İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda “yaşıl keçid” sürətlənir - mühüm müqavilə

982 17.03.2022 10:00 İqtisadiyyat A A

Millət vəkili: “Ölkəmiz bərpa olunan enerji potensialı yüksək olan ölkələrdəndir”

Martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Layihənin dəyəri 225 milyon dollar təşkil edir. Layihə bütünlüklə “Masdar” şirkəti tərəfindən maliyyələşdiriləcək. Rəsmi açıqlamaya görə, stansiyada istehsal edilən enerji ilə 110 min mənzili elektrik enerjisi ilə təmin olunacaq. Stansiya işə salınandan sonra ildə 110 milyon kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısı alınacaq.

Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyi və “Azərenerji” ASC ilə “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” ötən ilin aprel ayında imzalanıb. Bu stansiya Azərbaycanda alternativ enerji potensialının artırılması istiqamətində növbəti addımdır.

Azərbaycan Prezidenti İlham Əliyev stansiyanın təməlqoyma mərasimindəki çıxışında bildirib ki, xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərdən biridir: “Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Biz dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminəm ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması qeyd etdiyim kimi, bizim ixrac imkanlarımızı da artırır.

“Masdar” şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Şadam ki, bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir".

Prezident qeyd edib ki, bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıb: “Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən ”ACWA Power" şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük.

Onu da nəzərə almalıyıq ki, qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Biz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik - təbii qaz, su, günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, biz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik".

Bu şirkətin Azərbaycana sərmayə qoyması təqdiredici haldır'

İ.Əliyev vurğulayıb ki, Azərbaycanın azad olunmuş ərazilərində alternativ enerji istehsalı üçün potensial yüksəkdir: “Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər”.

Qeyd edək ki, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında imzalanan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” üç istiqaməti əhatə edir. Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, ilk növbədə, “Masdar” şirkəti ilə Kəlbəcər-Laçın zonasında ən azı 100 MVt gücündə külək elektrik stansiyasının tikintisi imkanları araşdırılacaq.Bundan əlavə, Qarabağda yerləşən evlərin üzərində günəş panellərinin yerləşdirilməsi həllərinin axtarıb tapılması məsələsi də bu memoranduma daxildir. “Masdar” şirkəti ilə Qarabağda ən azı 200 MVt olan günəş stansiyasının tikintisi imkanlarının araşdırılması da planlaşdırılır.

Onu da qeyd edək ki, “Masdar” şirkəti ilə Azərbaycan hökuməti arasında “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində Anlaşma Memorandumu”, “Bərk məişət tullantılarından enerji istehsalı sahəsində Anlaşma Memorandumu” və “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Vugar Bayramov - Wikipedia

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun dediyinə görə, dünyada alternativ enerji mənbələrindən enerji istehsalına yatırımlar sürətlə artır. Bunun nəticəsində belə enerjinin qlobal istehsalı 2021-ci ildə 10 faiz, növbəti beş ildə isə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik enerjisi istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək: “Ən çox artım isə günəş və külək enerjisi istehsalında, müvafiq olaraq 60 və 30 faiz qeydə alınacaq”.

Millət vəkili bildirir ki, Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində böyük potensiala malik ölkələrdən biridir: “Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır. Qiymətləndirmələr göstərir ki, küləyin sürəti 3-4 m/s olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti 11 m/s-dir. Bu da paytaxtda külək enerjisindən istifadə imkanlarının daha geniş olduğunu göstərir. Enerjiyə ən böyük tələbat paytaxtdadır və bu, yaxın perspektivdə bu tələbatın bərpaolunan enerji hesabına ödənilməsinə imkan yarada bilər. Eyni zamanda bu potensial torpaqlarımızın işğaldan azad olunmasından sonra daha da artıb. Günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır. Xəzər dənizi isə ofşor külək enerjisi baxımından böyük potensiala malikdir. İlkin qiymətləndirmələrə görə, Xəzərin təkcə Azərbaycan sektorunda 157 min meqavat səviyyəsində enerji olduğu hesab edilir. Bu, ölkəmizdəki elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur”.(APA)

V.Bayramov qeyd edir ki, Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir: “Azərbaycan növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək olan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizə qədər yüksəldilməsinə nail olmaqdan ibarətdir. Potensial var və son illər də Azərbaycan bu sahədə istehsal gücünü genişləndirməyə çalışır. Bu baxımdan, Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanda alternativ enerji mənbələrindən istifadə imkanlarını genişləndirəcək.

Alternativ enerjidən istifadə həm də iqtisadi baxımdan Azərbaycan üçün vacibdir. Çünki Azərbaycan il ərzində 13 milyard kubmetr mavi qaz istehlak edir. Alternativ enerjidən istifadə olunması ekoloji baxımdan vacib olmaqla yanaşı, həm də mavi qaz istehlakında qənaətə imkan yarada bilər. Qənaət nəticəsində əldə edilmiş mavi qaz isə xarici ölkələrə ixrac olunmaqla daha çox valyutanın ölkəyə daxil olmasına zəmin yarada bilər. Beləliklə, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə həm ekoloji təmiz, yaşıl iqtisadiyyat prinsipləri baxımından vacib olmaqla yanaşı, həm də Azərbaycanın valyuta gəlirlərinin artırılması və iqtisadi potensialın genişləndirilməsi aspektindən də vacib hesab olunur".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR