İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Avropa marketlərində son durum - bizdə ərzaq boldur, onlarda isə... FOTO

1929 14.03.2022 20:03 Reportaj A A

 

Koronavirus pandemiyası dövründə dünya boyunca ölkələrin iqtisadiyyatına ciddi ziyan dəydi. O cümlədən ölkəmizdə də bəzi qida məhsulları bir müddət məhdud sayda satıldı, sonradan vəziyyət düzəldi.
İndi isə koronavirus pandemiyası ilə yanaşı, dünyada baş verən müharibələr, siyasi və iqtisadi proseslər ərzaqların tükənməsinə gətirib çıxarır.

Hazırda bir çox Avropa və MDB ölkələrində marketlərdə mallar qıtlaşıb, hətta vitrinlər boş qalıb. Bu hal xüsusilə də Almaniyada müşahidə olunur.

Mövzu ilə bağlı Almaniyada yaşayan Jurnalist Fərahim İlqaroğlu ilə əlaqə saxladıq. Fərahim İlqaroğlu Musavat.com-a açıqlamasında Almaniyada məhsulların tükənməsi probleminin pandemiyanın ilk günlərində də başladığını bildirib:

“Hökumət çağırış edirdi ki, ola bilər ərzaq qıtlığı yaransın. Məsələn un, yağ, makaron kimi qidalarda çatışmazlıq yarana bilər. Pandemiyaya görə logistik zəncirlər qırılıb.
Hazırda eyni vəziyyət davam edir. Xüsusilə Ukraynadan gələn məhsullarda bunu müşahidə etmək olar. Logistik zəncir qırıldığı üçün ordan məhsul gətirən TIR-lar artıq gələ bilmirlər. Nəticədə də Ukraynadan gələn günəbaxan yağı, un kimi xammal məhsullar gəlmədiyinə görə buradakı anbarlarda ərzaq azalır və qıtlıq yaranır.
Almaniyada marketlər çıxış yolu olaraq limit sisteminə keçirlər. Yəni hər şey limitli sayda satılır. Məsələn, bəzi mağazalarda bir adam 1-2 ədəd yağ ala bilər, digərlərində 3-4 və s. Marketlər bu problemi belə həll etməyə çalışırlar. Amma nə qədər belə davam edəcək bilinmir.

Almaniya ilə əməkdaşlıq edən Ukrayna və Rusiya şirkətləri demək olar ki, əlaqələri dayandırıb. Xammal gəlmədiyi üçün şirkətlərin nə çıxış yolu var, nə də alternativ yolu.
Alternativ variant kimi Afrikanın şimalında olan ölkələr düşünülür. Lakin ordan da xammal gətirmək əlavə xərc tələb edir. Nəzərə alsaq ki, dəniz yolu ilə gələcək xammallar xeyli vəsait və vaxt itkisi deməkdir. Bu da normal olaraq məhsulların qiymətinə təsir edəcək.

Hökumətin bununla bağlı planı yoxdur. Yanacağın da qiymətinin qalxması qiymətlərə təsir edir. İlk dəfədir ki, dizel benzini üstələyib. Logistik fəaliyyəti həyata keçirən TIR-lar dizel yanacağı ilə işləyir. Dizelin hazırda qiyməti 2.50- 3 avroya qədər çatıb.

Ümumilikdə məhsullar da 50-80 faiz qiymət artımı qeydə alınıb. Hökumət istəyir ki, yanacağa olan əlavə dəyər vergisini azaltsın. Almaniya digər qonşu ölkələrə nisbətən dizel yanacağına ən çox əlavə dəyər vergi tətbiq edən ölkədir. Hökumətin bəzi üzvləri də tələb edir ki, vergi azaldılsın. Bəlkə ondan sonra müəyyən qədər tarif dəyişikliyi olsun. Yeni hökumət formalaşdıqdan sonra planlarına daxildir ki, karbon dio-oksidə olan vergi artırılsın və fantastik dərəcədə artırıldı. Bu da havanı daha çox çirkləndirən dizel yanacağının qiymətinin qalxmasına səbəb oldu. İctimaiyyətin və medianın bu mövzu ilə bağlı ciddi tələbləri var. Amma dövlətdən reaksiya görə bilmirik. Almaniyanın iqtisadiyyat naziri zadəganların əlində oynayan adamdır. Hər zaman varlıları müdafiə edib. Düşünür ki, çox qazanan az vergi, az qazanan isə çox vergi ödəməlidir. Mövcud situasiya ilə bağlı heç bir planları yoxdur. İnsanlar az qala keçmiş hökuməti şamla axtara. Əvvəlki hökumət krizislərdə çıxış yolu tapa bilirdi. Hər il dövlət büdcəsində milyardlarla avro artıq qalırdı və bu əhaliyə sosial yardım kimi ödənilirdi. İki-üç aydır yeni hökumət dövləti idarə edir və dövlət büdcəsi əvvəlkinə nisbətən azalıb”.
Ölkəmizdə olan vəziyyəti öyrənmək üçün isə Musavat.com-un əməkdaşları mağazalarda bu mövzu ilə bağlı araşdırma aparıb.

“Neptun” super marketin administratoru Ruslan Qarayev hazırda mağazalarında boş vitrinin olmadığını, tələbat çox olan məhsullar satıldıqdan sonra dərhal vitrinlərin yenidən doldurulduğunu qeyd edib. Bu isə o deməkdir ki, anbarda kifayət qədər yerli və xarici məhsul ehtiyatı var. Qiymət artımları isə firmaların öz təyinatına görə məhsullara tətbiq olunur: “Hazırda xaricdən gətirilən məhsullarda qeyri-adi qiymət artımı yoxdur. Hətta Rusiyadan idxal edilən kolbasa, sosiska və yağ məhsullarına xüsusi endirimlər tətbiq olunur ki, bu da normal bir haldır. Yəni tez-tez bu kimi endirim aksiyaları məhsullara tətbiq edilir. Hazırda Rusiya məhsulu olan kolbasalar 9-10 manatdan 5-7 manata enib”.-deyə o bildirib.

“Bizim Market” super marketinin administratoru Elnur Mehdiyev də hazırda heç bir problemin olmadığını bildirdi: “ Hansısa məhsulun tükənmə problemi hazırda yoxdur. Hələki anbarlarda kifayət qədər məhsul ehtiyatı var. Amma bir müddətdən sonra, yəni təxminən 1-2 aydan sonra anbarlarda məhsulların tükənmə problem yaşana bilər. Bu da dediyimiz kimi, mağazalarda da məhsulun tükənməsinə gətirib çıxarar. Bununla əlaqəli qiymət artımı isə firmalardan asılıdır. Məsələn, Rusiya və Ukraynadan gələn məhsulların dayanmasına görə digər ölkələrdən sifariş vermə məcburiyyəti yaranır. Bu ölkələr də məsafə baxımından bizə görə Rusiya və Ukraynadan uzaqda yerləşir və təbiidir ki, uzaq məsafədən gələn məhsul yaxın məsafədə olan ölkələrdən gələn məhsullara görə daha baha olur. Hazırda isə hər hansısa bir məhsulun tükənmə problemi olmadığına görə qiymətlər də əvvəl necə idisə, indi də elədir. Alıcılar Rusiya və Ukraynadan gələn məhsulları topdan almırlar. Yəni alıcılarda “məhsul tükənəcək” qorxusunu hələ müşahidə eləməmişik. Tələbat isə bayramla əlaqədar un məhsullarınadır. Unun da qiymətində artım yoxdur, yəni hələki qiymətlər stabildir”.

E.Mehdiyev də mağazada Rusiyadan idxal edilən məhsullarda artım yerinə endirimin olduğunu qeyd edib. Məsələn, qatılaşdırılmış südün, kolbasa və sosiskaların qiymətində endirimlər var.

Digər mağazalarda da vəziyyət eynidir. Amma bəzi mağazalarda tətbiq olunan endirimlərə görə məhsulun alınmasında say limiti var. Bu isə Almaniyadan fərqli olaraq ehtiyatın bitməsilə deyil, məhsulun ucuz qiymətə alınıb ticarət məqsədilə baha qiymətə satılmasının qarşısını almaq üçündür. Ümumilikdə yerli anbarlarda kifayət qədər məhsul ehtiyatının olduğunun cavabını aldıq.

Marketlərdə alıcıların da fikrini öyrəndik. Bəziləri qiymətlərin büdcəyə görə uyğun olmasını və ciddi hər hansısa artımın olmadığını desələr də, bir çox alıcılar tətbiq olunan endirimlərə rəğmən yenə də qiymətlərin baha olduğunu bildiriblər. Dünyada baş verən hadisələrə görə narahat olduqlarını bildirsələr də, hər hansısa bir məhsulun tükənməsinə görə təlaşlanmadıqlarını qeyd ediblər.

Nərminə Aydın,
Anar Əhməd,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR