İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ürəyinə dəyən səfir(ölkə)lər

2117 28.08.2022 09:45 Yazarlar A A

Yaxud Yardımlıya ot biçməyə gedən diplomat Şuşa səfərinə niyə vaxt tapmır?

İndi görürsünüzmü Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru hansı şəraitdə azad edib? Bir çoxları ölkəmizə qarşı sərt beynəlxalq təzyiqləri, ayrı-ayrı paytaxtların açıq-gizli şəkildə Ermənistanın, həmçinin erməni separatçı-terrorçu rejimin arxasında dayanmasını nəzərə almadan “niyə Azərbaycan ordusu Xankəndiyə girmədi” sualını təkrarlayırlar. Baxın, 30 il ərzində guya Qarabağ məsələsinin həlli ilə məşğul olan ABŞ və Fransa öz səfirlərini (Li Litzenberqer və Zakari Qross-E.P.) iki ildir ordumuzun azad etdiyi Şuşaya belə, göndərmirlər - ermənilərə heç bir dəxli olmayan şəhərimizə. Görün Xankəndiyə daxil olsaydıq, hansı basqılarla üz-üzə qalardıq.

Xatırlatmaqda fayda var: 1992-ci ildə Elçibəy hakimiyyəti zamanında, cəmi 1 ildir müstəqillik qazanmış Azərbaycana - Qərbə inteqrasiya tərəfdarı olan, Avropa dəyərlərini birmənalı şəkildə önə çəkən, Rusiyaya, İrana münasibəti hər kəsə bəlli olan prezidentin ölkəsinə - sanksiya tətbiq edən ABŞ bu addımı niyə atmışdı: Azərbaycan ordusu Ağdərə şəhərini erməni quldurlardan təmizlədiyi üçün!

Sonra da ABŞ, Fransa və Rusiya dedilər ki, kimsə yaxına gəlməsin, Qarabağ məsələsini özümüz həll edəcəyik. Etdilərmi? Əslində, ermənilərin istəyinə uyğun həll etmək üçün çox çalışdılar. Moldova, Gürcüstan, Ukraynadakı separatçılarla bağlı Rusiya ilə toqquşan ABŞ və Fransa erməni separatçı-terrorçularına münasibətdə həmrəy oldular, utanc gətirən faktdır, əslində! Terrrorçu və separatçıları da çeşidlədilər 21-ci əsrdə!

2019-cu ilin martında Azərbaycan Prezidentinə öz etimadnaməsini təqdim edən ABŞ səfiri Earl Litzenberger Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdi. Nədir, “bağda ərik var idi, salamməleyk var idi” - misalıdır? Əfqanıstan məsələsi bitdi, normal münasibətlər də arxa plana keçdi? Yoxsa ABŞ üçün prioritet erməniçilik məsələsidir?

Şuşanın Azərbaycan xalqı və dövləti üçün vazkeçilməz olduğunu 30 il dönəmində hər kəs bildi. O dönəmdə Dağlıq Qarabağ və ətraf rayonlar müzakirəsi aparılarkən hər zaman deyildi ki, “Şuşa Azərbaycanın ürəyidir, Şuşasız Azərbaycan yoxdur!” ABŞ və ya Fransa dövləti, yaxud səfirləri Şuşaya təşkil olunan səfərdən imtina etməklə Azərbaycanın ürəyinə dəyiblər! Azərbaycan xalqının qəlbinə toxunublar, özü də bir dəfə yox! Bundan əvvəl də Şuşaya səfər dəvətləri olmuşdu, imtina etmişdilər, ABŞ səfirliyindən deyilmişdi ki, “səfirimizin cədvəlinin təfərrüatlarını şərh etmirik”. Bu nə cavab? Təmsil olunduğun dövlət səni sayır, tarixi qələbəsinə şahidlik etməyin üçün dəvət yollayır, saymazlıq edirsən, nə cədvəl, nə təfərrüat?! Təbii ki, bu suallar yalnız səfirliyə ünvanlanmır, çünki səfirlər paytaxtlarına tabedir, Vaşinqton və Parisdən “get” deyilsə, çoxdan səsləri Şuşadan gələrdi. Demirlər, çünki...

Artıq heç nəyi gizlətməyin mənası qalmayıb. Necə ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin mövqeyini, münasibəti açıq şəkildə bəyan etdi.

Sitat: “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.

Bəli, Azərbaycan xalqının ömründən 30 il oğurlayanlar təkcə erməni işğalçıları, terrorçuları, separatçıları deyil, həm də onların havadarlarıdır! 44 günlük müharibə günlərində nə oyunlardan çıxdığını gördük, hər yola əl atdılar ki, Azərbaycanın zəfərinin qarşısını alsınlar. Hətta məsələni BMT Təhlükəsizlik Şurası səviyyəsində qaldırmaq istəyirdilər. Müharibədən sonrakı dönəmdə də Minsk Qrupunu xortlatmaqdan ötrü yüz yola əl atdılar. Azərbaycanın rəhbərliyi bəyan edir ki, Qarabağ münaqişəsi tarixdə qalıb, Azərbaycan məsələyə son qoyub, hətta Rusiya belə, real vəziyyəti anladı bir müddət sonra, Rusiyanın Bakıdakı səfiri də Şuşaya səfər etdi, Lavrov səviyyəsində bildirildi ki, bundan sonra Minsk Qrupunun fəaliyyəti mümkünsüzdür. Amma ABŞ və Fransa deyir yox e, biz deyən olmalıdır. Müharibə iki ilə yaxındır qurtarıb, amma postmüharibə dövründə Fransa bir, ABŞ isə iki həmsədr təyin eləyib. Əcaib deyilmi? Biz bunları ciddi dövlət sayırıq, niyə qeyri-ciddi davranırlar?!

Azərbaycan Prezidenti son dəfə iyunun 30-da bu haqda sözünü dedi:

“Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq”. Adama, ölkəyə sözü neçə dəfə deyərlər?!

Bəzi “qərb aşiqləri” yenə də hərəkətə keçiblər, qrantları “halal” etmək üçün ABŞ və Fransanı Azərbaycan dövlətindən müdafiə edirlər öz aləmlərində. Əslində ayıb işdir. Şuşada keçirilən mühüm tədbirdən imtina sıradan məsələ deyil. Bu, kiminsə toyu deyil ki, nəmər yollayasan, yaxud getməyəsən. Tədbirdə 180-dək diplomat, hərbi attaşe, nümayəndələr iştirak edib, ABŞ və Fransa isə bircə təmsilçi belə göndərməyiblər. Necə olur Fransanın səfiri Yardımlının Hamarkənd kəndində ot biçməyə vaxt tapır, amma dövlətimizin Şuşa səfərində iştirak etməyə zamanı olmur?

Yaxud ABŞ səfiri Bakıda yoxdursa, anladıq, səfirlikdə də kimsə yox idi? Bu səfirlər Ağdama, Gəncəyə gediblər, erməni vandalizminin “əl işlərini” şəxsən görüblər, sonradan ciddi bəyanatlarını eşitməsək də, hər halda səfərlərini təqdir etmişik. Şuşa səfərindən isə azı iki dəfə - keçən ilin iyulunda və bu ilin avqustunda – imtina etmələri qəbulolunmazdır! Bəli, bu, sıradan səfər məsələsi deyil.

Diplomatlarını Şuşaya göndərməkdən imtina edən ölkələr məntiqlə Şuşanın Azərbaycan ərazisi olmasına da şübhə ilə yanaşdığını nümayiş etdirir. İndi aydın olur ki, BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü səsə qoyularkən həmsdər ölkələr niyə “bitərəf” qalmışdılar, Şuşasız Azərbaycan görmək istəyirmişlər. Arzuları çin olmadı, odur ki, qələbəmizi sinirə bilmirlər, qəzəblidirlər. Məhz bu səbəbdən erməniləri qıcıqlandırmamaq, Los-Ancels, Marsel ermənilərinin səsindən məhrum olmamaq üçün diplomatlarını Şuşaya göndərmək istəmirlər. BMT-nin Bakıdakı təmsilçisi Şuşaya səfər etmişdi bir neçə ay əvvəl, Ermənistandakı BMT təmsilçisini “məşhər ayağı”na çəkirdilər. Əlbəttə, 4 qətnaməni ayaq altına atan, beynəlxalq hüququ saya salmayan, əvəzində sanksiyalar görməkdənsə, milyardlarla maliyyə dəstəyi alan işğalçı ölkə belə edərdi. Hələ bu nədir ki? ABŞ Konqresində 2023-cü ildə Qarabağdakı separatçılara 2 milyardlıq maliyyə dəstəyi ilə bağlı tədarük başlayıb! Nonsesdir! Adını da “humanitar dəstək” qoyublar. Ermənilər üçün yol çəkən Azərbaycan, ABŞ pulu separatçılara, terrorçulara ayırır. Ordumuz Sarıbaba yüksəkliyini azad etdikdən sonra bu ərazilərdə 1000-dən çox mina aşkarladı. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar!!! ABŞ, Fransa...Ermənistana, Xankəndi separatçılarına maliyyə ayırır, onlar da Azərbaycanın ayağının altına minalar düzürlər. Bir az əvvəl ikisi Laçında partladı, iki əsgərimiz ayağını itirdi! Düşmənçilik deyilmi?!

Bu ilin 27 mayında Paris şəhərinin meri Ann İdalqon Azərbaycan ərazisinə qanunsuz daxil olaraq, Xankəndidə qondarma qurumun nümayəndəsi ilə görüşmüşdü və Bakı Parisə nota vermişdi. “Ermənistan bacımızdır” deyən ölkənin Şuşaya münasibəti təəccüblü deyil. Amma sonsuzadək belə davam edə bilməz!

Azərbaycan “Qisas” əməliyyatı keçirəndən, erməni terrorçularına dərs verəndən sonra Bakıya zəng zəng ardınca edilirdi. Laçın zəfərimizdən sonra “quyuya daş atılıb”. Biz Vaşinqton və Parisdən Laçının azad olunması ilə bağlı təbrik gözləmirdik təbii ki...Onların planı beləydi ki, uzağı 5 rayon azad edilsin, Kəlbəcər və Laçın da gələcəkdə “həllini tapsın”, yəni həll olunmasın, unudulsun, “Dağlıq Qarabağ” da Şuşa qarışıq ermənilərdə qalsın...Bütün planları çilikləndi.

Bundan sonra yəqin ki, ABŞ və Fransa səfirlərinə Şuşa dəvəti edilməyəcək. Minnətlləri olsun. Gün gələcək özləri müraciət edəcəklər portala düşməkdən ötrü...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR