İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ilk dəfə Afrika Kinosu Günləri başlayıb - FOTOLAR

678 26.05.2023 13:49 Mədəniyyət A A

Mayın 25-də Mərakeşin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə Afrika Kinosu Günlərinin açılışı olub.

Musavat.com-un xəbərinə görə, açılış mərasimində Mərakeşin ölkəmizdəki səfiri Adil Embarç çıxış edərək Afrika Kinosu Günləri barədə məlumat verib.

Səfir 25-27 may tarixlərində davam edəcək nümayişlərdə Afrikanın 6 ölkəsinin hər birindən seçilmiş filmin nümayiş etdiriləcəyini bildirərək, hər kəsin təqdim olunacaq ekran əsərlərindən məmnun qalacağına əminliyini qeyd edib.

Həmçinin bildirilib ki, Azərbaycanda ilk olaraq keçirilən Afrika Kinosu Günləri istedadlı və iddialı gənc kinorejissorlar nəslinin təmsil olunduğu yenilənən Afrika kino sənayesi ilə Azərbaycan ictimaiyyətini tanış etmək məqsədi daşıyır. Bu tədbir həm də Afrika ölkələrini tanıtmaq, onların mədəniyyətlərini, iqtisadiyyatlarını və xüsusiyyətlərini azərbaycanlılara çatdırmaq, bununla da Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin möhkəmlənməsinə və şaxələndirilməsinə töhfə vermək üçün bir fürsət hesab edilir.

Tədbirdə ümumilikdə 6 film nümayiş etdiriləcək. Mərakeşlə yanaşı Kamerun, Qana, Mali, Ruanda və Çadda istehsal olunmuş əsərlərin təqdimatı nəzərdə tutulur.

Açılış mərasimində Qana kinematoqrafçıları tərəfindən 2017-ci ildə ekranlaşdırılmış “Keteke” filmi təqdim olunub. Rejissor Peter Sedufia tərəfindən çəkilən film 1980-ci illərin reallığını canlandırır. Filmdə Boy (Adjetey Anang) və hamilə Atvei (Lidia Forson) cütlüyü doğum etmək üçün Atveinin kəndinə getməyə çalışırlar. Lakin burada yeganə daşınma mənbəyi olan qatara çata bilmirlər və digər alternativ nəqliyyat axtarmağa məcbur olur, Qananın kəndlərində ekspromt macəraya çıxırlar.

“Keteke” filmi 2018-ci ilin dekabrında Mərakeşdə keçirilən illik Xuribqa Afrika Festivalında Qananı təmsil edib və münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR