İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan qadın poeziyasının mirvaridi

708 18.01.2023 15:22 Yazarlar A A

“Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun yaradıcılığının başlıca mövzusunu xalqımızın zəngin tarixi keçmişi və yurdumuzun misilsiz gözəlliklərinin tərənnümü təşkil etmişdir. Şairin çoxsaylı lirik şeirləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir”.

                                İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

O, Azərbaycanın qadın yazıçıları içərisində ilk Xalq yazıçısı, “İstiqlal” ordeni ilə təltif edilən ilk qadın şair idi. Yazıb-yaratdığı 70 il boyunca ana dilimizin saflığının qorunmasına xidmət edən şairin lirikası milli dəyərlərimizin təbliği ilə fərqlənir. Mirvarid Dilbazi çağdaş Azərbaycan poeziyasının inkişafında önəmli xidmətləri olan, rəngarəng yaradıcılıq mövzularında qələmə aldığı bənzərsiz poetik örnəklərlə oxucunu daim düşündürə bilən şairlərimizdəndir. Sovet dönəmi Azərbaycan şeirinin mənzərəsini Mirvarid Dilbazi yaradıcılılğı olmadan düşünmək çox çətin olar.

Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax mahalının Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub. Atasını erkən itirdiyindən Daş Salahlı kəndində yaşayan babası Mustafa ağanın yanında böyüyüb. Böyük torpaq sahələri, sərvəti olan babası o vaxtlar Qazax mahalında xüsusi hörmət və nüfuz yiyəsi kimi tanınıb. Göyəzənin ətəklərində, Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında, əsrarəngiz təbiət qoynunda böyüyən bəy qızının yüksək tərbiyə almasında doğmalarının böyük rolu olub. Onun istedadı isə heç də təsadüfi deyildi, şeirə, sözə bağlılıq ailədən, gen yaddaşından gəlirdi. Ulu babası “Şair” təxəllüsü ilə şeirlər yazan Əbdürrəhman ağa Dilbazi haqqında Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı” adlı ünlü əsərində özəl bölmə ayırıb. Elə anası Cavahir xanım da şair təbiətli bir qadın olub, xalq ədəbiyyatını, klassik poeziya örnəklərini, özəlliklə də Füzulinin şeirlərini əzbər bilib.

Azərbaycan qadınlarının savadlanmasında böyük əməyi olan xanım aydınlardan Mədinə Qiyasbəyli 1920-ci ildə Mirvarid Dilbazi də daxil olmaqla bir neçə yeniyetmə qızı Bakıya gətirərək, Darülmüəllimdə (indi ADPU nəzdindəki Dövlət Pedaqoji Kolleci) təhsil almasına kömək göstərib. Mirvarid Dilbazi seminariya ilə bağlı xatirələrində ona dərs deyənləri məhəbbətlə xatırlayaraq yazırdı: “Müəllimlərimiz namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan seminariyasında oxuyanlar arasında çoxlu istedadlar yetişdi. Hətta axşamlar Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbimizə gələrdi. Hamımız onların başına toplaşırdıq. Doktor bizə şeir əzbərlədirdi, nəğmə oxutdururdu, dərslərimizi yoxlayırdı. Hər dəfə bizə keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi”.

375px-Mirvarid_Dilbazi.jpg (56 KB)

Mirvarid Dilbazi seminariyanı bitirdikdən sonra Biləcəridəki onillik dəmiryol məktəbində müəllim kimi çalışıb. Sonralar başqa bir məktəbdə rus dilindən dərs deyib. 1929-cu ildə bacısı Yaqut Dilbazi ilə birlikdə ADPU-nun Ədəbiyyat-ictimaiyyət fakültəsinə daxil olub. Burada təhsil aldığı illərdə dövrün tanınmış ədəbiyyatçı alimlərindən dərs alıb. – Əli Nazim, Əli Sultanlı, Bəkir Çobanzadə Dilbazi bacılarının ən sevimli müəllimləri idi. Tələbə yoldaşlarının çoxu – Sabit Rəhman, Cəfər Xəndan, Məmməd Rahim və başqaları da, onun kimi sonralar Azərbaycan ədəbiyyatının ünlü simalarına çevrilib...

Bəy nəslinin nümayəndəsi olan, bəy ailəsində dünyaya göz açan, cah-cəlal içində böyüyən Mirvarid xanım həmin illərdə ailəsinin üzərindən keçən repressiya dalğasından sonra ciddi maddi sıxıntılar çəkib. O günləri acı təəssüflə yad edərək xatirələrində yazırdı: “Bəy nəslinə mənsubluğumuzdan əziyyətimiz çox oldu. Doğrudur, camaatımızın köməyi ilə sürgünlərdən, qırğınlardan uzaq düşdük. Lakin maddi məhrumiyyətin pəncəsindən qurtara bilmədik. Çünki bütün var-dövlətimizi müsadirə etmişdilər. İçərişəhərdə məşhur folklorşünas Əbülqasım Hüseynzadənin evində balaca bir otağımız vardı. Biz iki bacı müəllimlik edərək anamızı da özümüz saxlayırdıq. O illərdə ölkədə hər şey qıt idi. Biz bacılar isə seminariyadan aldığımız iki qızıl medalı və anamızın əldə olan-qalan qızıl zinətlərini qızıl mağazasına verərək bir-iki dəst paltarlıq parça ala bilmişdik”...

1932-ci ildə ali məktəbi bitirən Mirvarid Dilbazi təyinatla dərs demək üçün Qubaya göndərilib. Burada iki il müəllim kimi çalışdıqdan sonra Bakıya qayıdaraq Elmlər Akademiyasının Əlyazmaları fondunda şöbə müdiri (1934–1938), daha sonra Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib, “Şərq qadını” jurnalında fəaliyyət göstərib. Qeyd etmək lazımdır ki, repressiyaların tüğyan etdiyi o illərdə mətbuat nümayəndəsi olmaq, çap olunan yazılar üçün məsuliyyət daşımaq olduqca ağır bir iş idi. Mirvarid Dilbazi həmçinin Dövlət Muzeyində baş elmi işçi və şöbə müdiri vəzifələrində də çalışıb. Mirvarid xanıma “Azərbaycan” jurnalının redaktoru vəzifəsi təqdim olunanda isə o, təvazökarlıqla imtina edib. Halbuki bu vəzifə onu daha çox ünlü edə bilər, sənətkar şöhrətini bir qədər də artırardı.

Fəaliyyət göstərdiyi hər yerdə o, ədəbiyyat sevgisindən uzaq düşməyib, düşdüyü hər bir mühitdən öz dünyagörüşünü, bədii zövqünü inkişaf etdirmək üçün yararlanıb. “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə (o vaxtkı) “Oktyabr alovları” adlı topluda dərc ediləndən sonra yaradıcılığa həvəsi daha da artıb, yeni bədii uğurlar qazanmağa ruhlandırıb. Sonralar bu topluda şairin bir-birindən rəngarəng məzmunlu “Zəhra”, “Qurtuluş”, “Qadın” adlı şeirləri yayınlanıb. Onun ilk şeirlər kitabı “Bizim səsimiz” adı ilə 1934-cü ildə gün üzü görüb. İlk kitab yaradıcılıq istedadını tam şəkildə əks etdirməsə də, dönəmin ideoloji-siyasi diqtəsindən irəli gələn mövzulara üstünlük verdiyindən siyasi dairələrdə geniş rəğbət doğurub. Kitaba daxil olan şeirlərin əsas istiqamətini Sovet ideologiyasının təsirindən doğan “kollektivləşmə”yə rəğbət təşkil edirdi. Getdikcə qələmi püxtələşən, yaradıcılıq istedadı formalaşan, zəngin mövzularda əsərlər yaradan Mirvarid Dilbazi Azərbaycan poeziyasında yeni mərhələnin qoyulmasında, poetik dünyagörüşün təşəkkülündə fəal rol oynayan şairələrdən biri olub. Onun “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Qar çiçəkləri” adlı kitabları poeziyamızın dəyərli örnəklərindəndir. Dövrün üstünlük verdiyi ictimai mövzularla yanaşı, Vətənə sevgisi, milli-əxlaqi dəyərlər, şairin uşaqlıq illəri, yaşadığı mühitin çətinlikləri də əsərlərində yer alırdı. Şair istər məhəbbət lirikasında, istərsə də vətənpərvərlik şeirlərində oxucunu sonsuz səmimiyyətinə inandıra bilirdi. Mirvarid Dilbazi poeziyasının bu qədər sevilməsinin sirri də həmin inamla bağlıdır. Onun məhəbbət şeirlərində sədaqət, vəfa kimi duyğuların tərənnümü ilə yanaşı, qadın qürurunun, məğrurluğunun bədii təsviri də rəğbət doğurur:

İstəsəydim səni səndən alardım,

Gözəlləri öz taxtından salardım.

Ürəyimi ürəyinə çalardım,

Sən yanardın, mən baxardım tüstünə.

Mirvarid Dilbazinin vətənpərvərlik lirikasında isə doğma vətənə sonsuz sevgi, onun gözəlliklərinə heyranlıq hissləri yer alır. “Azərbaycan” şeirində olduğu kimi:

Torpağı-türbət,

Suları - şərbət,

Günəşi məlhəm,

Ayrılığı - qəm

Azərbaycanım!

Odum, ocağım,

Ana qucağım,

Qalsam həyatım,

Ölsəm torpağım

Azərbaycanım!

Azərbaycanın ən çətin günlərində daim xalqının yanında olan, millətinin ürək çırpıntıları ilə yaşayan Mirvarid Dilbazi bir şair, vətəndaş, ana kimi səsini Vətənin səsinə qatıb. 20 Yanvar hadisəsi zamanı bunun bir daha şahidi olduq. Vaxtsız bitən gənc ömürlərin, yarımçıq talelərin doğurduğu kədər, Bakının küçələrini suvaran şəhid qanları kövrək qəlbli şairi ağır düşüncələrə qərq etdi. O, Vətən dərdini “Ən uzun bənövşə ömrü” şeirində təsirli bədii lövhələrlə əks etdirir, şəhidlərimizə yas tuturdu:

Gün doğub, ürəyim işıqlanmayır,

Könlümdə çıraq yox, şam da yanmayır,

Çoxdandır saçlarım xınalanmayır,

Ürəyim şəhidlər qəbristanıdır,

Gözlərimdən axan göz yaşı deyil,

Şəhid qanıdır...

Ümumiyyətlə, XX yüzilin 80-ci illərinin sonlarında, 90-cı illərin əvvəllərində Azərbaycana qarşı törədilən siyasi təxribatlar, özəlliklə də 20 Yanvar faciəsi Mirvarid xanımı dərindən sarsıtmışdı. Onun Azərbaycanı hədəf alan düşmənlərə kəskin qəzəb və nifrət püskürən şeirləri alovlu bir vətənpərvər şairin fəryadı idi. “Öpün bu qanlı torpağı” adlı şeirində də onun ana naləsi ürəkləri titrədirdi:

Qan qızıl boyadı qara torpağı,

Düşdü gənc oğullar nahaq qırğına.

Bir xalqın köksünə çəkdilər dağı,

Ey dünya, nə üçün dözürsən buna?!

Millətinin, vətəninin qırğınlardan, faciələrdən xilas olmaq yolunu azadlıq mübarizəsində görən şair analara göz yaşı tökməməyi, məğrur dayanmağı, ulu anamız Tomris kimi qılıncını sıyırıb düşmənin başı üstünü kəsdirməyi tövsiyə edirdi:

Yurdu talan olub ağlayanların,

Hanı sarayların, xanimanların?

Al intiqamını axan qanların!

Amandır, ağlama, mərdlər anası,

Sıyır qılıncını, dərdlər anası!

Mirvarid Dilbazi yaradıclığının xarakterik cəhətlərindən biri də bu idi ki, o, müxtəlif ictimai quruluşlarda, fərqli siyasi ortamlarda yaşayıb-yaratsa da, zamanın tufanlarından mərdliklə çıxıb, həmişə öz simasını qoruya bilən şairələrdən olub. Akademik Bəkir Nəbiyev bu unudulmaz şairin yaradıcılığını yüksək dəyərləndirərək yazırdı: “O, 70 ildir ki, müntəzəm olaraq yazıb-yaradıb, şairin əsərləri, xüsusən zərif insani hisslərlə, yüksək bəşəri qayələrlə aşılanmış lirikası müasir şeirimizin təşəkkülündə və indiki səviyyəyə gəlib çatmasında təqdirəlayiq rol oynamışdır. Mirvarid Dilbazinin poeziyası üçün humanizm, torpağa, xalqa bağlılıq, qadın qəlbinin zənginliyi, ana məhəbbətinin dərinliyi kimi yüksək keyfiyyətlər səciyyəvidir”.

  1. son.jpg (39 KB)

Onun yaradıcılığı və ədəbi-mədəni xidmətləri dövlət tərəfindən də layiqincə qiymətləndirilib. Ümummilli liderimiz Heydər Əliyev şairin əsərlərinə böyük dəyər verərək onu 85 illik yubileyi ərəfəsində müstəqil Azərbaycanın yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edib (18.08.1997). O, həmçinin Prezident təqaüdçüsü idi. Mirvarid Dilbazi Ümummilli liderin yazıçılarla, şairlərlə görüşlərində və fikir mübadiləsində iştirak edib. Azərbaycanın ilk qadın Xalq şairi olması, respublikamızın Dövlət Mükafatına layiq görülməsi, iki dəfə (keçmiş SSRİ-nin nüfuzlu ordenlərindən olan) “Şərəf Nişanı” və “Qırmızı Əmək Bayrağı“ ordenləri ilə, habelə “Qafqazın müdafiəsi üçün”, “Əməkdə fərqlənməyə görə” medalları ilə təltif olunması onun yaradıcı əməyinə bəslənən yüksək diqqətin, verilən dəyərin ifadəsiydi.

1998-ci ildə şairin dövlət səviyyəsində keçirilən təntənəli yaradıcılıq gecəsi Mirvarid Dilbazi haqqında sənət dostlarının çıxışları və ən önəmlisi, Ümummilli lider Heydər Əliyevin şairin fəaliyyətinə verdiyi dəyərlə yaddaşlara həkk olunub.

Onun şeirlərinə Azərbaycanın tanınmış bəstəkarları mahnılar yazıb. Fikrət Əmirov, Süleyman Ələsgərov, Tofiq Quliyev, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları Mirvarid Dilbazinin sözlərinə həm mahnı, həm də romans və oratoriyalar bəstələyib. Hələ sovet dönəmindən onun sözlərinə yazılmış mahnılar sevilirdi. İlk nəğməsi olan və radioda da tez-tez səslənən “Çoban Qara” mahnısı isə özəlliklə dillər əzbəri idi.

Qələminə sarılıb şərəfli bir ömür yaşayan Mirvarid Dilbazi 89 yaşında, 2001-ci il iyulun 12-də Bakıda dünyaya gözlərini əbədi yumdu. Öz vəsiyyəti ilə anasının yanında dəfn edildi. Mirvarid Dilbazi yaradıcılığı Azərbaycan poeziyasının qiymətli incisi, mirvarisi kimi həmişə seviləcək, öyrəniləcək. Müsahibələrinin birində söyləmişdi ki, mən çətin, amma şərəfli yaşadım. Elə şərəfli yaşadığı üçün də əbədi bir sevgi, ölməzlik qazanan şairimizin mətin və mübariz həyat yolu zaman-zaman nəsillərə örnək olacaq.

Ruhu şad olsun!

MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaqenire.jpg (71 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR