İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda pensiyaçıların sayı niyə azalır?

2076 30.03.2023 08:25 Sosial A A

Ekspert pensiyaçıların sayının 86 min 300 nəfər azalmasının səbəbini izah etdi

Azərbaycanda pensiyaçıların sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 114,2 min pensiyaçı qeydiyyatda olub. 2022-ci il yanvarın 1-i vəziyyətinə isə bu rəqəm 1 milyon 200,5 min idi. Beləliklə, pensiyaçıların sayı 86 min 300 nəfər azalıb.

Bəzi ekspertlərin fikrincə, pensiyaçıların sayının azalmasına səbəb 2017-ci ildən başlayaraq pensiya yaşının hər il 6 ay artırılması ilə əlaqədardır. Xatırladaq ki, Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq.

Bəziləri isə qeyd edir ki, bu sahədə saxta və əsassız pensiya işlərinin ləğv edilməsi pensaiyaçılarının azalmasına gətirib çıxarır.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Azərbaycanda qanunvericiliyə edilən dəyişikliyə görə hər il 6 ay olmaqla, təqaüd yaşının artırılması təqaüdçülərin sayına təsir göstərən amillərdən birinə çevrildi.

Həmçinin 2020-2021-ci ildə Azərbaycanda ölümlərin sayında kifayət qədər yüksəliş  oldu. Hətta bununla bağlı Avropa Şurasına daxil olan ölkələr arasında ən yüksək göstəricilər Azərbaycana aid idi. Yəni pandemiyaya qədər ölkədə ildə təxminən 54-55 min ölüm  faktı qeydə alınırdısa, pandemiya dövründə rəqəmlər birdən-birə 80-85 min nəfərə çatdı. Təqaüd yaşına çatacaq və ya təqaüd yaşında olan yaşlı insanların müxtəlif xəstəliklər üzündən həyatdan köçməsinin də statistik rəqəmlərə təsiri oldu. Həmçinin qanunvericiliyə edilən bəzi dəyişikliklərə görə təqaüd vaxtından  əvvəl təqaüdə çıxmaq məhdudlaşdı, əlilliyi olan insanlar üçün müəyyən tələblər sərtləşdirildi, təsnifat dəyişdirildi, artıq pensiya birinci, ikinci və ya üçüncü qrup əlilliyə görə deyil, faiz nisbəti ilə  hesablanmağa başladı. Beləliklə, bütün bunlar təqaüdçülərin sayının azalmasına təsir etdi".

Bu il isə Azərbaycanda pensiyaçıların sayında artım proqnozlaşdırılır.  Bu barədə “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb. Məlumatda bildirilir ki, növbəti ilin əvvəlində pensiyaçıların sayının 1118,1 min nəfər, ilin sonuna isə 1127,3 min nəfər olacağı proqnozlaşdırılır. Başqa sözlə, növbəti ilin əvvəli ilə müqayisədə sonunda pensiyaçıların sayında müsbət dinamikanın olacağı proqnozlaşdırılır ki, bu da həm kişilər üzrə yaşa görə pensiyanın təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinin sabitləşməsi, müraciət hüququ qazanan şəxslərin sayının artması nəticəsində yeni təyin edilmiş işlərin sayının uçotdan çıxarılmış işlərin sayında çox olması ilə əlaqədardır.

Natiq Cəfərli bu məsələyə də münasibət bildirərək, qeyd edib ki, Statistika Komitəsinin yaş qrupları üzrə ölkə əhalisinin təsnifatı var: “Onu əsas gətirərək düşünürlər ki, önümüzdəki 1-2 ildə pensiya yaşına çatan insanların sayı artacaq. Lakin çox təəssüf ki, Azərbaycanda orta ömürlülük də artmır. Xüsusən də kişilərdə orta ömürlülük yerində sayır, hətta bəzi azalmalar da var. Ona görə də Statistika Komitəsinin yaş qrupları üzə ölkə əhalisinin təsnifatını əsas gətirərək, pensiyaçıların sayının artacağını demək doğru deyil. Ola bilər ki, bu baş versin, amma orta ömürlülük yaşının da azalması bunun baş verəcəyinə heç də yüz faiz zəmanət vermir. Hesab edirəm ki, Azərbaycanda təqaüd sisteminə, təqaüd yaşı məsələsinə, təqaüdə çıxanların təsnifatına yenidən baxılmasına, bəlkə də təqaüd yaşının azaldılmasına ehtiyac var. Çünki ölkədə demoqrafik dinamikaya baxanda təqaüd yaşının artırılmasının o qədər də əhəmiyyəti olmadığını görürük. Məsələn, Avropada əhali qocadır, doğuş dinamikası aşağıdır, gənclərin sayı azdır, bu da gələcəkdə iş yerləri ilə bağlı problemlər yaradacaq deyə təqaüd yaşını artırırlar. Bizdə isə bununla bağlı problem yoxdur”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR