İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Mehridəki əmlakını kim dağıtdı, Nikol?

1115 14.05.2022 10:20 Yazarlar A A

Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü Düşənbədə baş tutdu, bəzi anlaşmaların əldə olunması barədə açıqlamalar verildi. Amma 2020-ci ilin 10 noyabrından, yəni Ermənistan kapitulyasiya aktını imzalayaraq, üzərinə öhdəliklər götürdükdən sonra keçirilən görüşlərin, əldə olunan razılaşmaların sayına diqqət etsək, görərik ki, erməni tərəf özü barəsində formalaşmış imici dəyişmək niyyətində deyil: “Sözü ilə əməli düz gəlməyənlər”. 

Rəsmi İrəvan hətta Rusiyanın marağında olduğu məsələ, kommunikasiyaların açılması haqda anlaşmadan da imtina etmək üçün müxtəlif bəhanələr uydurub ötən 19 ayda. Zəngəzur dəhlizinin Rusiya üçün də vacib əhəmiyyət kəsb etdiyi məlumdur, amma erməni tərəf məsələni o həddə çatdırdı ki, Azərbaycan İranla alternativ dəhliz layihəsi barədə anlaşma imzalamalı oldu.

Xatırladaq ki, Paşinyan əsas hissəsi Naxçıvan Muxtar Respublikasının ərazisindən keçəcək Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün on nəfərlik işçi qrupun yaradılması barədə bu ilin yanvarında qərar verib. Ermənistanın İrandakı sabiq səfiri, hazırda Baş nazirin köməkçisi olan Artaşes Tumanyanın rəhbərlik etdiyi İşçi qrup “işləyirik” görüntüsü yaradır hələlik, ortada iş yox... Ermənilər hələ də anlamaq istəmirlər ki, Zəngəzur dəhlizi onların dalandan çıxarılması və normal həyata qayıtmaları üçün müstəsna əhəmiyyət kəsb edir.

Əlahəzrət fakt ortada. Bu günlərdə “Azadlıq” Radiosunun erməni bürosu faktiki olaraq Ermənistanı ifşa edən, erməni vandalizmini bütün dünyanın diqqətinə çatdıran bir reportaj yayımlayıb. Reportaj Mehridən keçən dəmir yolunun darmadağınına həsr olunub. Düzdür, bütün bunlarla bağlı ümumi məlumatlar əvvəldən də var idi, amma  reportajda ermənilər özləri-özlərini ifşa ediblər. Təsdiqləyiblər ki, işğal illərində təkcə Qarabağla kifayətlənməyiblər, yalnız Ermənistandakı tarixi aidələrimizi, soydaşlarımızın yurdlarını yox, həm də Azərbaycana məxsus dəmir yolu mülkiyyətini məhv ediblər!

Arman Davityan adlı dəmiryolçu deyib ki, Mehri stansiyası bir qədər yaxşı vəziyyətdə qalsa da, qalan stansiyalar demək olar ki, tamamilə dağıdılıb. Ermənistanın nəqliyyat naziri işləmiş Henrik Koçinyanın dediklərindən aydın olub ki, bura 1-ci Qarabağ müharibəsində və atəşkəs dövründə ermənilər üçün vacib marşrut olub. Belə ki, blokada zamanı Xankəndiyədək silah-sursat, mazut və digər məhsullar bu yolla daşınıb. Amma ermənilərin “xilas yolu” da darmadağın edilib. Düzdür, ermənilər iddia edir ki, söküntü Rusiya ilə Ermənistan arasında dəmiryollarının Moskvanın himayəsinə verilməsi haqda sazişdən sonra başlayıb, açması budur: xətti ruslar kəsib-doğrayıb. Hətta 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Mehri-Qafan dəmiryol xəttinin sökülüb satılması ilə bağlı dövlət əmlakının talanması maddəsi üzrə cinayət işi başlanıb.

Amma beləydisə, ermənilər niyə öz maraqları naminə “rus planı”na qarşı çıxmayıb? Sadəcə, mahiyyətləri budur: sökmək, dağıtmaq, talamaq... Qarabağı da özününkü bilirdilər, amma daşı daş üstə qoymamışdılar, yer üzündən silmişdilər şəhər və kəndlərimizi...

Ermənistanla Azərbaycan arasında mövcud olan Dilican Qazax istiqamətindəki dəmir yolu hələ 1989-cu ildən tam şəkildə fəaliyyətini dayandırmışdı və relslər sökülüb dağıdılmışdı. Ermənistanın cənubundan keçən Mincivan -Mehri-Culfa dəmir yolu da 90-cı illərdən qapadılmışdı. Ermənilər həm də ona görə bu yolu məhv ediblər ki, o SSRİ dövründə də Azərbaycanın əmlakı olub. 2019-cu ildə Azərbaycan Dəmir Yolları QSC-dən sorğumuza verilən cavabı xatırladaq: “Horadiz-Ordubad sahəsində yerləşən dəmir yolu və onun infrastrukturu, o cümlədən Ermənistan Respublikası ərazisindən keçən 43,4 km dəmir yolu xətti Sovet İttifaqı dövründə Azərbaycan Dəmir Yollarının balansında olmuşdur”.

Deməli, Azərbaycanın balansında olan 43,4 km-lik dəmir yoluna dəymiş zərərin də hesabı verilməlidir, yüz milyardlarla dollarlıq zərərin içərisində. İlkin hesablamalara görə, 13 milyona yaxın ziyan vurulub. Amma indiki qiymətlər xərclərin daha çox olacağını deməyə əsas verir.

13 fevral 2008-ci ildən “Ermənistan dəmir yolları” MMC 100 faiz Rusiyaya dəmir yollarının törəmə qolu olan Cənubi Qafqaz dəmiryolları ASC-nin balansına verilib. Rusiya da guya öhdəliklər götürüb, keyfiyyət və sairlə bağlı. İndi Nikol Paşinyan cürət edib deyə bilərmi ki, Azərbaycanın Mehridəki əmlakını ruslar doğrayıb, satıb? Çətin. Özü də qarşıda Moskva səfəri var. Bir ayda ikinci dəfə çağırdılar, qulağına pıçıldamağa...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR