İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ən yoxsul rayonları - niyə məhz Lənkəran və Tovuz?

6715 16.01.2023 18:30 Sosial A A

Ekspert: “Ola bilsin, hökumət bu rayonlarda daha çox adama yardım verilməsini tapşırıb”

Bu günlərdə Azərbaycan cəmiyyətinin müzakirə etdiyi mövzulardan biri ünvanlı sosial yardım alan ailələrin sayına görə iki kifayət qədər varlı hesab edilən rayonun lider olmasıdır. Beləki, rəsmi məlumata əsasən, Lənkəran və Tovuz rayonlarında ölkə üzrə məcburi köçkünlərdən daha çox ailə ünvanlı dövlət sosial yardımı alır. Lənkəran rayonunda gəlirləri yoxsulluq səviyyəsindən aşağı olan 3285, Tovuz rayonunda isə 3239 ailə ünvanlı dövlət sosial yardımı alır.

f723c502-9b78-3ca6-8146-1d63384f69e3_850.jpg (122 KB)

Erməni işğalından azad edilən rayonlarda ailələrin sayı ilə bağlı oxşar məlumat yoxdur. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən "Turan"ın sorğusuna cavab olaraq bildirilib ki, ünvanlı dövlət sosial yardımı ailənin faktiki ünvanına görə müəyyən edilir. “Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailənin maddi vəziyyətinin yoxlanılması faktiki yaşadığı ünvanda aparılır. Bu səbəblə ünvanlı dövlət sosial yardımı haqqında qanuna uyğun olaraq müraciət edən təmsilçi şəxslər elektron formada ərizə-bəyannaməni doldurarkən faktiki yaşadığı ünvanı qeyd etməlidir. Ünvanlı dövlət sosial yardımı sahəsində şəffaflığın qorunması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında ünvanlı dövlət sosial yardımı alanların siyahısı açıqlanıb. Həmin siyahıda Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Şuşa, Xankəndi, Xocalı, Xocavənd rayonları üzrə məlumatların olmamasının səbəbi həmin rayonlarda faktiki yaşayışın olmamasıdır. Belə ki, həmin rayonlar üzrə qeydiyyatda olan şəxslər digər şəhər və rayonlarda məskunlaşıb. Yuxarıda da qeyd etdiyimiz kimi vətəndaşlar yardıma müraciət edərkən faktiki yaşadığı ünvanı qeyd edirlər. Həmçinin qeyd edək ki, statistik məlumatlara əsasən, qeydiyyat ünvanları yuxarıda adları sadalanan rayonlar olan və ünvanlı dövlət sosial yardımı ailələrin sayı 3000-dən çoxdur”.

“Turan”ın məlumatına görə, bu il yanvarın 11-nə Azərbaycanda hər ailə üzvünə aylıq gəliri 200 manatdan az olan 59 520 ailəyə ünvanlı dövlət sosial yardımı almaq hüququ verilib. İctimaiyyətə açıq olan reyestrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsindən bu maddi yardımı alan ailə üzvlərinin sayı barədə məlumat vermir. Reyestrə əsasən, Bakı şəhərinin 12 rayonu üzrə 11 947 ailəyə ünvanlı dövlət sosial yardımı verilir. Yoxsulluğun ən xarakterik aşağı səviyyəsi Balakən (37 ailə), Oğuz (99), Qax (76), Qobustan (26), Xızı (40), Zərdab (40) rayonlarında və Naftalan şəhərində (83) qeydə alınıb. 

Balaken,_Azerbaijan.jpg (608 KB)

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı 12 ay müddətinə təyin edilir. 2023-cü ilin yanvar ayından ünvanlı dövlət sosial yardımı almaq üçün ehtiyac meyarı yaşayış minimumuna - 246 manata bərabərləşdirilib. Hökumət bu il bir ailəyə düşən bu yardımın orta məbləğinin 36% artaraq ayda 535 manat təşkil edəcəyini gözləyir. 

Ünvanlı yardım  alanların Lənkəran və Tovuzda daha çox olması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Böyük əksəriyyət hər iki rayonun sərhəd bölgəsində yerləşdiyini, İran və Gürcüstanla ticarətdən gəlir əldə edildiyini, buna görə də ölkənin kifayət qədər varlı rayonlarından hesab olunduğunu bildirir, açıqlanan rəqəmlərə təəccüblənirlər. Bir çoxları iddia edir ki, bu rayonlarda rüşvət hesabına ünvanlı yardım alanlar çoxdur. Başqa bir qisim hər iki rayonda əhalinin savadlılıq səviyyəsinin yüksək olduğu üçün dövlətin yaratdığı imkanlardan bəhrələnənlərin sayının çox olduğunu qeyd edirlər.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsindən özünü maliyyələşdirə bilməyən rayonlara ayrılan dotasiya kəskin azaldılıb. Belə ki, bu il mərkəzləşdirilmiş xərclərdən rayonlara ayrılan vəsait 2022-ci ildəkinə nisbətən 3,2 dəfə azalaraq 39,9 milyon manatdan 12,3 milyon manata düşüb. Dotasiya alan rayonların sayı isə 14-dən 8-ə endirilib. Yerli gəlirləri xərclərini qarşılamadığı bildirilən və bu il büdcədən dotasiya alacaq rayonlar Cəbrail – 1 521 000 manat, Kəlbəcər – 2 347 000 manat, Laçın – 1 797 000 manat, Lerik – 1 161 000 manat, Xocalı – 1 168 000 manat, Xocavənd – 1 367 000 manat, Yardımlı – 2184 000 manat və Zəngilan – 761 000 manatdır. Göründüyü kimi, Tovuz və Lənkəranın adı dotasiya alacaq rayonlar arasında yoxdur.

tovuz.jpg (315 KB)

Dövlət Statistika Komitəsinin məlumat bazasındakı göstəricilərə baxdıqda, hər iki rayonun əksər parametrlər üzrə ölkənin orta göstəricisinə daha yaxın olduğunu görürük. Belə ki, 2022-ci ilin 1 yanvarına Lənkəranda 231,6 min nəfər(116,4 min kişi, 115,2 min qadın), Tovuzda 179,2 min nəfər(90,8 min kişi,88,4 min qadın) əhali qeydiyyatda olub..  2021-ci ildə Tovuz rayonunda ümumi məhsul buraxılışı 330 milyon 133,1 min manat, Lənkəranda 508 milyon 439,2 min manat təşkil edib. Bu, adambaşına Tovuzda 3029,6 manat, Lənkəranda isə 2197,7 manat məhsul istehsalı deməkdir.  2021-ci ildə Tovuzda əhalinin gəlirləri 637 milyon 627,4 min manat, Lənkəranda isə 729 milyon 71,5 min manat təşkil edib.

2022-ci ilin 1 yanvarına Tovuzda iqtisadi fəal əhalinin sayı 90,9 min nəfər, Lənkəranda 119,7 min nəfər olub. Həmin tarixə Tovuzda 85,8 min nəfəri, Lənkəranda 112 min nəfəri  rəsmi statistika məşğul əhali kimi qeydə alıb ki, bu, heç  də reallığı əks etdirmir. Belə ki, məşğul əhalinin sayında ən böyük paya kənd təsərrüfatında çalışanlar aiddir. 2018-ci ilin  1 yanvarına Tovuzda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 46,1 min nəfərin, Lənkəranda isə 61,5 min nəfərin işlədiyi rəsmi statistikada əksini tapıb. Bu isə ölkə üzrə ümumi siyasətdən qaynaqlanır: rəsmi statistika adın 5-10 sot pay torpağı olan hər kəsi məşğul kimi rəsmiləşdirir.

2022-ci ilin 1 yanvarına muzdlu – yəni əmək müqaviləsi ilə işləyən işçilərin sayı Tovuzda 16 min nəfər, Lənkəranda 21,8 min nəfər təşkil edib. Onların orta aylıq nominal əmək haqqı Tovuzda 443,3 manat, Lənkəranda  466,2 manat təşkil edib.

65727ee3-9067-412e-951a-82a99aeb6a56_850.jpg (95 KB)

Bu işçilərin mühüm hissəsi Ticarət, nəqliyyat vasitələrinin təmiri; təhsil, Dövlət idarəetməsi və müdafiə; sosial təminat sahələrində çalışırlar.

Qəribədir ki, məşğulluq orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərin sayını rəsmi statistika axırıncı dəfə 2019-cü il üzrə açıqlayıb. Həmin il üçün Tovuzda 1394 nəfər, Lənkəranda 970 nəfər işsiz kimi qeydiyyatda olub. Həmin şəxslərdən Tovuzda cəmi 3 nəfər, Lənkəranda isə 5 nəfər işsizliyə görə müavinət ala bilib...

Ünvanlı sosial yardım alanların sayına əsasən bu və ya digər rayonun varlı-yoxsul olması barədə fikir yürütmək mümkündürmü? Belə qiymətləndirmə reallığı nə qədər əks etdirəcək? İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, statistika düzgün olarsa, uçot problemi olmazsa, dövlət qurumları bütün bölgələr üzrə öz funksiyalarını adil şəkildə yerinə yetirərlərsə, ünvanlı sosial yardım alan ailələrin sayına əsasən hansısa rayonun varlı və ya kasıb olması barədə fikir yürütmək mümkündür:

resad.PNG (615 KB)

“Bu şərtlər daxilində ünvanlı sosial yardım alanların sayı ilə əhalinin yoxsulluğu səviyyəsini qiymətləndirmə aparmaq mümkündür. Yəni bu iki göstərici arasında korelyasiya reallıqda belə olmalıdır. Lakin bizdə bu korelyasiyanın düzgün işləməməsi üçün yetərincə əsaslar vardır. Dövlət qurumlarının öz funksiyalarını adil icra etməməsindən tutmuş, əhalinin dövlətin sosial proqramları barədə məlumatlılıq səviyyəsinə qədər bütün məqamlar bu prosesə öz təsirini göstərir. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardım praktik xidmət deyil, yalnız müraciət əsaslıdır. Yalnız vətəndaş müraciət etdiyi təqdirdə qiymətləndirmənin aparılması və müvafiq sosial yardımın təyin olunması üçün fəaliyyətlərin həyata keçirildiyi bir prosesdir. Buna görə də harada əhali daha çox məlumatlıdırsa, müraciətlər orada daha çox olur. Prosesə təsir göstərən daha bir amil məmuların işgüzarlığıdır.  Burada həm real, həm də dırnaqarası işgüzarlıq rol oynayır. Bəzi bölgələrdə ikinci növ işgüzarlıq fonunda sosial proqramlardan daha çox yararlananlar çox olur”.

Ekspert bildirir ki, həm Tovuzun, həm də Lənkəranın əhalisinin sərhədyanı ticarət imkanı var: “Əslində pandemiyaya qədər vardı. Bu fəaliyyət hər iki rayonda əhalinin gəlirlərinə əhəmiyyətli təsir göstərirdi. İnsanlar həm xırda ticarətdən gəlir əldə edirdilər, həm də daha ucuz məhsul əldə edə bilirdilər. Digər tərəfdən, hər iki rayon xarici ölkələrdən, xüsusilə də Rusiyadan pul baratlarının ən çox göndərildiyi bölgələrdəndir. Pandemiyaya görə sərhədlərin bağlı saxlanması hər iki rayonda son 2 ildə əhalinin gəlirlərinə ciddi mənfi təsir göstərib. Bu amilin də ünvanlı yardım alanların sayındakı çoxluğa təsiri ola bilər. Burada başqa bir amil sərhədlərin bağlanmasından sonra hökumətin əhalinin itirdiyi gəlirləri kompensasiya etmək üçün ünvanlı yardımın əhatə dairəsini genişləndirməsi ola bilər. Əlbəttə, bu, sadəcə, versiyadır. Lakin mümkündür ki, hökumətdən yerli məmurlara əhalinin narazılığının artmaması üçün ünvanlı yardımın daha çox adama verilməsi tapşırılsın”.

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR