İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda geyimlər bahalaşacaq? - Ekspertdən AÇIQLAMA  

1889 11.03.2022 19:03 İqtisadiyyat A A

Ukrayna-Rusiya müharibəsi dünyada demək olar ki, iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərib. Qida ilə yanaşı, qeyri-qida məhsullarında da qiymət artımı müşahidə edilir.

Bəs Azərbaycanda durum necədir?

Satıcıların sözlərinə görə, geyimlərin qiyməti keyfiyyətindən və hansı ölkədən idxal olunduğuna görə dəyişir. Məsələn, Türkiyə istehsalı olan geyimlər yüksək keyfiyyətli olsa da, qiymətlərində keçən ilə nisbətən artım var. Xüsusilə yeni yaz-yay kolleksiyalarında qiymət artımı müşahidə olunur. Vyetnam və Pekin istehsalı olan geyimlərdə isə qiymət və keyfiyyət nisbətən aşağıdır. Sezona bağlı olan geyimlərdə isə 50 faizə qədər endirimlər müşahidə edilir.

Satıcı Hikmət Qurbanov da, qiymətlərin mövsümə uyğun dəyişdiyini bildirib:

“ Hazırda qış geyimlərinin qiyməti əvvəlki aya nisbətən ucuzlaşıb. Amma mövsümlə əlaqəli növbəti həftələrdə qiymətlər daha da enəcək. O zaman yaz mövsümünün geyimlərini satışa çıxaracağıq və həmin geyimlərin qiyməti təbiidir ki, baha olacaq. Ona görə alıcılar növbəti qış mövsümünün geyimlərini indi alsalar, onlar üçün sərfəli olar”.

Alıcılar isə paltar almaq üçün çox pulun lazım olduğunu deyirlər.

“Dolanışıq yoxdur. Nəinki geyimlər, ərzaqlar da bahadır. 100 manatdan endirib, qoyurlar 70-80 manata, elə bilirlər ki, ucuzdur. 70 manata şalvar ucuzdur?! Vəziyyət elədir ki, artıq 5-6 ildir eyni paltarı geyinirik. 300-400 manat əmək haqqı alırıq. Bilmirik bir tikə çörək alaq, kommunal borclarımızı ödəyək, uşağa baxaq yoxsa paltar alaq. Hər şey od qiymətinədir. Qış paltarı, yay paltarı, yaz paltarı lazımdır. O həddə gəlib ki, yaz fəslini yay paltarları ilə yola veririk”,- deyə onlar bildirib.

İqtisadi ekspert Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a bildirib ki,  Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Azərbaycan bazarında əsas təsir elədiyi istiqamət ərzaq məhsulları və tikinti məmulatlarıdır:

“Bu bahalaşmaya səbəb Rusiya-Ukrayna müharibəsi deyil. Bizim bazarın kifayət qədər böyük hissəsi Rusiyadan təmin olunur. Bu bazarda ciddi qiymət artımları müşahidə olunacaq. Buğda ilə bağlı da qiymət artımı ola bilər. Qeyri-ərzaq məhsulları sahəsində bizim Rusiyadan asılılığımız yoxdur. Ən çox məhsul idxal etdiyimiz ölkə Çin və Türkiyədir.

Geyim məsələlərində artım ancaq logistikaya görə ola bilər. Yəni bu, artan yol xərcləri ilə bağlıdır. Əksinə, biz daha çox endirimlərin olmasını gözləyirik. Çünki insanların gəlirləri azaldıqca, alıcılıq qabiliyyətləri də azalır. Satış həyata keçirmək istəyən məntəqələr də bunu nəzərə alaraq, qiymətləri endirirlər”.

Geyim mağazalarında apardığımız araşdırmalardan sonra gəldiyimiz qənaət odur ki, qiymətlərin ucuzlaşıb, bahalaşması Rusiya-Ukrayna müharibəsinə görə deyil, mövsümün dəyişməsi, eyni zamanda rüsum və verginin artırılmasına görədir.

Nərminə Aydın, Anar Əhməd,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR