İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan tibb elmində ilk - amma niyə belə gec?

1980 20.05.2023 09:58 Yaşam A A

Ekspertlər bunun müsbət addım olduğunu, amma sınaqdan keçirilməsini vacib sayır

Azərbaycan tibb elmi ilkə imza atıb. COVİD-19-un bütün ştamlarına qarşı həm vaksin, həm də dərman hazırlanıb. Bu barədə Trend-ə açıqlamasında AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov deyib.

O qeyd edib ki, komandası tərəfindən bir neçə vaksin hazırlanıb: “COVİD-19-a qarşı həm vaksin, həm də dərman hazırladıq. Pre-klinik işlər başa çatdı. Bundan sonrakı işlər isə investora bağlı məsələdir. Çünki burada klinik tədqiqatların insanlar üzərində aparılması üçün maliyyə vəsaiti olmalıdır. Təəssüf ki, müəyyən məsələlərə görə maliyyə vəsaiti olmadı. Hazırladığımız vaksin dünyada yeganə vaksin oldu ki, ”Omikron" da daxil olmaqla koronavirusun bütün variantlarına qarşı təsirli oldu. Bu haqda dünyanın ən prestijli jurnallarında Çin alimləri tərəfindən məqalə çap edildi.

Orada göstərilir ki, bizim hazırlaldığımız COVİD-19-a qarşı vaksin “Omikron” və “Delta”ya qarşı effektivdir. Vaksinin adının “Qarabağ” qoyulması planlaşdırılıb. Pandemiya bitsə də “Omikron” variantı yenə də özünü göstərir. Koronavirusa qarşı universal bir vaksin olaraq hazırladıq. Hələ də gec deyil. İnsanlar hələ də “Omikron” varianta yoluxur. Bu vaksin yeni yaranan variantlara qarşı da effektivdir".

Xatırladaq ki, bir müddət öncə T. Məmmədov müvafiq işlərə 20 nəfərdən ibarət komandası ilə pandemiyanın ilk günlərindən etibarən başladığını qeyd edib.

Bəs niyə belə gec? Yoxsa gec sayılmaz? Çünki keyfiyyətli  vaksinin hazırlanması üçün illər tələb olunur. Bunu tibb elmimizin uğuru saymaq olarmı?

merdan eliyev.jpg (118 KB)

 Mərdan Əliyev

Həkim-infeksionist Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu, təqdirəlayiq addımdır: “Pandemiyanın ilk vaxtlarında bizdə də vaksin hazırlanması ilə bağlı işlərə başlanmışdı. Amma sonradan bu barədə məlumat olmadı. Prosesin gedişi haqqında, hansı mərhələdə olması haqqında bir informasiya verilmədi. Hər halda vaksinin hazırlanması çox təqdirəlayiqdir. Təbii ki, bir az gec oldu. Açığı mənim məlumatım yoxdur ki, bunun kliniki sınaqları aparılıbmı, ya yox. Çünki bu çətin prosesdir. Hansı mərhələdədir. Effektivliyi necədir. Bunlar açıqlanmadığı üçün geniş danışa bilməyəcəyəm.

Amma gec olsa da, bu hazırlanıbsa və effektlidirsə, bu bir ənənə, təcrübədir. Növbəti vaksinlərin hazırlanması üçün də yaxşı bir stimul ola bilər. Hətta effekti az olması da mümkündür. Amma istənilən halda yaxşı nəticədir. Bu növbəti vaksinlərin hazırlanması, dərman sənayesi üçün də başlanğıc ola bilər".  

Ölkədə gizli korona? - dəhşətli virus hər gün canlar alır

Aydın Əliyev

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanın vaksininin olması müsbət addımdır: “Amma bu hələ təsdiqini tapmalıdır. Onsuz da virus mənşəli epidemiya olarkən həmən ona qarşı vaksinin hazırlanması çətindir. Amma bu elmi və praktiki cəhətdən təsdiqini tapmalıdır. Hələ bu iddia mərhələsindədir. Bu mütləq şəkildə könüllülər üzərində sınaqdan keçirilməli və təsdiqini tapmalıdır. Yəni onu ”var" saymaq düzgün deyil".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təcili istifadə üçün 7i vaksin təsdiq edilib. Onların arasında Azərbaycanda istifadə olunan CoronaVac, Pfizer və AstraZeneca da var.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR