İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan-Türkiyə münasibətlərində yeni dönəm başlayır” - Azay Quliyev

277 13.06.2023 16:24 Siyasət A A

“İyunun 12-də qardaş Türkiyənin prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edib və bu səfərin dövlət səfəri olması böyük tarixi, siyasi və mənəvi əhəmiyyətə malikdir”.

Musavat.com bildirir ki, bu fikirlər deputat Azay Quliyevə məxsusdur.

Deputat hesab edir ki, Türkiyə liderinin Azərbaycana səfəri dünyanın diqqət mərkəzindədir və aparıcı media qurumları Ərdoğanın Azərbaycana səfərinə xüsusi yer ayırır:

“Bu da təsadüfi deyil, çünki Türkiyədəki seçkiləri cənab Ərdoğanın qazanması Türkiyə üçün nə qədər önəmli və taleyüklü məsələ idisə, bu qələbənin o qədər də Azərbaycan üçün böyük əhəmiyyəti və təsiri vardı. Dünyada “2023-cü ilin seçkisi” adlandırılan, Türkiyənin və regionun gələcəyini müəyyən edən bu “seçki imtahanı”ndan Türk xalqının alnıaçıq, üzüağ çıxması bizim hamımızı, bütün türk dünyasını sevindirdi. Seçkilərdə fərqli nəticələr çıxacağına ümid edən və bunun üçün xüsusi fəallıq göstərən, bu, baş verəcəyi təqdirdə Türkiyə və Azərbaycana qarşı məkrli planlar quran bəzi yaxın və uzaq qonşuların, bir sıra bədxah dairələrin hesablarını və niyyətlərini Türk milləti mayın 28-də göstərdiyi iradə və verdiyi qərarla tamamilə alt-üst etdi. Cənab Ərdoğanın şəffaf, azad və demokratik seçkilərdə inamlı qələbəsi “Türkiyə Yüzili”nin təntənəli başlanğıcından xəbər verir. Dünyaya əsl demokratik seçki örnəyi olan bu seçkilərdən sonra artıq heç kim, xüsusilə bəzi Qərb dairələri əvvəllər etdikləri kimi Türkiyəni “demokratiya adı altında” şantaj edə bilməyəcəklər. Ona görə də indi Türkiyə daha güclü və daha qərarlı olacaq, Türkiyə -Azərbaycan qardaşlığı, birliyi və müttəfiqliyi daha da möhkəmlənəcək”.

Azay Quliyevin sözlərinə görə, indi əminliklə deyə bilərik ki, bu tarixi qələbədən sonra Azərbaycan-Türkiyə münasibətlərində yeni dönəm başlayır: “Əvvəlki illərdə olduğu kimi, bu yeni dönəmdə də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətləri xüsusi rol oynayacaq. İki gündən sonra 2 ili tamam olan tarixi Şuşa Bəyannaməsini imzalamaqla iki qardaş ölkə arasında hərbi-siyasi, iqtisadi müttəfiqliyi rəsmiləşdirən, regionda 200 illik mövcud olan güc balansını lehimizə dəyişməyi bacaran hər iki lider bundan sonra daha böyük tarixi nailiyyətlərə imza atacaq. Hər iki liderin siyasi iradəsi və qətiyyəti Azərbaycan-Türkiyə əlaqələrini elə bir tarixi zirvəyə yüksəldib ki, bütün dünya bu birliklə, bu güclə hesablaşmaq məcburiyyətindədir. İndi Makronun Fransası bir tərəfdən sülh tərəfdarı kimi özünü qələmə verib, digər tərəfdən də siyasi riyakarlıq nümayiş etdirərək Ermənistanı silahlandırmağa çalışsa da, hər kəs yaxşı bilir ki, Azərbaycanla Türkiyənin hərbi potensialı və birliyi qarşısında onlar heç nə edə bilməzlər. Ona görə də hamı bilməlidir ki, regionun taleyini heç bir kənar güc deyil, yalnız və yalnız Türkiyə-Azərbaycan faktoru müəyyən edir və gələcəkdə də bu belə olacaq. Bu mənada bütün yaxın və uzaq qonşular cənab Ərdoğanın və cənab Əliyevin Bakıda verdikləri bəyanatı düzgün oxumalı və yüksələn türk dünyası ilə münasibətlərini siyasi praqmatizmə, mövcud reallıqlara uyğun qurmalıdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR