İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın bu təhlükəyə qarşı reaksiyası təbiidir - İLGİNC DETALLAR

759 02.04.2024 14:46 Siyasət A A

“8 il əvvəl - 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda Ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Müasir Azərbaycan tarixinə “4 günlük müharibə” kimi düşən Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Döyüşün aparılması və nəticəsi bir daha göstərdi ki, Azərbaycan dövlətinin, onun Prezidentinin, Ordusunun, xalqının öz tarixi torpaqlarını erməni işğalından azad etmək üçün güclü siyasi iradəsi, hərbi qüdrəti və birliyi var”.

Bu fikirləri Musavat.com-a açıqlamasında “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

SESİM.jpg (72 KB)

2016-cı il Aprel döyüşlərindəki qələbəmizi Vətən müharibəsindəki Zəfərin başlanğıcı kimi dəyərləndirən Bəhruz Quliyev deyib ki, bu döyüşlər Azərbaycan xalqının və Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu nümayiş etdirdi:

“Aprel döyüşləri dünyaya Azərbaycanın işğalla heç zaman barışmayacağını, bütün torpaqlarımızı işğaldan azad etməyə hazır olduğumuzu göstərdi. Amma təəssüflər olsun ki, nə işğalçı Ermənistan, nə də onun xarici havadarları bundan nəticə çıxardı. Sonda isə Aprel döyüşlərində əsası qoyulan hərbi uğurlarımız 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi qələbəmizlə yekunlaşdı. Aprel döyüşləri Zəfərə yol açdı”.

APREL .png (404 KB)

Media Qrupunun rəhbəri bildirib ki, bu gün Ermənistan hər hansı bir hərbi əməliyyat aparmaq iqtidarında və gücündə deyil:

“Deyilənlər, müharibə haqda irəli sürülən fikirlər isə pafosdan uzağa getmir, siyasi maraqlara xidmət edir. Son günlərdə Qərbin bəzi dairələrinin nümayəndələri Ermənistanı ziyarət edib. Bunun qarşılığında isə Ermənistan rəhbərliyi də ABŞ, Fransa kimi ölkələrə səfər edib. Bu qarşılıqlı səfərlərdən də ruhlanıblar. Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti 5 apreldə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən cəsarətlənmənin nəticəsidir. ABŞ və Aİ regionda üçlü hərbi alyans yaradır. Rəsmi Bakının bəyan etdiyi kimi, regionda revanşizm başlayır. Təbii ki, baş verənlərə görə məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür”.

Bəhruz Quliyev əlavə edib ki, Qərb Ermənistana təhlükəsizlik zəmanəti adı altında regionda mövcudluğunu daha irəli mərhələyə aparmağa cəhd edir:

“Bu, Aİ missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir ki, mövcud vəziyyət regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər. Təbii ki, Azərbaycanın ehtiyatlanması səbəbsiz deyil və ciddi nüanslara söykənir. Azərbaycan 30 il torpaqlarının işğalı dövründə Qərb də daxil, bütün beynəlxalq aləmdən etinasız, laqeyd münasibəti gördüyü üçün indi Ermənistana veriləcək hər hansı təhlükəsizlik zəmanətini özünə qarşı təhlükə mənbəyi, eyni zamanda Ermənistanın yenidən əvvəlki istəklərinin baş qaldırması kimi dəyərləndirir. Bununla yanaşı, Ermənistanın Rusiyadan uzaqlaşan, Qərbyönlü siyasəti də regionda mövcud olan tarazlıqların pozulması deməkdir. Bu da Azərbaycana yaxşı heç nə vəd etmir. Azərbaycan bu geosiyasi qarşıdurmada tərəf olmaq istəmir və region dövlətlərinin də bu oyunlarda iştirakına pis baxır.

Hesab edirəm ki, Azərbaycanın bu təhlükəyə qarşı reaksiyası təbiidir və doğrudur. Qərb və Rusiyanın qarşıdurmasında olanların nəticələri göz önündədir və hələ də Ukraynada davam edir. Ermənistan isə bunu görə-görə eyni yolu seçirsə, yüz yox, min dəfə ölçüb-biçməlidir. Onun yerinə başqaları ölçüb-biçəndə Ermənistanın varlığı üçün gec olacaq”.

B.Quliyev vurğulayıb ki, aprelin 5-də nəzərdə tutulan görüş Cənubi Qafqaz regionunda yeni münaqişə ocağının alovlanmasına səbəb ola bilər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR