İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropaya gedən qazı artırmaq üçün...

792 03.07.2026 10:35 Yazarlar A A

Lap əvvəl “insan kapitalı”ndan başlamaq istədik, guya elmə-təhsilə böyük kapital yatırılacağını düşündük, amma axırda məlum oldu ki, bizdə də insanların özünü, onların ayrı - ayrı orqanlarını bazara çıxan işbazlar meydana çıxıb ki, bu da təəccüblü görünmədi, çünki əsl iş olmayam yerdə axırda işbazlar əmələ gəlir.

Sonra da İKT-yə keçmək istədik, bundan da bir peykimiz əmələ gəldi. Zira məlum deyil ki, o peyk indi fırlanır, yoxsa hansısa stasionar orbitdə ilişib qalıbdır, yaxud o, da işbazlaırın həzmi–rabesindən keçibdir?

Peyklərin də təyinatı çoxdur, amma bizimkinin informasiya-kommunikasiya təyinatlı olacağı deyilirdi. Oldumu? Vallah, bilmirəm!

Bir onu deyə bilərəm ki, televiziyalarımıza da mənim kimi bir-iki yarı-təqaüdçü baxır və ümumi halda götürəndə illər ərzində bizim telekanallar millətə nə qədər ziyan vurmaq mümkündisə, vurdu. Allah axırından qorusun.

İnsanlar qəbul etdi ki, nəinki hərdən, ümumiyyətlə həmişə yalan danışmaq olar, özü də elə beləsindən də yox, lap qatıq kimi ağından...

İndi də, xeyirli-uğurlu olsun, çalışırıq bütün rəqəmsal texnologiyalara baş vuraq. Bir daha deyirəm ki, xeyirli-uğurlu olsun, amma bu işin tapşırıldığı adamların çoxunu bir az əvvəldə sadaladığım mərhələlərdə də görmüşdüm, odur ki, istəsəm də nikbin ola bilmirəm...

Amma hətta bu da məsələnin hələ ən faciəli tərəfi deyil. Dünyada təzə bir şey peyda olan kimi biz də dərhal həvəsə düşür və qızışıb özmüzdən çıxırıq. Amma axırda hərlənib-fırlanıb yenə də gəlirik enerji məsələsinə, məlum olur ki, bizi Dünya daha çox neftə-qaza görə tanıyır və tanımalıdır, çünki Avropanın enerji təhlükəsizliyinə böyük töhfə veririk.

Bəli, bizim hətta ən adi vətəndaşımızdan da soruşanda ki, səni nə daha çox naharat edir, biçarə qayıdıb deyir ki, bəs Avropanın enerji təhlükəsizliyi! Ona görə mənim də bir “təklifim”: gəlin qaz borularının bir ucunu da heç olmasa, bizim müxalif və yaxud da müstəqil düşüncəli adamlara keçirək ki, hayıfdır, onların da qazı boş-boşuna havaya buraxılmasın, Avropaya getsin və Qoca qitənin enerji təhlükəsizliyi bir az da etibarlı və dayanıqlı olsun.

Həm də bu yolla bu adamların da qazı bir az alınsın ki, ölkədə sabitlik daha möhkəm və dayanıqlı olsun, çünki qaz deyilən şey həm çox vacibdir, həm də təhlükəli məsələdir, adamın yalnız ürəyini bulandırmır.

Üstəlik, nəsə alınmayanda onu kiminsə üstünə atmaq lazım gəlməyəcəkmi? Bunun üçün müxalif insanlar daha münasib və hətta öyrəncəli deyillərmi? 33 ildir ölkədə nəsə alınmırsa, bu yazıqların “bir illik hakimiyyətinin” üstünə atmırıqmı?

Bilirəm, sözlərimdən inciyən olacaq. Amma dəyməz, çünki özümü də müxalif və ya müstəqil düşüncəli insanların düşərgəsindən hesab edirəm, əlbəttə ki, mənəvi cəhətdən.

İkincisi, bu insanlardan da ölkə, yaxud bəşəriyyət bir fayda görməlidir, ya yox? Az qala yarıməsrdir Avropa və Qərb deyib durublar, bunların da həmin Avropaya bir xeyri olmalıdır, ya yox?..

İndi keçək bir az ciddi notlara. Ən birincisi, gəlin kimisə borclu çıxarmayaq ki, bəs sizi enerjilə, daha doğrusu, neftlə-qazla təmin edirik və əvəzində siz də bizə, necə deyərlər, anti–demokratiya, Oruellin utopik fermasına bənzər bir şey qurmaqda siyasi dəstəyinizi əsirgəməyəsiniz.

Bəzisi başa düşür və həttta qəbul da edir, amma çoxu, əksinə belə qarşdaşlığa-dostluğa etiraz edir, kürümüzü yeyib üzlərini bizdən yana tutur, “noolsun? nefti-qazi satıb pul qazanırsınız!” deyirlər.

Odur, baxın, başqa bir neft-qaz ölkəsi belə deyirmi, onlar neft və qaz satdıqları ölkələrin başına bunu heç qaxınc edirlərmi? Belə götürəndə əvvəl İraq, daha sonra Venesuela, indi də İran neft-qaz ölkəsi deyilmi?..

Venesuelanı bilmirəm, İran, eləcə də ərəb neft ölkələri daha çox başqa meyarları önə gətirmək istəyirlər. Ərəblər deyir ki, islamı, “Quranı” biz gətirmişik, Məhəmməd peyğəmbər ərəb olub, indi də az qala, 20-dən çox ərəb dövləti var! İran da daha çox böyük İsgəndərlə vuruşmasından və yaxud da “Şahnamə”sindən danışır, halbuki onların nefti də, qazı da bizimkilərdən qat - qat çoxdur, özü də bizdən qat-qat çox satırlar. Odur, bu rəqəmsal proqramı Allah avand, uğurlu eləsin, bəlkə elə həqiqətən də nəsə alındı? Bəlkə bizi də, nəhayət, başqa şeyə görə tanıdılar? Kim bilir? Məsəl var, deyirlər ki, kimin əvvəli, kiminin də axırı...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR