İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın “daşdan keçən” sənədi, son görüş, son döyüş...

1419 26.07.2022 19:17 Yazarlar A A

Azərbaycan və Ermənistan rəhbərlərinin daha bir görüşünə hazırlıq getdiyi haqda məlumat yayılıb. İlham Əliyev və Nikol Paşinyan arasında sonuncu iki görüş Brüsseldə reallaşıb – 6 aprel və 22 may.

Hər iki görüşdən sonra Nikol Vovayeviç öz cəmiyyətini sülhə kökləməyə müəyyən cəhdlər eləsə də, az sonra radikal müxalifətin basqısı altında “valı” dəyişib. Əldə olunan (şifahi) anlaşmaları təhrif eləməyə, danmağa, gorbagor olmuş statusdan dəm vurmağa başlayıb. “Arsaxın taleyi artsaxlılar olmadan həll edilməyəcək” fitnəkar bəyanatını da Brüsseldən qayıdandan sonra o verib - Paşinyan!

Yenə belə olmayacağına əminlik yoxdur. Çünki qarşımızdakı ermənidir, yazılı vədini belə asanca danan erməni! 10 noyabr kapitulyasiya sənədinin mürəkkəbi qurumamış onun bəndlərini burdan-bura təftiş və təhrif edən erməni, Ermənistan rəhbərliyi.

Məşhur bir deyim var: “Azərbaycanlının quru vədi belə kifayət edir, çünki mütləq yerinə yetirəcək, ermənin isə yazılı sözünə də etibar eləmə, danacaq!”

Odur ki, növbəti görüşdə Azərbaycan məsələni konkret qoymalı və axırıncı, sərt xəbərdarlığını eləməlidir. Yoxsa ki, belə təmaslar 2-ci Qarabağ müharibəsinədək illərlə aparılmış boş və mənasız danışıqlara bənzəməyə başlayıb. Erməni tərəfi yenə özünü arxayın, az qala, qalib ədası ilə, qudurğancasına aparır, vaxtı “rezin” kimi uzadır. Sanki 44 günlük müharibədə ordusu darmadağın edilən heç o deyilmiş...

Fakt budur ki, Moskvada, Brüsseldə, Tiflisdə ən yüksək səviyyədə keçirilən görüşlərə rəğmən, Qarabağda hələ də qanunsuz erməni silahlı dəstələri qalır. Hətta vaxtaşırı bizim hərbçilər tərəfə atəşlər açır, səngərlər qazıyıb həyasızcasına təzə cəbhə xətti yaratmağa cəhd edirlər separatçı-qudurlar. Özü də Rusiya “sülhməramlılar”nın gözü qarşısında.

Demək, Rusiya qarşısında da məsələni rusun özü demiş, “rebrom” qoymaq zamanı çatıb. Əks halda, bu “xəmir” hələ çox su aparacaq. Bir əlindən Qərbin, bir əlindən də Rusiyanın tutmasına çalışan Ermənistan belə görünür, BMT TŞ-nin Qarabağ qətnamələri kimi, 10 noyabr sənədinə də xoşluqla əməl eləməyəcək. Ermənilərin yalvarış üçün Qərbə və Rusiyaya uzanan hər iki əlini vaxtında qırmalıyıq.

Bu mənada budəfəki Əliyev-Paşinyan görüşü hansı paytaxtda keçirilməsindən asılı olmayaraq, sonuncu da ola bilər. Əgər sözlə qanmırlarsa, sınanmış vasitəmizə keçməliyik. Son görüş, son döyüş! Bundan ötrü əlimizdə indi “daşdan keçən” sənəd, hüquqi əsas var: 10 noyabr müddətsiz yazılı anlaşması!..

Əvvəla, işğalçı tərəfə heç bir vaxt öhdəliyi qoymayan BMT-nin 4 yayğın Qarabağ qətnaməsindən fərqli olaraq, 10 noyabr kapitulyasiya aktının əsas bəndlərində konkret zaman məfhumu əksini tapıb.

Misal üçün, 4-cü bənddə açıq-aydın yazılıb ki, Qarabağda Rusiya sülhməramlıları erməni silahlı birləşmələrinin çıxarılmasına paralel həyata keçirilir. Daha bunun o yanı-bu yanı yoxdur, ola bilməz. Yəni 4-cü bənd çoxdan reallaşmalı idi. Eləcə də sazişdə Ağdam, Kəlbəcər, Laçın rayonlarının, Laçın şəhərinin boşaldılması ilə bağlı (3 ilə Laçın dəhlizinə alternativ yolun inşası), sülhməramlıların qalma müddəti, Zəngəzur dəhlizi ilə bağlı konkret zamana bağlı öhdəliklər yer alır.

İkincisi və ən əsası, BMT qətnamələrindən fərqli olaraq 10 noyabr 3-tərəfli sənədində həm Azərbaycanın, həm də Ermənistanın imzası var – qalib və məğlub tərəflər olaraq. Bu da o anlama gəlir ki, həmin bəndlərin icrasının bir zəmanətçisi də məhz qalib Azərbaycandır. Qısası, İrəvanın nə “burcutmağa” yeri, nə də “naz-maz” eləməyə limiti qalıb...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR