İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qadınların AĞCİYƏR TERRORU – Hər 66 qadından biri bunu edir

1472 07.08.2023 19:05 Sosial A A

"Təəssüf ki, Azərbaycanda siqaret çəkən qızların sayı kəskin artır. Ən pisi odur ki, tərgitmək bacarığına görə qadınlar kişilərdən çox geridə qalırlar. Yəni qadın orqanizminin siqaretdən imtina etməsi daha çətindir". "Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, Harvardda aparılan tədqiqat nəticəsində bəlli olub ki, hamiləlik dövründə siqaret çəkən qadınların dünyaya gətirdikləri övladları cinayətə qarşı daha çox meyilli olurlar.

İqtisadçı qeyd edib ki, statistikaya görə, Azərbaycanda hər 66 qadından biri siqaret çəkir:

"Amma düşünürəm ki, real rəqəm daha böyükdür. Çünki qadınlar bu tip məlumatın gizlədilməsinə önəm verirlər. Yəni real siqaret çəkən qadınlar statistikada olandan daha çoxdur. Bunu tibbi statistika başqa yolla isbatlayır. Süd vəzi və ağciyər xərçəngindən əziyyət çəkən qadınların sayı çox artıb. Çünki siqaretin tərkibində olan kanserogen törəmələr birmənalı olaraq xərçəngi stimullaşdırır. 10 il ərzində siqaret çəkən qadınların tibbi müayinələrinin nəticələrinə əsasən, onlar siqaret çəkməyən qadınlara nisbətən 25 dəfə artıq ağciyər xərçəngi xəstəliyinə tutulurlar".

Mütəxəssislər qeyd edir ki, qadınların orqanizmi, onların analıq funksiyası kimi məqamlar zərif cinsin nümayəndələri üçün siqareti xüsusilə zərərli edir. Statistik məlumata görə, Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkir. Əvvəllər ölkədə siqaret çəkən qadınların sıfır faiz təşkil etdiyi deyilsə də, son araşdırmalara görə, hazırda qadınların 1,5 faizi siqaret çəkir. Onların çox az qismi ictimaiyyətdən siqaret çəkdiyini gizlətmir.

Siqaretin təkcə tüstüsündə 4 mindən çox zərərli maddə var. Siqaret tüstüsü tütün bitkisinin yarpaqlarının tam yanmaması nəticəsində meydana gəlir. Tüstü qaz və dənəcik formasında olur. Tütünün tipi, yanma istiliyi, siqaretin uzunluğu, kağızının xüsusiyyətləri, filtr və tütünə əlavə edilən qatqı maddələri tüstünün qaz və dənəcik formasında olmasına təsir edən faktorlardır.

6fc43dbdc39e895cd8496e309918d109.jpg (102 KB)

Yanan siqaretin ucundakı istilik 900 dərəcə selsi ağızdakı istilik isə 30 dərəcəyə bərabərdir. Bu istiliklər səbəbi ilə tütün yarpağında olan maddələr dəyişikliyə uğrayır və yeni kimyəvi maddələr yaranır. Bir nəfəs siqaret tüstüsündə 300 milyon dənəcik olduğu müəyyən edilib.

Gündə bir qutu siqaret çəkən insanın minlərlə dəfə içə çəkmə hərəkəti etdiyini nəzərə alsaq, orqanizmə daxil olan zərərli kimyəvi maddələrin miqdarını asanlıqla anlamaq olar. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfi qədər asılılıq yarada bilir. Nikotin qanda oksigen daşınmasına mane olan və ölümə yol açan maddədir.

Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. Hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir.

Siqaret eyni zamanda bir qadın problemidir. ABŞ-da 1997-ci ildə 165 min qadın siqaretə bağlı xəstəliklərdən dünyasını dəyişib. 1987-ci ildə ağciyər xərçəngi qadınlardakı xərçəng xəstəlikləri arasında birinci sıraya yüksəlmişdi. 2000-ci ildə 68 min qadın ağciyər xərçəngindən ölüb. Halbuki eyni il 41 min döş xərçəngi ölümü reallaşıb. Aparılmış yeni tədqiqatlara əsasən, həyatları boyunca 100-dən artıq siqaret çəkən qadınlarda 30% döş xərçənginin yaranması ehtimalı var. Tədqiqatlar həmçinin aşkar edib ki, 10 il müddətində günə bir qutu siqaret çəkən 20 və 44 yaş arası qadınlarda döş xərçənginin geniş yayılmış formasının yaranması ehtimalı 60%-dir.

Kanadanın Albert Universitetinin mütəxəssisləri hesab edirlər ki, hətta nadir halda belə siqaret çəkən qadınlar daha erkən ölür. Onların hesablamalarına əsasən qadının siqaret çəkməyə davam etdiyi hər 5 ildə ölüm təhlükəsi 8 faiz artmış olur. Alimlər ABŞ-da 1976-cı ildən aparılan 30-55 yaş arası yüz min qadının iştirak etdiyi böyük milli tədqiqatın nəticələrini təhlil ediblər. Müəyyən edilib ki, hətta gün ərzində 1-14 arası nadirən siqaret çəkən qadınlarda ani ürək dayanması ilə əlaqədar erkən ölüm riski kifayət qədər yüksəkdir. Alimlərin də təsdiq etdiyi kimi, ani ürək ölümü qeyri-sağlam həyat tərzinin nəticəsi olan ürək problemlərinin nəticəsi kimi meydana çıxır. Tədqiqatçılar ani ürək ölümünün qarşısını maksimum ölçüdə almaq üçün mütləq qaydada dərhal siqaret çəkməyin tərk edilməli lazım olduğunu bildiriblər.

Müasir qadınların siqaretə daha gənc yaşlarından aludə olması və daha çox siqaret çəkmələri belələri arasında ciyər xərçəngi xəstəliyi riskinin kəskin dərəcədə artmasının əsas səbəblərindən biri sayılır.

Bəs Azərbaycanda siqaret çəkən qadınların sayı niyə artır?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Musavat.com-a danışıb.

ec7512b78cf1cded361961b830a05973 (1).jpg (88 KB)

Ekspert qadınlar arasında siqaret çəkənlərin sayının artmasının müxtəlif səbəbləri olduğunu deyib:

“İndiki dövrdə hər bir faktın, hadisənin bir neçə səbəbi olur. Siqaret çəkən qadınların sayının artmasının əsas səbəblərindən biri filmlər, seriallardır. Bir müddət qadınlar arasında belə bir dəb düşdü ki, guya siqaret çəkən qadınlar daha müasir, azaddırlar. Yəni birinci səbəb dəbdir.

İkincisi, qızların həyat tərzi buna sövq etdi. Məsələn, tez-tez elə məclislərdə iştirak etdilər ki, həmin məclislərdə siqaret çəkmək üstünlük, müasirlik sayılır. Yəni ən əsas səbəblərdən biri dəb, ikincisi isə qızların düşdüyü məclislərdir.

Digər səbəblərdən biri isə orta məktəblərdə, təhsil sistemində həyat haqqında düzgün məlumat toplanmamasıdır. Təhsil elə bir sistemdir, orada təkcə adama həm yaxşı bilik deyil, həm də doğru həyat tərzi aşılanmalıdır. Belə ki, orta məktəblərdə həm oğlanlara, həm də qızlara aşılanmalıdır ki, siqaret insan sağlamlığı üçün çox təhlükəlidir. Amma bizim məktəblərdə daha çox təhsil verməyə çalışılır, doğru həyat tərzindən o qədər də söz açılmır.

Bu məsələdə valideynlərin də üzərinə məsuliyyət düşür. Məsələn, biz şahidi oluruq ki, ana qızının və yaxud oğlunun yanında siqaret çəkir. Bu, qətiyyən yolverilməzdir. Anasının siqaret çəkdiyi görən uşaq böyük potensialla bu məsələyə yaxşı hal kimi baxır və tez bir zamanda həmin uşaqlar siqaret çəkməyə başlayır. Ona görə də aydınlaşdırmaq lazımdır ki, bu məsələdə hansı amillər var. Siqaretdən çox istifadə həm də cəmiyyətin keyfiyyət göstəricisidir. Bu o deməkdir ki, cəmiyətimizin sağlamlıq qayğısına o qədər də qalmırıq”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR