İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan antiterror əməliyyatı üçün “material” toplayır” - SENSASİON DETALLAR

2875 04.08.2023 14:25 Gündəm A A

Akif Nağı: “Türkiyənin Laçında da hansısa hərbi missiyasını formalaşdırmağın vaxtı çatıb”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Ömrünün böyük hissəsini Qarabağın azadlığı uğrunda mübarizəyə həsr edən həmsöhbətimizin zəfərdən sonrakı mərhələ ilə bağlı fikirləri kifayət qədər maraqlıdır.

Azərbaycan dövlətinin xilas şansını doğru-düzgün dəyərləndirmək əvəzinə, növbəti dəfə revanşa cəhd göstərən ermənilərə münasibətdə Akif Nağının fərqli yanaşması var. Beləliklə, Ağdam-Xankəndi yolundan, Ağdamın “Qarabağ” futbol klubunadək bir sıra aktual mövzuları əhatə edən müsahibəmizi təqdim edirik:

- Akif bəy, yəqin ki, izlədiniz, Ağdam rayonundan Xankəndiyə doğru tarixi yolun asfaltlanmasına başlanılıb. Bu, sizin üçün necə xəbərdir və ümumiyyətlə, bu yolun əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Gözlədiyimiz xəbərdir. Son vaxtlar o yolla dəfələrlə Quzanlıya getmişdik, bir dəfə Quzanlıya dönmədik, düz getdik, bizim posta çatdıq. Onda yol döşənmişdi, amma asfaltlanmamışdı. Əsgərlərdən soruşduq ki, nə vaxt başa çatacaq, güldülər, dedilər ki, darıxmayın, az qalıb. İndi şükürlər olsun, yaraşıqlı yol olub, videoçəkilişlərdən gördüm. Həm yaraşığı, həm keyfiyyəti, həm də çox strateji əhəmiyyətlidir. Bu, “Qarabağın sahibləri gəlir”, “Bütün yollar Ağdamdan keçir” mesajıdır. Şükürlər olsun!

- Yəqin ki, nə vaxtsa həmin yolla Şuşaya və ya Xankəndiyə gedibsiniz, eləmi?

- Əlbəttə, Şuşaya gedən əsas yol idi. Xankəndidən keçib də getmək olurdu, yanından keçməklə də... O zonanın hər bir adamı, xüsusilə də ağdamlılar Şuşaya getməyi, çox vaxt elə girəcəkdə bir xəngəl yeyib geri qayıtmağı bir növ adət etmişdi. Kim-kimə, ağdamlılar demiş, “layaxlı” qonaqlıq vermək istəyirdisə, deyirdi gedək Şuşaya! Şuşaya təzə yolla getmişdik, o da gözəl idi, amma Ağdam yolunun yeri başqadır. Hər şeyin yerinə qoyulması, 30 il əvvələ qayıtmaq deməkdir. Ağdam şəhidlərinin sayını şübhə altına alan sarsaqlar bunu başa düşməzlər. Ağdam nizamının bölgəyə qayıtması bu yoldan başlayır. Nə üçünsə Pənah xanın vaxtında Ağdam ellərinin Xorasan sürgünündən geri qayıtması yadıma düşdü. Biz qayıdırıq, hər mənada qayıdırıq.

Akif Nağı QAT-ın partiya olmasından danışdı: “Hədəfimiz təşkilatlanmaq,  seçkilərdə iştirak etməkdir”

“”Qarabağ" qələbə komandamızdır, qələbəyə tamarzı olduğumuz vaxt qələbə sevincini bizə yaşadıb"

- Yeri gəlmişkən, ötən ay az qala bir qərinəlik fasilədən sonra ilk dəfə doğma kəndinizə getdiniz. Növbəti dəfə səfər etmək, yaxud kəndiniz, evinizlə bağlı hansısa təşəbbüslə çıxış eləmək niyyətiniz varmı?

- İyulun 19-da kəndimizə getdik. Ağır, amma həm də xoş təəssüratla qayıtdıq. Ağır tərəfi hamıya bəllidir, təşəkkür edirəm, o ağrını bölüşdünüz. Xoş tərəfi isə odur ki, torpağımıza qayıtdıq - müqəddəs torpağımıza. Əsas odur ki, yerdə qalanları tikib yaradacağıq. Növbəti dəfə qayıtmaq, əlbəttə, fikrimizdədir. Bizə dedilər ki, 3 ay fasilə ilə getmək olar. Yəqin ki, bir azdan bu interval qısalacaq. Hələlik niyyətimiz atamızın, digər əzizlərimizin məzarlarını nizama salmaqdır. O haqda düşünürük. Digər məsələlər, kəndimizə ümumi qayıdışla bağlıdır. Bunu da dövlət zamanında həll etməlidir. Gözləyirik. Fikirlərimizi bildirmişik.

Bir təklifimiz budur ki, kəndimizin qəbiristanlığının bir hissəsi tam təmizlənsin, mina və digər təhlükələr qalmasın, yeni dünyasını dəyişənlərin həmin yerdə dəfninə şərait yaradılsın. 30 il yaxınlarımız müxtəlif yerlərdə dəfn olunub, vəziyyətə uyğun anlaşılıb, amma torpaqlar azad olunandan sonra, el-obamız bir addımlıqda olduğu halda, yaxınlarımızın başqa yerdə dəfn olunması bizlərə çox ağır gəlir. Digər təklifimiz kəndimizin maksimum öz yerində bərpa olunmasıdır.

- Akif bəy, Azərbaycan dövləti Qarabağ erməniləri ilə Yevlaxda görüş keçirmək niyyətindədir. Siz bu kimi görüşlərə necə yanaşırsınız? Nəticəyə ümid edirsinizmi?

- Doğrusu, o qədər müsbət yanaşmıram. Erməniləri bu yolla ağıla gətirmək mümkün deyil. Onların saytlarını izləyirəm. Məsələni “Arsak (Sarsaq) - Azərbaycan” danışıqları kimi təqdim edir, şərtlər qoyurlar. Adamın gülməyi gəlir ki, bunlar nə qədər axmaq toplumdur, nə vaxt ağıllanacaqlar. Məncə, bu işlərə vaxt sərf etməyinə dəyməz. Ola bilər ki, Azərbaycan rəhbərliyi beynəlxalq birliyin bəhanəsini də kəsmək istəyir. Amma yenə də uyğun deyil. Bunlar ancaq zopa və yumruq dilini başa düşürlər, onları Yevlaxa, hər hansı başqa yerə ancaq əli-qolu bağlı gətirmək lazımdır. Yerdə qalanlarına da başa salmaq lazımdır ki, ya bu şərtlər daxilində qalın, ya da çıxın gedin!

- Azərbaycan Prezidenti Ermənistan və Qarabağ ermənilərinə növbəti dəfə sözünü dedi, nəticə çıxarmağa çağırdı. Siz bu çağırışı necə dəyərləndirirsiniz və sizcə, ermənilər doğru seçim etməsələr, nə baş verəcək?

- Belə görünür ki, Azərbaycan Prezidenti “Euronews” vasitəsilə, məncə, son dəfə ermənilərə, xüsusilə Qarabağdakı ermənilərə sözünü, şərtlərini dedi. Eyni zamanda ermənilərin havadarlarına da mesajlarını çatdırdı. Bundan sonra baş verə biləcək hadisələrin məsuliyyəti ermənilərin, havadarlarının üzərinə düşəcək.

- Avqust ayında antiterror əməliyyatının keçiriləcəyi barədə xəbərlər reallaşa bilərmi?

- Antiterror əməliyyatı labüddür, çünki ermənilər başqa cür anlamırlar. Amma onun bu ay olacağına dair əlamətlər hiss olunmur. Azərbaycan hələlik Qarabağdakı ermənilərin ətrafında həlqənin daraldılması ilə məşğuldur. Son addım Xaçatryanın saxlanması oldu, o xətt, yəqin ki, davam etdiriləcək. Digər tərəfdən, Azərbaycan antiterror əməliyyatı üçün “material” toplayır ki, başlayanda Qərbdəkilər şivən salmasınlar. Rusiya ilə bağlı da müəyyən hazırlıq işləri görülür. Ən əsası isə Rusiya sülhməramlılarının fəaliyyətinin səmərəsiz olduğunu sübutlarla Kremlin diqqətinə çatdırır. Ona görə də yaxın vaxtlarda antiterror əməliyyatının keçiriləcəyi inandırıcı deyil. Amma İkinci Qarabağ müharibəsinin başlayacağını da heç kəs gözləmirdi. Hər şey ola bilər.

- Bəy, Avropa İttifaqı nə etmək istəyir? Qafanda ofis açdılar. Həmçinin elan olundu ki, Ermənistandakı ofislərin sayını 6-ya qaldıracaqlar.

- Avropa İttifaqı həddindən artıq fəaldır. Hər cəhdlə Qafqazda mövqe tutmağa çalışır. Sanki Rusiyanın son 100 ildə oynadığı rolu ona tapşırıblar. Rusiyanı bu qurumun əli ilə Cənubi Qafqazdan  çıxarmağa çalışırlar. Qafanda ofis açmaları çox ciddi siqnaldır. Azərbaycan cavablarını verməlidir. Artıq Şuşada Türkiyənin konsulluğunu açmalıyıq. Hətta bu da kifayət deyil. Məsələn, Türkiyənin Laçında da hansısa qurumunu, ola bilər ki, hərbi missiyasını formalaşdırmağın vaxtı çatıb. Bir məsələ də var ki, həmişə “dişsizliyi” ilə seçilən  Avropa İttifaqının ciddi təhlükə yaratmayacağı da şərtdir, onlar adətən çox dərinə getmirlər. Bəlkə də onların fəallaşması xeyrimizədir. Rusiyanı qıcıqlandıra bilərlər. Biz də bu vəziyyətdən yararlana bilərik.

- Akif bəy, ermənilər Laçın yolu ilə yardımların daşınmasında israrlıdırlar. Eyni zamanda Ağdam yolundan imtina edirlər. Sonadək bu mövqedə qalsalar, cavabımız nə olmalıdır?

- Qərb Ağdam yolu ilə bağlı mövqemizi müdafiə edir, Rusiya da inad göstərmir. Düşünürəm ki, Ermənistan sonda razılaşacaq. Əgər razılaşmasa, biz də Laçın yolu ilə əlaqələri tam məhdudlaşdırmalıyıq. Onların “humanitar fəlakət” hay-küylərinə əhəmiyyət verməməliyik. Diqqəti Zəngəzur dəhlizinə də yönəldə bilərik. Oradan Naxçıvana humanitar yardım məsələsini gündəmə gətirmək olar. Məncə, “Laçın dəhlizi” hamı üçün diqqəti yayındırma vasitəsidir, əsas diqqət Zəngəzura yönəlib. Qafanda ofis açılması da təsadüfi deyil. Deyəsən, dünyanın ağırlıq mərkəzi, ya da “ağrıyan yeri” Zəngəzura keçir. Vaxtilə bu rol Balkanlara məxsus idi, indi dünyanın taleyi Orta dəhlizin keçəcəyi Zəngəzura yönəlib. Dünyanın taleyi Zəngəzurda həll olunur. Burada Azərbaycanın mövqeyi hamıdan güclüdür. Ona görə də ermənilərin Laçın yolu ilə bağlı hay-küyü əsas deyil. Ağdam yolunu isə öz daxili işimiz kimi yaxın vaxtlarda həll edəcəyik.

- Son məlumata görə, ermənilər daha 2 yük maşını gətirib Həkəri istiqamətinə və guya yumanitar yüklə dolu olan TIR-ların sayı 21-ə çatıb. Sizcə, bu təxribatlara cavabımız nə olmalıdır? Fakt budur ki, ermənilər Laçın postu istiqamətində təxribatlardan əl çəkmək niyyətində deyil. Elan ediblər ki, avtobuslarla yürüş edəcəklər. Azərbaycan əhalisi ermənilərin bu fitnəkar davranışlarının qarşılığında Xankəndi, Ağdərə, Naxçıvan istiqamətində yürüş təşkil edə, yaxud qapadılmış yollardan yük maşınlarının keçidi tələbini qoya bilərmi?

- Məncə, ermənilərin sarsaqlıqlarını təkrar etməyə ehtiyac yoxdur. Onlar öz hərəkətləri ilə vəziyyətlərini bir az da pisləşdirirlər. Qoy maşınların sayını artırsınlar, artırdıqca, daha axmaq görsənirlər. İstənilən beynəlxalq qurum da soruşa bilər ki, əgər maşınları buraxmırlarsa, əlavə niyə göndərirsiniz? Nə qədər ermənipərəst olsalar da, məntiqlə davranmaq zorundadırlar. Yürüş keçirmək istəyirlər, buyursunlar. Həm qanunsuz, həm də gərginliyi artıran hərəkət olduğuna görə qarşısını sərt şəkildə ala, onları mənasız hərəkətlərinə görə peşman edə, üstəlik, bir az da irəliləyə bilərik. Bu yürüş dedikləri təxribatın qarşısını almaq üçün məkanına uyğun olaraq Avropa İttifaqı missiyasına və ya Rusiya sülhməramlılarına müraciət edə bilərik. Bununla erməniləri və havadarlarını qarşı-qarşıya qoymuş olarıq. İstənilən halda biz haqlı tərəfik, mövqeyimizdə qalmalıyıq, düşmənin sarsaq və düşünülməmiş hərəkətlərindən yararlanmalıyıq.

- Azad Vətən Partiyasının qeydiyyatı ilə bağlı vəziyyət nə yerdədir? Partiya olaraq fəaliyyət göstərmək mümkün olmasa, hansı formada fəaliyyətiniz olacaq?

- Partiyamızı bir həftədən çoxdur ki, ciddi yoxlayırlar. Ədliyyə Nazirliyindən üzvlərimizə zəng edir, partiya mənsubiyyətlərini soruşurlar. Bizdə olan məlumatlara görə, ciddi problem yoxdur. Ötən il partiya kimi fəaliyyət göstərməyə qərar vermişik, qərarımızı belə tez dəyişməyə ehtiyac yoxdur. Çünki düşünüb-daşınıb qərar vermişik.

- Və sonda... Azarkeşi olduğunuz “Qarabağ”ın durumu və son uğursuzluqları sizə necə təsir edir? Sizcə, səbəb nədir, səbəbkar kimdir?

- “Qarabağ” udsa da, uduzsa da, həmişə yanındayıq. Oyundur, hər şey ola bilər. Son oyunlarını da yaxşı oynadılar. Rəqib müdafiədə oynadığına görə uğurlu nəticəmiz olmadı. Komandanın müəyyən çətinlikləri hiss olunur. Bu da heyətin təzələnməsi ilə bağlıdır. İnanıram ki, Qurban Qurbanov tezliklə hər şeyi yerinə qoyacaq.  “Qarabağ” qələbə komandamızdır, qələbəyə tamarzı olduğumuz vaxt qələbə sevincini bizə yaşadıb. Bunları unutmayaq. Günahın hamısını Şahruddinin üstünə yıxmaq da düzgün deyil, onun da xidmətləri olub. Amma yaxşı bir qapıçıya ehtiyacımız var.

Elşad Paşasoy,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR