İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 17 qadın öldürüldü - HƏYƏCAN TƏBİLİ

1239 11.05.2024 23:10 Kriminal A A

Vəkil Zibeydə Sadıqova 2024-cü ilin 4 ayı ərzində Azərbaycanda qətlə yetirilən qadınların adlı siyahısını paylaşıb.

Musavat.com xəbər verir ki, siyahıda 17 qadın var.

ZIBEYDE.jpg (14 KB)

Vəkil özünün sosial şəbəkədəki hesabında bunları qeyd edib:

"Bu gün İstanbul Konvensiyasının imzalandığı gündür. Bu Konvensiyanı bəyənməyənlər üçün yanvar ayından bu günə kimi öldürülən qadınların siyahısı:

5 may 2024-cü il, Bakı şəhəri. Ayşən Məmmədova - 22 yaş - əri öldürüb.

2 may 2024-cü il. Ağcabədi rayonu. Nəzmiyyə Məhərrəmova - 33 yaş - qaynı öldürüb.

28 aprel 2024-cü il. Abşeron rayonu. Ağayeva Sevinc - 49 yaş - əri öldürüb.

19 aprel 2024-cü il. Tovuz rayonu. Türkanə Məmmədova - 34 yaş - sevgilisi benzin tökərək yandırıb və sonradan ölüb.

19 aprel 2024-cü il. Şəki. Çimnaz Mikayılova - 64 yaş - meyiti çayda aşkarlanıb.

9 aprel 2024-cü il. Göygöl rayonu. Könül Qədimova - 36 yaş - meyiti aşkarlanıb.

7 aprel 2024-cü il. Goranboy rayonu. Alidə Kazımova - 45 yaş - oğlu bıçaqlayaraq öldürüb.

5 aprel 2024-cü il. Bakı şəhəri. Aygül Quliyeva - 32 yaş - əri bıçaqlayaraq öldürüb.

26 mart 2024-cü il. Biləsuvar rayonu. Sevil Əlili - 25 yaş - əri öldürüb.

22 mart 2024-cü il. Xaçmaz rayonu. Səfurə Balacayeva - 66 yaş - qaynı oğlu öldürüb.

10 mart 2024-cü il. Mingəçevir şəhəri. Aytən Məmmədova - 37 yaş - keçmiş əri öldürüb.

2 mart 2024-cü il. Yevlax şəhəri. Laləzar Bəkirova - 37 yaş - əri öldürüb.

2 mart 2024-cü il. Qobustan. Günel Sadıqova - 42 yaş - əri öldürüb.

13 fevral 2024-cü il. Bakı şəhəri. Sevinc İbrahimova - keçmiş əri 6 bıçaq zərbəsi ilə küçədə öldürüb.

17 yanvar 2024-cü il. Bakı şəhəri. C.M. - 33 yaş - əri güllələyib.

11 yanvar 2024-cü il. Qaradağ rayonu. Pərvanə Zeynalova - 50 yaş - əri öldürüb".

Vəkilin bəhs etdiyi İstanbul Konvensiyası nədir?

Türkiyə 2011-ci ildə İstanbulda imzalanması üçün açıq elan olunan Konvensiyanı ratifikasiya edən ilk ölkə olub. Lakin 10 il sonra bu müqavilədən çıxıb. Bununla da Konvensiyanı imzalamış ölkələrin sayı 45-dən 44-ə, ratifikasiya edənlərin sayı isə 34-dən 33-ə düşüb.

Türkiyədə bu konvensiyaya qarşı çıxanlar onun ailə quruluşuna ziyan vurduğunu və bu sənədə baxmayaraq, qadınlara qarşı cinayətlərin getdikcə artdığını iddia edirdilər.

Konvensiyanın tərəfdarları isə bu sənədə əsaslanaraq qadınları qorumaq üçün daha çox iş görülməsinin vacibliyini və bu sazişdən çıxmağın qadın hüquqları uğrunda mübarizədə geriyə atılan addım olacağını söyləyirdilər.

Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması, ona qarşı mübarizə haqqında" İstanbul Konvensiyası 2011-ci ildə Avropa Şurası Nazirlər Kabinetinin İstanbulda keçirilən toplantısında ölkələrin qoşulması üçün açıq elan olunub.

İstanbul Konvensiyası qadınları hər cür şiddət və ayrıseçkilikdən qorumağı, qadın və kişilər arasında bərabərliyi təşviq etməyi, bu məqsədlər üçün hərtərəfli proqram, siyasət və tədbirlər hazırlamağı, bu mövzuda beynəlxalq əməkdaşlığı genişləndirməyi hədəfləyir.

Konvensiyada qadına qarşı zorakılığın "qadınlarla kişilər arasındakı tarixi qeyri-bərabər güc münasibətlərinin bir təzahürü olduğu" qeyd olunur.

Konvensiyanın müddəalarının əməli şəkildə həyata keçirilməsini təmin etmək üçün Qadınlara qarşı zorakılıq və məişət şiddətinin qarşısının alınması üzrə ekspert qrupu, qısaca GREVIO kimi tanınan bir monitorinq və nəzarət komitəsi fəaliyyət göstərir.

2011-ci il mayın 11-də imzalanmaya İstanbulda açıq elan olunduğu üçün İstanbul Konvensiyası adı ilə tanınan Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Konvensiyasını ilk imzalayan və təsdiqləyən ölkə Türkiyə olmuşdu.

Konvensiyada "qadınlara qarşı şiddət" tərifi "istər ictimai, istər şəxsi həyatda" meydana gələn hər cür fiziki, cinsi, psixoloji və ya iqtisadi şiddəti, şiddət təhdidini və diskriminasiya hallarını əhatə edir.

Konvensiyada "ailədaxili zorakılıq" məfhumu "indiki və ya əvvəlki ər-arvad və ya birlikdə yaşayan fərdlər arasında, qurbanla eyni yerdə yaşayıb-yaşamamaqdan asılı olmayaraq" bütün zorakılıq hallarını əhatə edir.

Bu müqavilə 18 yaşına çatmamış qızlara da şamil edilə bilər.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR