclər olub. Bu güclər bu gün də mövcuddur. Hansı ki, bu qüvvələr Vətən müharibəsi vaxtı da Qarabağın işğalda qalmasına, Azərbaycanın məğlub olmasına çalışırdılar. Lakin həm Azərbaycan, həm də Türkiyə sübut etdi ki, onları parçalamaq, məhv etmək mümkün deyil. Bu gün bütün regionun təhlükəsizliyi və tərəqqisi Azərbaycan və Türkiyədən, bu iki qardaş ölkənin birgə əməkdaşlığından asılıdır”.

Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə prezidentləri, habelə bu dövlətlərin hökumət təmsilçiləri arasında  keçirilən silsilə görüşlər, Bakı və Ankaranın birgə əməkdaşlıqda, koordinasiyalı fəaliyyətdə son dərəcə maraqlı olduğunu göstərir.

Bu baxımdan, Prezident İlham Əliyevin Türkiyə səfərinin iki dövlət arasındakı münasibətlərlə yanaşı, regional təhlükəsizlik və inkişafa da böyük töhfə verəcəyi birmənalıdır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR