İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan milli mediasını yalnız milli adamlar çiyinlərində daşıya bilər”

819 07.07.2022 09:10 Media A A

Jalə Mütəllimova: “Milli-mənəvi dəyərlərin qorunmasında, vətənpərvər nəslin yetişməsində milli medianın rolu əvəzsizdir”

“Azərbaycanda milli medianın sıradan çıxarılması və yerinə ancaq biznes maraqları olan insanların yetişdirilib keçirilməsi uzun yol keçib. Bu prosesin özülü 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində qoyuldu, təxminən 2010-cu ildə yekunlaşdı”.

Bu fikirləri tanınmış jurnalist Jalə Mütəllimova “Yeni Müsavat”a bugünlərdə ölkə gündəmini zəbt edən insident - “ARB” kanalında yayımlanan “Həmin Zaur” proqramının aparıcısı Zaur Kamalın efirə dəvət olunan qonaq müğənni Afşin Azərini qovması ilə bağlı danışarkən bildirib.

Hansı ki, gənclərin hər bir cəmiyyətin həssas təbəqəsi olduğunu, hər an istənilən təsirin altına düşə biləcəyini, onların milli şüuruna zərər vura biləcək faktorların olduğunu nəzərə alsaq, müzakirə olunası kifayət qədər ciddi məsələlər var. 

J.Mütəllimovanın fikrincə, Azərbaycan milli mediasını sıradan çıxarmaq və başqa maraqlara, o cümlədən fərdi maraqlara işləyən bir güc formalaşdırmaq cəhdləri öz işini görüb: “Media 4-cü hakimiyyətdir. İlk 3 hakimiyyətə təsir göstərmək üçün 4-cü hakimiyyət mühüm qoldur, çünki təhtəlşüur, ictimai rəy, cəmiyyət, vətəndaşlarla işləyir. O cümlədən xarici dövlətlərin Azərbaycana münasibət məsələsində bir fikir formalaşdırmaq üçün vacib olan informasiyanı istehsal edir və cəmiyyətə ötürür. Nəticədə siyasi beyin formalaşır, dövlətin, millətin əqidəsi, istiqaməti müəyyənləşir. Bizə münasibət də buna nəzərən formalaşır. Azərbaycanda bu mexanizm pozulub. İctimai-siyasi fikir insanlarına onuncu kateqoriya adamları kimi baxırlar. Yeni ”5-ci kolon", küçə mediası, xarici kəşfiyyata, fars rejiminə, Rusiyaya işləyən media formalaşıb, Avropa ilə əməkdaşlıq edən media quruluşları mövcuddur. Sorosla (“Soros” fondu) əməkdaşlıq edənlər ayrı qrupdur. Xüsusilə Baltikyanı ölkələrdən hələ də maliyyə yardımları gəlməkdədir. Eyni zamanda xaricdəki dövlətlərin Azərbaycandakı siyasi maraqlarını yönəldən, milli media simalarının çalışdığı mediatik quruluşlar var. Bir çoxlarının Bakı ofisləri bağlandı. Nəticədə onlar bizə küçə mediasını göndərdilər. Qanunvericilik çərçivələrini aşmırlar, lakin Azərbaycan dövlətinin maraqlarının nəinki əksinə gedirlər, hətta real vəziyyətlərin təqdimatını qüsurlu, xarici ələ oynayan formada edirlər. Bəzən gerçəkdən problemi olan insanlardan sui-istifadə edirlər. Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, hətta Prezident Administrasiyası bu insanlarla bəzən üz-üzə qalır.

Ölkəni Vətən müharibəsindən öncəki duruma sürükləmək istəyirlər: radikal müxalifətin aksiyaları, söyüş müxalifəti, söyüş mediası, xaricdə Azərbaycan maraqlarına qarşı olan, xarici kəşfiyyat sərmayələri ilə çalışan bloggerlərin fəaliyyəti və s. Bu da mümkünə doğru gedir. Müşahidə edirik, bu, çox eybəcər formatda baş verir. Bu, siyasi mübarizə deyil, mənəviyyat və tərbiyə göstəricisidir. Buna qarşı Azərbaycanda hər hansı mediatik güc tətbiq olunmur. Doğru olmayan yol seçilib - onlayn buraxılışlardan çıxış edənlərə antimilli adamlar deyirik. Söhbət aparıcılardan, onların arxasında duran güclərdən yox, qonaq qismində dəvət olunanlardan gedir. Yəni o kateqoriyanı biz nəzarətsiz buraxırıq. Sadaladığım güclər bundan istifadə edirlər. Hazırda Azərbaycanda dini şovinizm xofu vüsət alıb. Gerçək İslamdan imtina edərək, bu ordunu özümüz yetişdirmişik. Siyasi divident, maliyyə və s. qazanmaq istəyənlər bu yola əl atırlar. Nəticədə milli media sıradan çıxmaqdadır. Cənubi Azərbaycandan olan orta statistik müğənninin təhqir olunmasının arxasında nə var? Bu sualın cavabını düşünmürük. Bu, mənəvi cinayət, hətta mənəvi terror idi.  Üstəlik, baş verən hadisəyə qarşı çıxan tamaşaçılar yenidən təhqirə məruz qaldılar. Fikrimcə, bu, Cənubi Azərbaycana, azərbaycanlıya münasibəti öyrənmək üçün bir nəbz yoxlaması idi. Ümumiyyətlə, Cənubi Azərbaycan təəssübü, milli mənəviyyatı hansı dərəcədədir? İnanmaq istəyirəm ki, bu, şou, “İP” qazanmaq üçün idi".

Mütəllimova böyük media quruluşlarının uzun illərdir həm də biznes subyekti olmasına diqqət çəkdi: “Dünyada informasiya istehsalı biznes maraqlarının predmetinə çevrilib. Lakin onlar heç zaman dövlət maraqlarının üstündən adlamırlar. Milli təhlükəsizlik məsələlərində səhv etməyin qarşılığının nə olacağını gözəl bilirlər. Bizdə isə bu sahədə boşluqlar var. Məmur oliqarxiyası yetişdirdiyimiz kimi, media oliqarxiyası yetişdirdik. Buna görə də ciddi mövzularda işləyən reportyorların, iqtisadiyyat sahəsində jurnalistlərin sayı azalıb. Dünyada informasiya sahəsində mübarizə metodologiyasında ciddi dəyişikliklər edilir, məsələn, savaşlar dövlət dilində aparılır. Bəli, xarici dil bilmək üstünlükdür. İran ərazisində Azərbaycana qarşı Azərbaycan dilində fəaliyyət göstərən erməni kanalları var. Bunlar dövlətlərarası münasibətlərə zərər vurmaq məqsədi daşıyan böyük maliyyə vəsaiti ilə idarə olunan layihələrdir. Bunları nəzərə alaraq Azərbaycan milli mediası dirçəlməlidir. Yaraşıq, dil, gözəllik informasiya savaşı üçün yetərsizdir. Proseslər, informasiya və siyasət yaxşı mənada əjdahalar və qurdlar yetişdirir. Azərbaycan milli mediasını yalnız milli adamlar çiyinlərində daşıya bilərlər. Ölkəmizdə millətçi insanlar kifayət qədərdir, sadəcə onları ya küsdürüblər, ya da proseslərə yaxın buraxmırlar. Hökumətlə milli media arasında uçurum yaradılıb. Xalq, media və dövlət birləşsə, bizim çox gözəl nəticələrimiz olacaq. Bu, informasiya təhlükəsizliyi məsələmizin ən başlıca problemidir”.

Jurnalist deyir ki, milli mənəvi dəyərlərin qorunmasında, vətənpərvər nəslin yetişməsində milli medianın rolu əvəzsizdir. Buna doğru təcili addımlar atılmalıdır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR