İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda da ürək köçürülmə əməliyyatları keçiriləcək - qiymətlər, keyfiyyət...

2252 23.05.2023 08:25 Yaşam A A

İdris Xəlilov: “Nə qədər insan ürək köçürülmə əməliyyatını gözləyir”; agentlik: “Hələ ki 2023-cü il üçün limitli qaydada...”

Azərbaycanda ürək transplantasiyası əməliyyatları həyata keçiriləcək. Bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dünən “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində deyib. Komitə sədri daha sonra iki il əvvəl “Orqan donorluğu və transplantasiyası haqqında” Qanunun qəbul edildyini xatırladaraq bildirib:

“Bu qanun Azərbaycanda ürək transplantasiyası əməliyyatlarını həyata keçirməyə imkan verir. Bu cür əməliyyatları həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz var. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti orqanlar tərəfindən müzakirələr aparılır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası əməliyyatlarına başlana bilər”.

Belə əməliyyatlar hansı klinikalarda aparılacaq? Donorlar kim olacaq? Azərbaycanda hazırda neçə belə xəstə “təzə ürək” gözləyir? Qiymətlər (qabaqcıl ölkələrlə müqayisə), keyfiyyət necə olacaq?

Məlumat üçün deyək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən əsas xəstəliklər arasında birinci yerdədir.  Dövlət Statistika Komitəsinin məlumatlarında da qeyd edilir ki, ölkəmizdə ölümlə nəticələnən xəstəliklər siyahısında qan dövranı sistemi xəstəlikləri ön sıralardadır. TƏBİB-dən isə bildirilir ki, 2020-ci ildə 0-17 yaş arası kardioloqlara müraciət edənlərin sayı 49 min, 2021-ci ildə 69 min, 2022-ci ildə isə 76109 nəfər olub. 18 və daha yuxarı yaş qrupunda olanlardan isə 2021-ci ildə 467 911 nəfər, 2021-ci ildə 491 678 nəfər, 2022-ci ildə isə 579 704 nəfər müraciət daxil olub. Hər il dünyada 18 milyon ölüm kardioloji xəstəliklər səbəbindən baş verir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur  Əliyev Operativ Qərargahda brifinq keçirib

Zaur Əliyev 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev açıqlamasında deyib ki, ürək-damar sistemi xəstəlikləri qrupuna aid ümumilikdə 400-ə yaxın diaqnoz üzrə xəstəliklər icbari tibbi sığortanın stasionar terapevtik müalicə təminatına daxil edilib: “Bura ürəyin işemik xəstəliyi, miokard infarktı, ürək qapaqlarının zədələnməsi, anadangəlmə ürək qüsurları və sair xəstəliklər daxildir. Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatların 70-dən çoxu ürək-damar sistemində aparılan əməliyyatlardır. Bunların sırasında aorta-koronar şuntlama, ürək damarlarına stentlərin yerləşdirilməsi və sair kimi əməliyyatlar yer alıb. Bundan başqa, ürək qüsurlarının diaqnostikası üçün istifadə olunan bir çox müayinələr də (elektrokardioqramma, doppler və rəngli exokardioqrafiya və s.) icbari tibbi sığorta hesabına həyata keçirilir.

Sevindirici haldır ki, icbari tibbi sığortanın tətbiqindən sonra bir çox cərrahi əməliyyatlar kimi ürək əməliyyatları da vətəndaşlar üçün daha əlçatan olub. Vətəndaşlarımız bu xidmətlərdən dövlət tibb müəssisələri ilə yanaşı, agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində də yararlana bilirlər. Təkcə ötən il agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində həm böyüklər, həm də uşaqlar üzərində 34000-dən çox ürək-damar əməliyyatı icra olunub. Cari ilin ilk 3 ayı üçün bu rəqəm 5000-dən çox təşkil edir. Bir məqamı da vurğulayım ki, dövlət tibb müəssisələrində kardioloji xidmətlərin təkmilləşdirilməsi məqsədilə agentlik tərəfindən bir sıra tədbirlər görülür. Belə ki, artıq bu ildən ilk dəfə olaraq TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanasında ürək-damar cərrahiyyəsi mümkün olacaq. İlin əvvəlində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi standartlara cavab verən İnvaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələri yaradıldı. Bu gün əminliklə deyə bilərik ki, ölkə üzrə tətbiqinə başlanılan icbari tibbi sığorta vətəndaşlarımızın sağlamlığını qorumaları üçün yeni imkanlar yaradıb".

Tanınmış kardioloq: “Mən pasiyentlərimin 90 faizinə bir dərman yazıram” -  Azinforum.az İnformasiya Portalı

 İdris Xəlilov

Tanınmış kardioloq İdris Xəlilov “Yeni Müsavat”a dedi ki, bütün dünya ölkələrində olduğu kimi, bizdə də ürək köçürülməyə hər zaman ehtiyac var: “Nə zaman ürəyin köçürülməsinə ehtiyac yaranır? Ürək bir motordur və əgər o, işini yerinə yetirə bilmirsə, ona kömək etmək mümkün deyilsə, onda ürək köçürülmə zərurəti üzə çıxır. Bəs nə vaxt ürək işləyə bilmir? Hazırda həm dünyada, həm də bizdə ürək cərrahiyyəsi pik həddədir. Ürək damarları əgər sıradan çıxarsa, ürək damarlarına stend qoymaq olur. Ürək qapaqları sıradan çıxırsa, onları dəyişmək, yaxud onları İnvaziv müayinə etmək mümkündür. Amma əgər ürək əzələsi sıradan çıxırsa, yəni ürək əzələsi normalda qanın 50 faizini vura bilmirsə, onun motor funksiyası aşağı düşürsə, bu pasiyentləri müalicə etmək demək olar ki, problemdir, mümkün deyil. Bunlar bilavasitə ürək köçürülməyə namizəddir”.

Həkim əlavə edib ki, ürək köçürmə əməliyyatı o qədər də çətin əməliyyat sayılmır: “Bu, ürəyin qapaq əməliyyatlarından da sadədir. Amma əgər qanda problem varsa, bu zaman donor tapmaq problemi olur, çox təəssüf ki, böyrək köçürmədə böyrəyin birini köçürmək olar, amma heç bir normal insanın ürəyini başqalarına köçürmək mümkün deyil. Burada böyük dilemmalar, etik suallar var. Burada bütün məsələlər aydınlaşdırılıb. Bizdə də yəqin belə olacaq. İnsanın ürəyi sağlamdırsa, onun qanun və etik tərəfi həll olunursa, onda ürək köçürmək mümkündür.

O ki qaldı kimlərin buna ehtiyacı var. Hətta uşaqların da, hər kəsin, böyüklərin də buna ehtiyacı olur. Nə qədər insan bizdə bunu gözləyir, buna çox böyük ehtiyac var".   

Azərbaycanda ürək köçürülmə əməliyyatları İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil edilibmi və bu, hansı klinikalarda həyata keçiriləcək? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirdi ki, hazırda Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  tərəfindən 2023-cü il üçün Xidmətlər Zərfinə limitli qaydada qaraciyər, böyrək, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının əlavə edilməsi təklif olunub. Sənəd təsdiqləndikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək".

Qurum rəsmisi əlavə edib ki, Xidmətlər Zərfinə daxil olacaq orqan transplantasiya əməliyyatlarının xərcləri icbari tibbi sığorta çərçivəsində qarşılanacaq: “Qiyməti də sənəd təsdiqlənəndə qarşısında qeyd  olunacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR