İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yaşlanma sürəti kəskin artıb - hökumət problemi görürmü...

1772 20.06.2023 09:18 Yaşam A A

İqtisadçı-alim: “Bu barədə indidən danışmaq və kəsərli iqtisadi addımlar atmaq lazımdır”

Bir neçə gün əvvəl Azərbaycanda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda olarkən uşaq sayının artırılmasından bəhs edib, ölkəmizdə əhali artımı üçün hər ailədə 5 uşağın doğulmasının gərəkdiyini bildirdi. Türkiyə Prezidenti öz ölkəsində hər ailəyə 3 uşaq siyasəti yürüdüldüyünü də qeyd edib.

Türkiyə Prezidentinin bu təklifi Azərbaycanda, xüsusilə də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. R.Tayib Ərdoğanın təklifi hansı zərurətdən irəli gəlib? Niyə qardaş ölkənin prezidenti uşaq sayının artmasını zəruri hesab edir?

Qeyd edək ki, hazırda bütün dünyada yaşlanma problemi getdikcə böyüyür. Son 30 ildə inkişaf etmiş ölkələrin problemi sayılan bu məsələ artıq inkişaf etməkdə olan ölkələr üçün başağrısına çevrilməkdədir. Dünyanın ikinci böyük iqtisadiyyatına, ən çox əhalisinə malik Çində belə əhalinin yaşlanmasına qarşı tədbirlər görülməyə başlanıb. Çin Milli Statistika Bürosunun açıqladığı məlumatlara görə, ölkədə keçən il yeni doğulan körpələrin sayı 10 milyonun altına düşərək 9 milyon 560 min nəfər təşkil edib. Bu isə o deməkdir ki, Çin əhalisi son 61 ildə ilk dəfə azalıb.

Çin Əhali və İnkişaf Araşdırma Mərkəzinin proqnozlarına görə, ölkədə 80 yaşdan yuxarı vətəndaşların sayı 2050-ci ilə qədər sayından dörd dəfə çox olacaq. Hesablamalara görə, Çin əhalisinin 2035-ci ildə 1 milyard 400 milyondan yuxarı, 2050-ci ildən sonra isə 1 milyard 300 milyondan aşağı olacağı gözlənilir.

Mütəxəssislər qeyd edir ki, dünyada əhali partlayışı dövrü bitib. İqtisadi inkişaf və qadınların ictimai həyatda iştirakının artması ilə əlaqədar olaraq, dünya doğum səviyyəsinin aşağı olduğu cəmiyyətlər dövrünə qədəm qoyur. Məhz buna görə də ekspertlər iqtisadiyyatı dirçəltmək üçün yeni yolların araşdırılmasının vacibliyini vurğulayırlar.

Bəzi iqtisadçılar hesab edirlər ki, avtomatlaşdırmanın artması işçi qüvvəsinə qoşulacaq insanların sayının azalması ilə artan əmək xərclərini kompensasiya edə bilər.

Lakin belə avtomatlaşdırma inkişaf etmiş ölkələrdə mümkündür. Azərbaycan və Türkiyə isə inkişaf etmiş ölkələr deyil. Xüsusilə Azərbaycanda sənayenin inkişafı dünya ortalamasından kəskin geridə qalır, bu sahədə avtomatlaşdırmanı isə başlamamış saymaq olar.

Aydındır ki, yaşlı əhalinin ümumi əhali sayında payının artımı hər bir ölkədə əmək bazarı üçün ən ciddi təhlükə hesab olunur. Müasir dövrdə demoqrafik proseslər daha çox iqtisadiyyata təsir baxımından qiymətləndirilir. Ortada inkişaf etmiş ölkələrin acı təcrübəsi var: onların hamısı bir neçə onilliklərdir ki, öz iqtisadiyyatlarının əmək qüvvəsinə tələbini idxal hesabına təmin edirlər. Lakin xaricdən idxal olunan əmək qüvvəsi heç də keyfiyyətli olmur, dövlətlərin əhali fondunda ciddi problemlərə yol açır. Avropa artıq bu problemləri ən kəskin formada yaşamaqdadır. Buna görə də inkişaf etməkdə olan ölkələr demoqrafik məsələlərə diqqəti artırmağa çalışırlar.

Rəsmi statistikaya əsasən 2022-ci ilin əvvəlində Azərbaycan əhalisinin 799,9 min nəfəri və ya 7,8 faizinin yaşı əmək qabiliyyətliliyin sonu hesab edilən 65 yaşdan yuxarı olub. 2012-ci ilin əvvəlində Azərbaycanda yaşı 65-dən yuxarı olan şəxslərin sayı ümumi əhalinin 5,7 faizinə (531,3 min nəfər) bərabər idi.

2023-cü ilin 1 yanvarına yaşı 65-dən yuxarı olan əhalinin sayı 859,4 min nəfərə, bu qrupun ümumi əhali sayında payı isə 8,5 faizə çatıb. Kifayət qədər sürətli bir prosesdir. Belə davam edərsə, yaxın onilliklərdə ölkə əhalisinin artım sürəti kəskin şəkildə azalacaq.

İri şirkətlərin özəlləşməsi sərfəlidirmi? – Fariz Hüseynli – STATUS - FED.az

Fariz Hüseynli

İqtisadçı-alim, ABŞ Şimali Dakota Universitetinin professoru Fariz Hüseynlinin sözlərinə görə,  demoqrafik trendlər hər ölkənin iqtisadi siyasəti üçün ən vacib amillərdəndir: “BMT-yə görə Azərbaycanda ortalama bir qadına 5 uşaq doğumu 1950-lərin əvvəlində olub. 1000 nəfərə doğum faizi o vaxtı 35-40 olub. Son rəqəmlərə görə ortalama 1 qadın 2 uşaq dünyaya gətirir. 1000 nəfərə doğulanların sayı şəhər yerində 10, kənd yerlərində 12 olub. Bu, çox sürətli azalma trendidir. Bir nüans var - əhalinin sayını bilirik, amma ölkədə qeydiyyatda olub yaşamayanlar da çoxdur. Yəni ola bilsin nisbət daha yüksək olar. Amma trend dəyişmir.

BMT-nin modellərinə görə, doğum trendi azalan sürətlə davam edəcək və hardasa 8 ətrafında sabitləşəcək. İnkişaf etməkdə olan ölkələrin çoxunda belədir. Biz BMT kateqoriyalarına görə yuxarı-orta gəlir qrupuna daxil ölkələr kimiyik. Amma iqtisadi vəziyyətin pisləşməsinin də təsiri var məncə, sadəcə, dəqiq araşdırmalar olmalıdır, bölgələr üzrə.

Təəssüf ki, ölüm nisbəti əksinə, artıb - kovidin kəskin təsiri görünür. Kovidin təsiri keçəndən sonra yəqin ki, 1000 nəfərə 6 ətrafında olacaq. Yəni təbii artım növbəti 20-30 ildə, böyük ehtimalla, hər min nəfərə 3-4 ətrafında olacaq. BMT hesablamaları əhalinin artım faizinin 2040-dan sonra mənfiyə keçəcəyini göstərir - yəni əhali azalacaq. Ən yaxşı halda 2070-lərə qədər əhali artımı davam edəcək, amma ehtimalı çox-çox azdır.

Deməli, əhalinin yaşlı hissəsinin nisbəti sürətlə artacaq. BMT təxminlərinə görə, yaşlıların asılılıq nisbəti, yəni 65 yaş yuxarısının 100 nəfər 15-64 yaşa nisbəti 1950-dən bu yana 10-12 arasında dəyişirdisə, bu, sürətlə artacaq və 2050-də 30-a çıxacaq".

İqtisadçı-alimin fikrincə, Azərbaycan kimi ölkə üçün bu, çox sürətli artımdır: “Yaponiya, Çin, İtaliya, ya başqa yaşlı ölkələr üçün bu trend çoxdan başlayıb və sabitləşəcəksə, Azərbaycanda, əksinə, indi başlayır və 20-30 il sonra belə sürətli olacaq. Bütün bu trendlər Türkiyəyə də aiddir. Mən hələ bura gənclərin miqrasiyasının təsirini əlavə etməmişəm, onda rəqəmlər daha da pis olacaq. Bu rəqəmləri və qrafikləri əldə etmək istəyən BMT-nin Population saytına girib baxa bilər.

Hər ailədə 5 uşaq olsun demək 1950-lərə qayıtmaqdır, olası deyil, amma demoqrafik trend öz sözünü deyir və real plan tələb edir. Bu barədə indidən danışmaq və kəsərli iqtisadi addımlar atmaq lazımdır. Bu problemlə təkcə biz üzləşmirik deyə onlarla ölkədən və minlərlə yazılan elmi məqalədən öyrənə bilərik. Əsas odur, problemi görək və həll etmək istəyək. Məsələni lağ-lağıya vurib ciddiyyətdən salmayaq".

Niyə atamın ölümünü sübut etməliyəm?! - Tanınmış ekspert

Samir Əliyev

İqtisadçı-ekspert Samir Əliyev isə Türkiyədə və Azərbaycanda uşaq sayının sürətlə azaldığını bildirir: “TurkStat-ın məlumatına görə, 2022-ci ildə Türkiyədə uşaqların (0-17 yaş) ümumi əhalidə payı 26,5 faiz olub. Halbuki 1970-ci ildə bu göstərici 48,5 faiz, 1990-cı ildə 41,8 faiz olub. Proqnozlar ürəkaçan deyil. Çünki proqnoza görə, 2030-cu ildə əhalinin 25,6 faizi, 2040-cı ildə 23,3 faizi, 2080-ci ildə 19 faizi uşaqlardan ibarət olacaq.

Azərbaycanda uşaqlar 1990-cı ildə əhalinin 38,5 faizini, 2021-ci ildə 25,5 faizini təşkil edib. Yəni proqnozlar özünü doğrultsa, Türkiyədə demoqrafik vəziyyət təxminən 2040-cı ildə Azərbaycandakı həddə çatacaq.

Fertillik əmsalına (ümumi nəsilvermə əmsalı) gəlincə, Azərbaycanda 1990-cı ildəki 2,77-dən 2021-ci ildəki 1.52-yə düşüb. Türkiyədə analoji göstərici 2008-ci ildə 2,38 olduğu halda 2022-ci ildə 1,62-yə düşüb. Türkiyədə ən yüksək göstərici Şanlıurfada (3,59), ən aşağı göstərici isə Kütahyada (1,18) qeydə alınıb. Türkiyə xəritəsinə baxsaq, ən aşağı göstəricilər şimal, şimal-qərbi və şimal-şərqi ərazilərdə, ən yüksək göstəricilər isə cənub, cənub-şərqi və şərq ərazilərdə olub.

2021-ci ildə Azərbaycanda ev təsərrüfatlarının orta ölçüsü 4,12, Türkiyədə isə 3,23 olub".

Qeyd edək ki, Azərbaycan əhalisinin sayı, yaş qruplarının ümumi əhalinin tərkibində payına dair statistika bir qayda olaraq ölkədən xaricə gedənlərin sayı nəzərə alınmadan hesablanır. Halbuki müstəqilliyin ilk 20 ilində ölkədən kənara əmək qabiliyyətli əhalinin kəskin axını baş verib. Bəzi hesablamalara görə, 90-cı illərdə, 2000-ci illərin əvvəllərində ölkədən təkcə Rusiyaya 2 milyondan yuxarı azərbaycanlı gedib. Onların böyük əksəriyyəti vətəndaşlıq alaraq orada qalıblar. Bu proses nisbətən aşağı templə də olsa, hələ də davam edir. Rusiya Miqrasiya Xidmətinin məlumatına əsasən, 2017-2019-cu illərdə bu ölkəyə gəlib rəsmi əmək miqrantı kimi qeydiyyata düşən azərbaycanlıların illik sayı 56-57 min nəfər təşkil edib. 2021-ci ildə bu göstərici 63,9 min nəfərə çatıb. Ötən il Rusiyaya iş dalınca gedib rəsmi qeydiyyata düşən azərbaycanlıların sayında 3 faizə yaxın artım baş verib. Ukraynadakı müharibəyə cəlb olunmaq təhlükəsinə baxmayaraq, 95,1 min nəfər insan Rusiyaya gedişinin əsas səbəbi kimi əmək miqrasiyasını göstərərək, rəsmi əmək miqrantı kimi qeydiyyata düşüb.

Rusiyada vətəndaşlıq alan soydaşlarımızın sayında da ciddi azalma yoxdur. Belə ki, 2019-cu ildə 9,5 min azərbaycanlı Şimal qonşunun vətəndaşı olubsa, 2021-ci ildə bu rəqəm 30,8 min nəfərə çatıb. 2022-ci ildə vətəndaşlığın həm də hərbi mükəlləfiyyət yaratmasına baxmayaraq, 23 min azərbaycanlı Rusiya vətəndaşlığı alıb...

Azərbaycan hökumətində hələ də problemin miqyasını düşünməyənlər çoxluq təşkil edir. Hələ ki əmək bazarına daxil olan işçi qüvvəsinin ilbəil azalması yeni iş yeri yaratmaq probleminin azalması kimi qiymətləndirilməklə hökuməti qane edir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR