İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropaya od vurublar, bazalar, holdinqlər yanır, bazarlar da "yanacaq"

5006 30.04.2022 08:40 Yazarlar A A

Sui-qəsd nəzəriyyələri barədə bir məşhur olmayan lətifə var, onu yazım, sonra mətləbə keçərəm.

Deməli, bir qoyun sürüsü olur, bir gün Qoç toğluları başına yığıb deyir ki, çobanların hərəkətlərindən, danışıqlarından şübhələnmişəm, deyəsən, yaxın aylarda hansısa bayramla əlaqədar bizi topdan qəssablara satacaqlar, onlar da bizi aparıb kəsəcəklər.

Bunu eşidən anaş Qoyun o biri qoyunlara deyir ki, Qoç yaxşı analitikdir, amma sui-qəsd nəzəriyyəsinə çox meyllidir, əbəs yerə uşaqları panikaya salır. (Lətifənin sonu).

Bəli, bu ölkədə analitiklər də çoxdur, sui-qəsd nəzəriyyələrinə meyl və şəkk edənlər də. Ona görə də nəsə bir ekstremal hadisə baş verəndə fikirlər toqquşur, hansısa qəti qərara gələ bilmirik. Gərək oturub qəssabların toğluların dalınca gəldiyi, çobanlarla sövdələşdiyi günü gözləyək. Onda da gec olur, boğazları ələ keçəndən sonra toğluların sui-qəsd nəzəriyyəsinə inanıb-inanmaması heç nəyi dəyişmir.

Budur, “Azərsun” holdinqinin sənaye parkında dəhşətli yanğın olub və ölkənin analitik beyinlərinin gümanları ora-bura dağılıb.

Çox adam hesab edir ki, bu, təsadüfi yanğın deyil.

FHN-in böyükləri deyirlər ki, müəssisəsinin kameralarında şübhəli bir şey gözə dəymir, yanğının tullantıların atıldığı yerdə başladığı görünür.

Deyim ki, heç bir rəsmi açıqlama, and-qəsəm bizim cilovunu, buxovunu qırmış fantaziyamızın qarşısını kəsə bilməz, o, səllimi at kimi istənilən ünvana çapmaq hüququ qazanıb.

Açığı, hamı Rusiyadan şübhələnir. Motiv də var. “Azərsun” Ukraynaya humanitar yardım göndəribmiş. Ona görə də bu holdinqdəki yanğının Rusiya tərəfindən törədilməsini qisas aktı hesab edənlər çoxdur.

Rusiyanın vayqanlı tutulmasının əsas səbəbi odur ki, hazırda bu ölkə bütün Avropaya od vurub. Onun yanında bir müəssisəsinin anbarının yanması və ya yandırılması nədir ki? Vaxtilə “Tiflisi odlara qalayıb keçən” Nadir şahın elədiyi yalan olub, Putinin elədiyi gerçək. Sadəcə, indi əsl “odlar yurdu” Ukraynadır. Bu ölkənin şəhərlərinin bir çoxu gecələr rus raketlərindən qaynaqlanan yanğınlarla işıqlanır. Videokadrlar eyzən uça-uça gələn işıqlı raketləri göstərir.

Bu arada Rusiyanın özündə də yanğınlar artıb. Sosial şəbəkələrdə iddia olunur ki, bu yanğınları da ukraynalılar təşkil edir. İşə baxın ki, bu dəfə Rusiya tərəfi imicinə xələl gəlməsin deyə deyir, yox, filan yanğın detonasiyadan olub, bu birisi qısaqapanmadan baş verib, heç biri ukraynalıların diversiyası ilə əlaqəli deyil.

Ona görə də ortalıq qarışıqdır. Bilinmir, kim alışqanı harada necə alışdırır.

Bax, o gün uzaq Yaponiyanın Hokkaydo adasının yaxınlığında bir kruiz gəmisi batıb, 14 adam ölüb. Elə bilirsiniz, Rusiyadan şühələnmirlər? Şübhələnirlər. Çünki bundan əvvəl yaponlar Kuril adaları ilə bağlı Rusiyaya orta yumşaqlıqda bir iddia irəli sürmüşdülər, Rusiya da şifahi şəkildə sərt cavab vermişdi. Analitiklər gözləyirdilər ki, görəsən, Rusiyanın əməli cavabı nə olacaq. Gəldi, yapon gəmisi batdı. İndi yerli analitiklər necə sui-qəsd nəzəriyyəsinə meyllənməsinlər?

(Ümumiyyətlə, bu Yaponiya qəribə ölkədir. Hər dəfə Avropa qitəsində böyük müharibə başlayanda yaponlar da qızışıb savaşa qatılır, ara yerdə döyülüb, çıxırlar. Hələlik Yaponiya-Avropa “oyun”unun hesabı 1:1-dir, bir dəfə udub, bir dəfə uduzub. İndi 3-cüyə də girişmək istəyir. Ağsaqqal imperator demir ki, bir az hövsələ edin, görək, nə olur).

Bu baxımdan o tip nəzəriyyələrə meyllənənlər haqlı görünür. Atalar da deyib ki, od olmayan yerdən tüstü çıxmaz. Ataların o sözünə şirk qoşmaq kimi çıxmasın, qığılcım olmayan yerdən də alov qalxmaz. Təcrübə göstərir ki, yanar konstruksiyaların olduğu yerlərdə baş verən yanğınların çoxu öz-özünə alışma ilə olmur, kibriti, alışqanı və sair alov çıxardan alətləri işə salan biri olur.

Xüsusilə də əgər alov tez bir zamanda genişlənib qarşısıalınmaz, ramedilməz yanğına çevrilirsə, bütün gecəni davam edir, ertəsi gün söndürülürsə, demək, bu miqyaslı işdir. Yoxsa hər gün orda-burda minlərlə qısaqapanma yanğını iki vedrə su ilə və ya qırmızı yanğınsöndürən hacətin püskürtdüyü köpüklə dərhal söndürülür, heç kəsin də xəbəri olmur.

Yəni dediyim odur ki, analtik qoçların mülahizəsini qəribçiliyə salmaq, qoyunluq etmək olmaz. Araşdırmaq, dəqiqləşdirmək, düzgün nəticəyə gəlmək lazımdır.

Ən pisi odur ki, camaat “Azərsun”un istehsal etdiyi qidaların bahalaşacağından və jurnalistlərin sevimli ifadəsi ilə desək, “əl yandıracağından” qorxurlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR