İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan son 3 ildə dövlət maraqlarını ardıcıl olaraq həyata keçirir"- Sensasion faktlar

1199 27.11.2023 22:19 Siyasət A A

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bunu ABŞ-ın, Avropanın Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı şərhində bildirib.

O, mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, 23 saatlıq lokal antiterror əməliyyatı və Qarabağda yaşayan ermənilərin kütləvi köçündən sonra faktiki olaraq Cənubi Qafqazda qlobal güclərin geosiyasi qarşıdurmasında tez-tez yeni siyasi gəlişmələrin yarandığının şahidi oluruq: “Və təəssüf ki, bu gəlişmələrdə əsasən Azərbaycan hədəf seçilir və təzyiqlər yalnız münasibətlərin pisləşəcəyi barədə xəbərdarlıqlarla bitmir, həm də konkret addımlar atılır, 907-ci düzəliş kimi. ABŞ və Qərbin Cənubi Qafqaza real nüfuz etmək imkanlarının məhdud olduğu aydındır, ona görə də ənənəvi metoda-hibrid (proksi də demək olar) mübarizəyə üstünlük verirlər. Cənubi Qafqazdan Rusiyanın çıxmasını hədəfləyən ABŞ Ermənistanın əli ilə Rusiyaya təzyiq göstərir və Ermənistana haqq qazandırmaq və ya cəlbedici görünmək üçün də Azərbaycan hədəf seçilib. Bu hədəfləmənin başqa tərəfi də Azərbaycanın bölgədə güc sahibinə çevrilməsi, dünyanın gözü qarşısında 35 illik fəlakətinə son verməsidir. Üstəlik, vasitəçi rolunda bu fəlakətin bir qərinədən artıq çəkməsinin səbəbkarları olan ABŞ, Fransa, Rusiyanın şahidliyi altında. Yəni Azərbaycan gücləndikcə, böyüdükcə rəqibləri də kiçiklər yox, “böyüklər” olur, çünki böyüklərin indiyədək geosiyasi mübarizədə asan həyata keçirdikləri siyasət indi çətin yeriyir və ya yerimir. Bu çətinliyi onlar üçün yaradan da Azərbaycandır...”

Ekspert deyib ki, ABŞ və Qərbin təzyiq xarakterli münasibətlərinə Azərbaycan XİN kifayət dərəcədə sərt mövqe bildirib və cavablarımızı adekvat hesab etmək olar: “Təcrübə göstərdi ki, Azərbaycan ona ünvanlanmış hər hansı bir münasibətə, təsirə məhəl qoymadan birbaşa problemin əsas nöqtəsinin üzərinə gedəndə uğur qazanır. Bunu Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradanda, Fransa merinin başçılığı ilə humanitar yüklər geri qaytarılanda, Ağdam yolundan imtina edən ermənilər hay-küy qaldıranda Azərbaycan birbaşa erməni silahlı qüvvələrinin üzərinə gedib məsələni kökündən həll etdi. İndi də Qərb, ABŞ cığalcasına Azərbaycana qarayaxma kampaniyası başladığı bir zamanda problemin həll olunmamış kiçik detallarının üzərinə getmək lazımdır. Birincisi, anklav və eksklav kəndlərin problemini qısa müddətdə həll etmək üçün qarşı tərəfə vaxt verib, delimitasiya komissiyasının təcili görüş müzakirəsini təyin etməklə, diqqəti yenidən ərazi bütövlüyünün yekun nöqtəsinə çevirmək məqsədəuyğun hesab edilir. Əks halda, hərbi yolun qaçılmaz olduğu da qarşı tərəfə açıq şəkildə elan edilməlidir. Eyni zamanda bildirilməlidir ki, praktik və sürətli olması üçün, delimitasiya komissiyasının görüşü uzağa getmədən Qırmızı körpüdə olmalıdır...”

İlham İsmayıl bildirib ki, qardaş Türkiyənin indiki situasiyada yenidən siyasi bəyanatına ehtiyac var: “Türkiyə son vaxtlar Ermənistanın sürətlə silahlanmasının Azərbaycanla yanaşı, Türkiyə üçün də təhlükə yaratdığını rəsmi şəkildə bildirməli və silahlanma prosesinin sonunda zərərli çıxanın yenə Ermənistan olacağını vurğulamalıdır.

Ermənistanın təmsil olduğu KTMT, Avrasiya İqtisadi Birliyi, MDB təşkilatlarının tədbirlərindən imtina etməsi, hələlik Rusiya tərəfindən soyuqqanlı qarşılanır. Bu gün bu təşkilata daxil olan ölkələrin Ermənistana yardımından da imtina etdiyi barədə İrəvanın ultimatumu birbaşa Rusiyaya meydan oxumaq oldu. Bu demarşla Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılı olması barədə deyilənləri bir növ qəbul etmədiyini və Qərbin ona vəd etdiyi iqtisadi yardım və dirçəlişə əsaslandığını demək olar... Rusiya Ermənistanla münasibətlərini kəskinləşdirmək istəmir, amma qarşı tərəfin hər fürsətdə Rusiyadan uzaqlaşmağa çalışdığını görmək üçün bələdçiyə ehtiyac yoxdur. Rusiya imperiyası, konkret olaraq Putin belə münasibətləri satqınlıq kimi dəyərləndirir və gözlənilməz qərarların qəbul edilməsi mümkün variantlardır”.

İlham İsmayıl deyib ki, biz indiki vəziyyətdə xarici işlərə hesablanmış diplomatik addımlarla yanaşı, daxildə də elə addımlar ata bilərik ki, üstümüzə gələnlər fakt qarşısında qala bilərlər: “İlk növbədə zamanında etnik təmizləməyə məruz qalmış keçmiş Dağlıq Qarabağ azərbaycanlılarının doğma yurdlarına qayıdışına başlamalıyıq və burada xalqın potensialından istifadə etməklə işi sürətləndirmiş olarıq. Dövlət öz obyektlərini, xalq isə dövlətin nəzarəti ilə evlərini qurmalıdır. İlk olaraq vaxtilə Xankəndində yaşamış azərbaycanlıların, Xankəndinə bitişik Kərkicahan kənd sakinlərinin, Kosalar və Malıbəyli kəndlərinin əhalisinin geri qayıtması işinə start verməliyik. Qarşı tərəf bilməlidir ki, etnik təmizləməyə məruz qoyduqları azərbaycanlılarla birgə yaşamalıdırlar, təbii ki, yaşamaq istəsələr.

Ümumiyyətlə, düşmən və havadarlarının bizim üzərimizə gəlmə iddialarına qarşı onların ehtiyat etdikləri, amma bizim hüquqi haqqımız olan problemlərin üzərinə getməklə qarşı tərəfi müdafiə variantını seçməyə məcbur etmiş olacağıq. 44 günlük müharibədən sonra ilk zamanlar ən çox fokuslandığımız məsələ Zəngəzur dəhlizi idi və bu problem bu gün də yerindən tərpənməyib. Amma, son bir ildə məhz əsas hədəflərin üstünə getdiyimizə görə Xankəndində bayrağımız dalğalanır. Yuxarıda qeyd olunan problemlərin üstünə getməliyik”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR