İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yenidən çizilən beynəlxalq yükdaşımalar sisteminin mühüm oyunçusuna çevrilir

2097 19.09.2022 11:36 İqtisadiyyat A A

Ukraynadakı müharibə və Rusiyaya qarşı tətbiq olunan kəskin sanksiyalar beynəlxalq siyasi, iqtisadi və ticari münasibətlərin yenidən qurulmasına gətirib çıxarmaqdadır. Dünyanın münasibət sistemi bütünlüklə yenidən düzənlənir. Bu düzənləmədə əlverişli coğrafi-iqtisadi mövqeyi olan ölkələr yenidən çizilən əlaqələr xəritəsində üzərinə daha çox rol götürməklə əhəmiyyətli oyunçuya çevrilə biləcək.

Belə ölkələrdən biri Azərbaycandır. Hazırda Azərbaycana bir-biri ilə ölüm-dirim savaşına çıxmış hər iki qütbün ehtiyacı yaranıb: Avropa və Asiya Rusiya üzərindən qırılan ticarət əlaqələrinin kənar ərazilərdən düzənlənməsinə çalışır və burada açar nöqtə Azərbaycandır. Çünki Asiyadan Avropaya yüklərin Rusiyadankənar mühüm daşıma marşrutu ölkəmizdən keçir. Qərblə ticarəti sıfırlanan Rusiya Asiyadakı tərəfdaşları ilə ticarətini genişləndirmək üçün Azərbaycana ehtiyac duyur: ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin də açar nöqtəsidir.

Ötən həftə Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Azərbaycanın Asiyadan Avropaya yükdaşımaların reallaşdığı Orta Dəhliz, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə getdikcə artan yükdaşımaların reallaşması üçün yaratdığı infrastruktur barədə məlumat verib. Bildirib ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Bakı Gəmiqayırma Zavodu | Azerbaijan Investment Company

Belə ki, hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Yenidən qurulan və modernləşdirilən Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir.

Ələtdə inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər.

Hər iki nəqliyyat dəhlizi ilə ölkəmiz üzərindən yüklərin daşınması üçün zəruri olan avtomobil və dəmiryol infrstrukturunda da ciddi işlər görülüb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir;

AZAL-ın təyyarəsi Zəngilan Beynəlxalq Hava Limanına texniki eniş icra edib  (FOTO) - Turkic World

Azərbaycan həmçinin 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

Nəhayət, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb.

Artıq məlum olduğu kimi, Ukraynaya hücum edən Rusiya ən kəskin sanksiyalarla üzləşməkdədir. Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın Qərb dövlətləri iləxarici ticarətinə çox böyük zərbə vurur, bu zərbənin mənfi təsiri getdikcə artacaq. Sanksiyalar həmçinin Rusiyanın Asiya ilə Avropa arasındakı tranzit mərkəzi rolunun sürətlə itirilməsinə gətirib çıxarıb. Xüsusilə Avropa Birliyi ilə Rusiyanın qarşılıqlı şəkildə öz limanlarını digərinin gəmilərinə bağlaması tərəflər arasında yükdaşımaların minimuma düşməsini şərtləndirib.

Beynəlxalq yükdaşıma şirkətləri həm Ukrayna ilə həmrəylik nümayiş etdirmək, həm də sanksiyaların təsirinə düşməmək üçün Rusiya ərazisindən yükdaşımaları dayandırmağa, yükləri yeni marşrutlara yönəltmək imkanlarını genişləndirməyə başlayıblar. Belə marşrutlardan biri Azərbaycan ərazisindən keçən Cənub Transxəzər marşrutudur. Aprel ayında bu marşrutla Çinin Sian şəhərindən ilk konteyner qatarı Rusiyadan yan keçərək Çindən Avropaya yola düşüb. Yük Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiya vasitəsilə Sian şəhərindən Mannheymə (Almaniya) göndərilib.

May ayının 10-da isə Finlandiyanın Rusiyada fəaliyyətini  "Nurminen Logistics" şirkətinin ilk konteyner qatarı Çinin Çonqinq şəhərindən  yola düşüb. Marşrut Çindən başlayaraq Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniyadan keçərək Mərkəzi Avropaya qədər uzanır.

"Nurminen Logistics" şirkəti bildirir ki, dəmir yolu və dəniz nəqliyyatını birləşdirən Transxəzər marşrutu müasir nəqliyyat zəncirlərinin ehtiyaclarına mükəmməl cavab verir. Burada vaxt və ekoloji təmizlik mühüm rol oynayır, Çindən Mərkəzi Avropaya daşınma müddəti dəniz daşımasından təxminən üç dəfə tez başa gəlir.

Qeyd edək ki, Azərbaycan son illərdə Transxəzər marşrutuna daxil olan ölkələrlə qarşıqlı iqtisadi əlaqələri sürətlə dərinləşdirib. Bu nöqteyi-nəzərdən uzun illər münasibətlərin soyuq olduğu Türkmənistanla Azərbaycan arasında yaranan istiləşmə diqqəti cəlb edir. İki ölkə aralarında Xəzər dənizindəki neft-qaz yatağı ilə bağlı yaranan mübahisəni həll edib, eyni zamanda iqtisadi-siyasi əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmağa nail olub.

Azərbaycan Dəmir Yolları" müəyyən yüklərə güzəştləri ləğv edib | Banco.az

Orta Dəhlizin digər iştirakçı ölkəsi Qazaxıstanla da münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu ilin fevral-mart aylarında Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları əlaqələndirəcək birgə müəssisə yaradılıb. Aprel ayında isə "Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Özbəkistan Dəmir Yolları” SC iki ölkə arasında yükdaşımaların artırılması, eləcə də ikitərəfli məsələlərin həlli üçün işçi qrupu yaradıb. Tərəflər “Asiya-Sakit okean ölkələri –Çin- Qırğızıstan- Özbəkistan- Türkmənistan -Azərbaycan - Gürcüstan - Türkiyə- Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan fəaliyyətləri, iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini nəzərdən keçiriblər. Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması, təmir üçün texniki və texnoloji yardımın göstərilməsi, iki ölkə ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə... » Qanun və Hədəf

Mayın 9-10-da Türkiyənin paytaxtı Ankarada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası keçirilib. İclas çərçivəsində dəhlizin inkişaf strategiyası, yükdaşımaların həcmi, marketinq planı və 2022-ci il üçün tarif siyasəti müzakirə olunub. Bu il dəhlizdə daşımaların həcminin 6 dəfə artacağı gözlənilir.

İyun ayında bu beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması layihəsinin iştirakçı ölkələrinin dəmiryolu administrasiyaları bu dəhlizlə yük daşımaları üçün güzəştlərin tətbiqi barədə razılığa gəliblər. Layihə Çindən Avropaya qarışıq yük daşımalarını nəzərdə tutur. Layihə çəvçivəsində yüklərin böyük hissəsinin konteyner qatarlarla daşınması planlaşdırılır.

Ölkəmizin marşrutun digər iştirakçıları olan Özbəkistan və Qırğızıstanla da qarşılıqlı münasibətləri dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf etdirilir.

Azərbaycan həmçinin Gürcüstan və Türkiyə ilə mövcud olan çox sıx əməkdaşlıq üçbucağının aktiv həlqəsi kimi, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirir.

Son altı ayda gedən proseslər Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinə ehtiyacını kəskin artırıb. İndiyədək bu dəhlizə böyük maraq göstərməyən Moskva artıq onun işə salınması prosesini maksimum sürətləndirməyə çalışır. Bu isə dəhlizin Azərbaycandan keçən hissəsinə də ehtiyacı artırır. Belə ki, Asiyadan İran-Türkmənistan-Qazaxıstan üzərindən keçməklə yüklərin Rusiyaya və əksinə daşınması çox vaxt aparır. Türkmənistanın mövcud infrastrukturu yükdaşımaların ciddi artırılmasına imkan vermir. İran və Rusiyanın Xəzər dənizindəki mövcud yükdaşıma imkanları da həmçinin. Bu isə Azərbaycan üzərindən keçən quru yolların – avtomobil və dəmiryollarının əhəmiyyətini artırır.

Sentyabr ayında Azərbaycan, İran və Rusiyanın nəqliyyat nazirləri Bakıda dəhlizin dəmiryol seqmenti üçün mühüm əhəmiyyət kəsb edən Rəşt-Astara dəmir yolunun tikintisinin detallarını müzakirə ediblər. Müzakirələr "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirilmiş birinci üçtərəfli görüş çərçivəsində aparılıb. Görüşün yekunlarına dair imzalanan Bakı Bəyannaməsinə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirir və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

Sənəddə qeyd olunur ki, tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olur üçün Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayırlar. Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildirirlər.

Rəşt-Astara dəmir yolu bu il istismara verilə bilər - 20.04.2022, Sputnik  Azərbaycan

Proseslərin gedişi göstərir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları uzunmüddətli dövr ərzində aradan qaldırılmayacaq. Bu baxımdan, Azərbaycan yaxınmüddətli dövr ərzində Şimal marşrutundan qopan yüklərin mümkün qədər çox hissəsinin öz ərazisindən keçməsini təmin etmək üçün zəruri infrastruktur və şərtləri çox sürətlə təmin etməlidir. Bunun üçün yüklərin bir  deyil, bir neçə istiqamətdə ötürülməsi təmin olunmalıdır. Bu baxımdan, Azərbaycanın Şərqi Zəngəzurdan İran-Naxçıvan-Türkiyə marşrutu ilə yükdaşımaları təmin etmək üçün Tehranla əldə etdiyi razılaşma mühüm nailiyyətdir. Artıq bu istiqamətdə avtomobil və dəmiryollarının layihələndirilməsi işləri aparılır. Azərbaycan ərazisində hər iki yolun tikintisi sürətlə aparılır. Yaxın vaxtlarda İran ərazisində də işlərin başlanması gözlənilir.

Azərbaycan həmçinin Ermənistan ərazisindən keçməklə də Naxçıvana və Türkiyəyə çıxış əldə etməkdə qərarlıdır. Ermənistanın bu prosesi əngəlləməsi faktiki olaraq onun özünün növbəti böyük regional layihədən kənarda qalmasına gətirib çıxaracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR