İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı indi də qərəzli “köləlik hesabatı”

1816 09.06.2023 09:16 Sosial A A

Ekspertlər: ““Qlobal köləlik indeksi"nə dair hesabatda ölkəmizlə bağlı əsassız, qeyri-dəqiq, obyektivlikdən uzaq rəqəmlər var”

“Qlobal köləlik indeksi”nə dair yeni hesabat açıqlanıb. Bu indeksi Beynəlxalq Əmək Təşkilatı, Walk Free Fondu və Beynəlxalq Miqrasiya təşkilatı hazırlayır. “Müasir köləlik” deyərkən, məcburi əməklə məşğul olmaq, borca işləmək, insan alverinin qurbanı olmaq, seksual istismar və eləcə də məcburi nikah halları nəzərdə tutulur.

Hesabatda Azərbaycanla bağlı göstəricilərə də yer verilib. Həmin rəqəmlərə görə, ölkədə hər min nəfərə düşən müasir köləlik göstəricisi 10.6-dır. Bu o deməkdir ki, Azərbaycanda 107 min nəfər müasir köləlikdən əziyyət çəkir. Avropa və Mərkəzi Asiya bölgəsindəki toplam 47 ölkə arasında Azərbaycan müasir köləlik göstəricisinin ən yüksək olduğu 10-cu ölkədir. Azərbaycanla eyni regionda yerləşən Ermənistan və Gürcüstanda mövcud durum Azərbaycanla müqayisədə nisbətən yaxşıdır. Ermənistanda əhalinin hər min nəfərinə düşən müasir köləlik göstəricisi 8.9-dur və Azərbaycanla müqayisədə 16 faiz azdır. Cənubi Qafqazda ən yaxşı nəticə Gürcüstana aiddir. Burada əhalinin hər min nəfərinə düşən müasir köləlik göstəricisi 7.8-dir və Azərbaycanla müqayisədə 26 faiz azdır.

Bu hesabatın hazırlanması mexanizmi nə qədər obyektivdir, necə olur ki, Gürcüstan və Ermənistanda vəziyyət bizdən yaxşıdır?

Aqil Məmmədov: “Benzin, amortizasiya xərcləri, maddi məsələlər var,  maaşımız artırılsa, yaxşı olar...” Pravda.az

Aqil Məmmədov

Milli Məclisin əmək və sosial siyasət Komitəsinin və regional məsələlər Komitəsinin üzvü Aqil Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Beynəlxalq Əmək Təşkilatı, Walk Free Fondu və Beynəlxalq Miqrasiya təşkilatının adından yayılan “Qlobal köləlik indeksi”nə dair hesabatda Azərbaycanla bağlı tamamilə əsassız, qeyri-dəqiq, obyektivlikdən uzaq rəqəmlər var.  Belə görünür ki, həmin hesabatı hazırlayanlar Azərbaycana qarşı qərəzli mövqedədirlər və onların məlumat aldıqları mənbələr isə ya Azərbaycana düşmən mövqedə olan şəxslərdir, ya da heç bir inkişafı görmək istəməyən, hər şeyi qara rəngdə təqdim etməyi özlərinə adət seçən marginal qruplardır: “Bu cür düşmən mövqedə olan və qeyd etdiyim marginal qrupların göndərdiyi saxta, yalan, həqiqətdən uzaq informasiyalar əsasında müxtəlif hesabatlarda Azərbaycanın adının mənfi şkalada göstərilməsi ilk dəfə deyil. Azərbaycanın inkişafını, qələbəsini gözü götürməyən, qəbul edə bilməyən bir sıra beynəlxalq təşkilatlar, beynəlxalq səviyyəli QHT-lər ölkəmizə böhtan atmaq siyasətindən əl çəkmirlər. Haqqında söhbət gedən hesabatı da böhtan siyasətinin davamı sayırıq. Azərbaycanın adının qarşısında “ölkədə hər min nəfərə düşən müasir köləlik göstəricisi 10.6-dır” kimi qeyd edilməsi böhtandır. Bu cür hesabatı hazırlayanlar Azərbaycanın iqtisadi, sosial inkişafını görmürlər və ya görmək istəmirlər. Hesabatda Azərbaycanla bağlı məqamlar qərəzli şəkildə təhrif olunub. Azərbaycanda iqtisadi göstəricilər digər iki Cənubi Qafqaz ölkəsi ilə müqayisədə üstündür. Bunu danmaq üçün gərək reallıq hissini unudasan. Həm iqtisadi artım, həm milli gəlir, həm də adam başına düşən ümumi daxili məhsulun həcmi bizdə daha yüksəkdir. Neft-qaz gəlirləri hesabına ölkədə bir sıra sosial layihələr həyata keçirildiyi məlumdur. Azərbaycanda sosial yönümlü siyasət yürüdülür. Azərbaycan regionda aztəminatlı ailələrə sosial müavinət verən tək ölkədir. Kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində addımlar atılır. İşğaldan azad edilən rayonlarda həyata keçirilən genişmiqyaslı tikinti işləri ümumilikdə məşğulluğun səviyyəsinin artmasına müsbət təsir göstərib. Azərbaycanda minimum əməkhaqqı və orta aylıq əməkhaqqı bu yaxınlarda bir daha artırılıb. Sosial-iqtisadi inkişaf göstəricisini əks etdirən çoxsaylı nümunələr göstərə bilərəm. İnkişaf səviyyəsi Ermənistan və Gürcüstandan daha yüksək olan Azərbaycanda  hesabatda əksini tapan rəqəmlər reallığı əks etdirmir. Özləri kölə xislətində olanlar Azərbaycanlıları kölə görməyi arzulayırlar. Arzularını isə bu cür qondarma hesabatlara daxil edirlər".

Mushfig shekil-1.jpg (231 KB)

Müşfiq Ələsgərli

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Media eksperti Müşfiq Ələsgərli isə bildirdi ki, “Qlobal köləlik indeksi”nin subyektiv mülahizələrlə hazırlandığını və tendensiyalı olduğunu  isbatlamaq üçün geniş araşdırma aparmağa zərurət yoxdur. Bu  hesabatda “müasir köləlik” standartları üzrə  Ermənistanın Azərbaycana nisbətən daha yaxşı durumda olduğunun qeyd edilməsi faktına diqqət yetirmək kifayətdir ki,  hesabatın obyektivliyini mübahisələndirmək mümkün olsun: “İndeksdə qeyd edilir ki, Ermənistanda əhalinin hər min nəfərinə düşən müasir köləlik göstəricisi 8.9-dur, yəni  Azərbaycanla müqayisədə 16 faiz azdır. Təsəvvür formalaşdırılır ki, məcburi əməklə məşğul olmaq, borca işləmək, insan alverinin qurbanı olmaq, seksual istismara məruz qalmaq və digər sosial göstəricilər üzrə Ermənistan ön sıralardadır, Azərbaycan isə bərbad vəziyyətdədir.  Amma dünyanın məşhur analitik mərkəzlərinin və ya obyektiv araşdırma materialları dərc edən  KİV qurumlarının hazırladıqları materiallara baxsaq, tamamilə fərqli mənzərənin şahidi olarıq. Məsələn, bu kontekstdə  ”Jamestown.org" xəbər portalının təqdimatları müqayisə üçün yaxşı nümunədir. “Jamestown.org” xəbər portalının analitik tədqiqat yazılarından biri  Ermənistanda demoqrafik durumu  təsvir edir. “Ermənistanın demoqrafik çöküşü” başlığı ilə təqdim edilən məqalə “data jurnalistikanın” standartları ilə hazırlanıb, rəqəmlərin müqayisəsi verilib. Oxuyarkən aydın olur ki, SSRİ dövründə, İttifaq büdcəsindən dotasiya aldığı zamanlarda Ermənistan əhalisi sürətlə artıb.  1990-cı illərdə, yəni SSRİ-nin  dağılması ərəfəsində  təqribən 3 milyon   200 min nəfər civarında əhalisi olub. Hazırda isə Ermənistan əhalisinin sayı rəsmi statistikaya görə  2 milyon 951 min nəfər, qeyri -rəsmi məlumatlara görə isə 2 milyon nəfər civarındadır. Fərq etməz, hər iki rəqəmdən çıxan nəticə budur ki,  müstəqillik  dövründə, yəni son 30 il ərzində Ermənistan əhalisinin sayı artmayıb, əksinə, sürətlə azalıb. Analoji məqalədə  Azərbaycanın da təsviri var. Göstərilir ki, 1990-cı ildə, yəni  müstəqillik qazanmaq ərəfəsində  7 milyon 131 min nəfər əhalisi olan Azərbaycanda 2020-ci ildə əhali sayı  10 milyon nəfəri keçib. Deməli, Ermənistandan fərqli olaraq,  son 30 il ərzində Azərbaycan əhalisi azalmayıb,  artıb. “Jamestown.org” geniş şərh vermir, mövqe bildirmir, sözlə  Ermənistanı pisləmir. Sadəcə rəqəmlərdə hər şeyi izah edir,  çox aydın təsəvvür yaradır. Məntiqi nəticə çıxır: əgər  Ermənistanda  sosial göstəricilər, əhalinin  rifah halı  Azərbaycandan yüksəkdirsə, onda hansı məntiqlə Ermənistan əhalisinin sayı azalır, Azərbaycan əhalisi isə artır? Axı, beynəlxalq standartlara görə ölkələrdə sabit demoqrafik artım tempi həm də  sosial-iqtisadi inkişafın, rifah halının təzahürlərindən biri kimi qəbul edilir".

Ekspert qeyd etdi ki, əgər dünyanın məşhur analitik mərkəzlərinin və ya obyektiv araşdırma materialları dərc edən  KİV qurumlarının hazırladıqları alternativ hesabatları oxusaq, buna bənzər 100-lərlə fakt görə bilərik. Həmin faktlar Ermənistanda sosial standartların acınacaqlı halda olması, ən azı, Azərbaycandan pis vəziyyətdə olması barədə təsəvvür formalaşdırır: “Qeyd etdiyimiz kimi, bunu rəqəmlərlə, faktlarla isbata yetirirlər. Bəs onda ”Qlobal köləlik indeksi"ni hazırlayanlar hansı məntiqlə Ermənistanı önə çəkirlər? Bu suallar verilməlidir, təhlillər aparılmalıdır, real nəticələr ortaya qoyulmalıdır. Amma təəssüf ki, “Erməni şəbəkəsinin” təbliğatçısına çevrilmiş Azərbaycanın radikal  müxalifət təmsilçiləri  bu məqamın üzərindən keçirlər, yanlış təbliğat aparırlar, insanların fikirlərini çaşdırırlar, reallıqları görmələrinə mane olurlar. Qeyd etmək zəruridir ki, 44 günlük müharibədə-II Qarabağ savaşındakı məğlubiyyətdən sonra erməni şəbəkəsinin Azərbaycana qarşı informasiya  təxribatları şiddətlənib; daxildəki “5-ci kolon” təmsilçilərinin  erməni şəbəkəsinə dəstək verməsi isə durumu ağırlaşdırır. Ölkə əhalisini çaşdırmaq, qalibiyyət ruhunu öldürmək üçün çeşidli mövzular tapılıb gündəmə gətirilir. Bu kontekstdə guya  “Ermənistanda sosial təminatların Azərbaycandan yüksək olması” qismində qondarma iddialar  da yer tutur. Bu təbliğatlar yalançı, qondarma faktlar üzərində qurulur, reallığı əks etdirmir. Qısaca deyə bilərik ki,  “Qlobal köləlik indeksi” üzrə təbliğat qurub Azərbaycanı gözdən salmağa çalışanlar  özləri “köləlik sindromu”ndan əziyyət çəkənlərdirlər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR