İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda sənayenin zona inkişafı: 11 ildə nələr əldə etmişik?

925 01.04.2022 09:30 İqtisadiyyat A A

Müəssisəyə görə park yaradırıq, idarəçiliyi məmurlara veririk...

Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkənin qarşısında duran ən mühüm vəsifələrdən biri olaraq qalmaqdadır. Uzun illərdir təbii sərvət ölkələrinin əksəriyyətinin yaşadığı iqtisadi asılılıqdan qurtulmağa çalışsaq da, hələlik bu sahədə ciddi bir nailiyyət əldə etdiyimizi söyləmək mümkün deyil. Hələ də Azərbaycanın ixracının 90 faizdən yuxarısını neft-qaz təşkil edir, dövlət büdcəsinin bu gəlirlərdən böyük ölçülü asılılığı aradan qaldırılmayıb.

Azərbaycan hökumətinin son 11 ildə qeyri-neft sektorunun inkişafına nail olmaq üçün həyata keçirdiyi siyasətin bir istiqaməti ölkədə iri sənaye qurumlarının - park, zona, məhəllələrin yaradılmasını əhatə edir. Rəsmi məlumata əsasən sənaye zonaları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında, ixracın genişlənmsındə əlverişli mexanizmdir. İndiyədək sənaye zonalarında ümumilikdə 5,8 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 1,7 milyard manatlıq hissəsi (təqribən 29 faizi) ixrac olunub.

2020-ci ildə sənaye zonalarında 1,27 milyard manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ildə 88,3 faiz çox, yəni 2,4 milyard manat dəyərində (qeyri-neft sektorunda xüsusi çəkisi 15,5 faiz) məhsul istehsal olunub. Ötən il sənaye zonaları üzrə ixracın həcmi 2020-ci illə müqayisədə 2,7 dəfə artıb (qeyri-neft sənayesi məhsullarının ixracında payı 30,8 faiz).

Sənaye zonalarında istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi adı ilə dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.

Dünən iqtisadiyyat naziri Mikayıl Cabbarovun Twitter-də yazdığına görə, bu ilin yanvar-fevral aylarında sənaye zonalarındakı müəssisələr tərəfindən 436 milyon manat dəyərində məhsul satışı həyata keçirilib və bu məbləğin 191 milyon manatı ixracın payına düşür. Sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 76 faiz, ixrac isə 138 faiz artıb.

Bütün bu artımlar gözləntilərə nə qədər adekvatdır? Məsələ burasındadır ki, sənaye zonalarının yaradılmasına başlananda qarşıya qeyri-neft ixracının sürətli artımına dair iddialı hədəflər qoyulmuşdu. 11 ildə bu hədəflərə nə qədər nail olduğumuzu statistik göstəricilər tam əks etdirir. Belə ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 6 milyard dollar təşkil edib. Bunun cəmi 461,8 milyon dolları qeyri-neft sektoruna aiddir. Rəsmi məlumata əsasən ölkənin qeyri-neft ixracında sənaye zonalarının məhsullarının payında artım müşahidə olunmaqdadır: iki ay ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə,  alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4 faiz, pambıq ipliyi ixracı 35,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 16,5 faiz artıb. Lakin baxmayaraq ki, yanvar-fevralda qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 130,6 milyon dollar və ya 39,4 faiz artıb, onun ölkənin ümumi ixracındakı payı 8 faizə çatmır.

Dünya təcrübəsində sənaye parkları konkret bir sənaye sahəsi üzrə istehsal zəncirinin qurularaq inkişaf etdirilməsi məqsədilə yaradılır. Azərbaycanda isə sanki sənaye parkları bu və ya digər müəssisəyə güzəşt vermək üçün formalaşdırılır. Məsələn, 2016-cı ildə yaradılan Pirallahı sənaye parkında 4 subyekt rezident kimi qeydiyyatdan keçib, onlardan cəmi 2-si fəaliyyət göstərir. 37 milyon dollarlıq investisiya yatırımı ilə 100-dən bir qədər çox iş yeri yaradılıb. Bu, 6 illik fəaliyyət dövrü üçün kifayət qədər aşağı nəticədir. Yaxud 2015-ci ildə yaradılmağa başlanan Mingəçevir sənaye parkının cəmi 1 rezidenti var. Bu, “Mingəçevir Tekstil” MMC-dir, onun park ərazisində pambıq mahlıcından iplik istehsalı üzrə 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin I rübündə istifadəyə verilib. Parkın açılışı zamanı orada çoxsaylı müəssisələrin yaradılacağı elan olunsa da, indiyədək iplik fabriklərindən başqa müəssisə fəaliyyətə başlamayıb. Parkdakı iki müəssisəyə yatırılan investisiyanın həcmi 93,5 milyon dollar, iş yerlərinin sayı 700-dür.

Bir rezidentli sənaye parklarımızdan biri də Qaradağ sənaye parkıdır. Parkın tək rezidenti Bakı Gəmiqayırma Zavodu MMC-dir. Zavodun sahibi olan SOCAR, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkətinin müəssisədə payı müvafiq olaraq 87,47 faiz, 8,95 faiz və 3,58 faizdir. İndiyədək müəssisəyə 498 milyon dollar investisiya yatırılıb. İnvestisiyaların 90 faizi Azərbaycanın payına düşür. İnvesitisiyaların əksər hissəsi Azərbaycan dövlətinin zəmanəti ilə götürülən kreditlərlə yatırılır.

Rəsmi məlumatlara inansaq, zavod sifariş baxımından korluq çəkmir, yəni kifayət qədər rentabellidir. Bu halda onun vergi və rüsumlardan azad olunmasının anlamı aydın deyil.

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında bir sıra stimullaşdırıcı tədbirlər tətbiq olunur. Bunlar vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər; sənaye parkının infrastrukturla təmin edilməsi; torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi; güzəştli kreditlərin verilməsi; inzibati prosedurların sadələşdirilməsi; sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili; istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi. Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə mənfəət vergisindən, əmlak vergisindən, torpaq vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Azərbaycanda ən uğurlu sənaye parkı olaraq hələlik yalnız Sumqayıt Kimya Sənaye Parkını qeyd etmək mümkündür. Təməli 2013-cü ildə qoyulan  ərazisi hazırda 583,5 hektar təşkil edən parkda ümumi investisiyaların həcminin 3,2 milyard dollardan yuxarı olduğu bildirilir. Bunlardan ikisi - “SOCAR -Polymer”(816 milyon dollar investisiya yatırılıb, müəssisənin 52,2 faizi SOCAR-a məxsusdur) və “SOCAR-Karbamid”in (dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib- red.)

Daha bir nisbətən uğurlu layihə olan Balaxanı Sənaye Parkında hazırda 17 rezident qeydiyyatdan keçib. Rezidentlər tərəfindən sənaye parkına 44,8 milyon manatdan çox investisiya qoyulduğu, həmçinin 800 nəfərdən çox adamın işlə təmin olunduğu bildirilir. Rezidentlər 27 fəaliyyət sahəsi üzrə tullantıları təkrar emal edərək müxtəlif məhsullar istehsal edir. İndiyə qədər BSP-də 99.5 milyon manatlıq məhsul istehsal olunub və 12.2 milyon manat dəyərində məhsul Rusiya, Belarus, Ukrayna, ABŞ və bir neçə Avropa ölkəsi daxil olmaqla müxtəlif ölkələrə ixrac edilib.

Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının konseptual planı hazırlanıb |  marja.az

Torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasına başlanıb. Bu parklarda fəaliyyət göstərəcək rezidentlər ümumi parklar üçün güzəştlərdən əlavə, Prezidentin 10 dekabr 2021-ci ildə imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında Sərəncamında nəzərdə tutulan imtiyazlardan da yararlana biləcəklər. Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi və s.-dən ibarətdir.

Ağdam Sənaye Parkı günəş enerjisi ilə işıqlandırılır ABC.AZ

Artıq Ağdam Sənaye Parkında 5 rezident qeydiyyata alınıb, orada ilk müəssisələrin təməli qoyulub. Beş rezident tərəfindən Sənaye Parkına 37 milyon manata yaxın investisiyanın yatırılması və 1000-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata əsasən, parkda işləmək istəyən sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Bu layihələrdə havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.

Yeri gəlmiuşkən, Prezident İlham Əliyevin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentlik ölkədə fəaliyyət göstərən altı sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), dörd sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın idarəedicisidir.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda sənaye zonaları ilə bağlı gözlənilən uğurun əldə olunmamasının əsas səbəblərindən biri idarəçiliyin özəl sektorda olmamasıdır. Belə ki, dünyada belə zonalarda dövlət-özəl tərəfdaşlığı prinsipindən geniş istifadə olunmaqla, idarəetmə özəl əllərə verilir. Məhz özəl sektor sənaye ehtiyaclarını, parklarda hansı istehsal sahələrinin qurulmasını müəyyən edir. Azərbaycanda idarəetmə məmurlarda olduğuna görə biznes yanaşması tətbiq edilmir ki, bu da ciddi nəticələrin əldə edilməsinə imkan vermir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR