İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanda qarayara xəstəliyi yayılıb” iddiası

2192 09.09.2022 17:00 Səhiyyə A A

Bərdənin Piyadalar kəndində "Sibir xorası" (qarayara) xəstəliyinin yayıldığı deyilir.

Qeyd olunur ki, bu kənddən Mingəçevirdəki xüsusi xəstəxanaya aparılan 5 nəfərdən 3-ündə "Sibir xorası" aşkar edilib. Bu xəstəlik daha çox kontakt yolu ilə və ən çox xəstə heyvandan keçir. Məsələn, heyvanda qara yara varsa, onu kəsəndə və soyanda insanın dərisinə sıçrayan qan damlası yoluxmaya səbəb ola bilər. Təhlükəli xəstəlik olduğu üçün əgər bir-iki hal varsa, həmin şəxslər nəzarətə götürülməlidir. Onlar Gigiyenik Epidemioloji mərkəzlər tərəfindən xüsusi karantin rejimində saxlanılmalıdır ki, digər insanları yoluxdurmasınlar. Xəstəliyin ağırlığı orqanizmə daxilolma yerindən asılıdır. Ən çox rast gəlinən isə dəri formasıdır. Dəri üzərində böyük yaralar olur və yaralar sağaldıqdan sonra çapıq qalır. Yaralar qara kömür rəngində olduğu üçün xəstəliyin elmi adı "qarayara"dır. Ən qorxulu forması isə tənəffüs yolları vasitəsilə yoluxan Ağ ciyər xorasıdır. Çünki bu zaman ölüm riski yüksəkdir. Lakin dəri forması rahat şəkildə müalicə olunur və ölüm göstəricisi azdır. Bəs, bu xəstəliyin aşkarlandığı kənddə karantin elan olunmalıdırmı? Ümumiyyətlə, xəstəliyin yayılma risqi nə qədər yüksəkdir və fəsadları nədir?

Mövzu ilə bağlı "Ankara" klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a danışıb. Həkim qeyd edib ki, qarayara xəstəliyi olduqca ciddi, ağır bir problemdir və özündə epidemoloji risk daşıyır:

"Əslində uzun illər əvvəl ölkəmizdə bu xəstəliyə son qoyulmuşdu və bu xəstəliyin profilaktikası, müalicəsi üçün ciddi tədbirlər görüldükdən sonra çox nadir hallarda bu xəstəliyə rast gəlinirdi. İndi isə məlum olur ki, Bərdənin kəndində artıq bu xəstəliyə rast gəlinib. Əgər belə bir epizodlar varsa əlbəttə ki, həyəcan təbili çalınmalıdır. Müvafiq qurumlar, başda sanitar-epidemioloji qurumlar olmaqla, lazımi tədbirlər görməlidir. Kəndin isə nəzarətə götürülməsi, orada karantin tədbirlərinin aparılması olduqca vacibdir. Çünki xəstəlik getdikcə daha yaxın ərazilərə keçə bilər. Xüsusən də qida məhsullarına nəzarətlə bağlı olan qurumlar da kəsilən ətlərin yoxlanmasına ciddi nəzarət etməlidir. Çünki qarayara xəstəliyinin yayılmasında xüsusən ət məhsulları rol oynayır.

Beləliklə, təcili karantin tədbirləri görülməli, əhali üçün, xüsusən də bu sektorda çalışan insanlar üçün ciddi maarifləndirici tədbirlərin keçirilməsi zəruridir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR