İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropaya böyük təhdid - Putin atom bombası daşıyan sualtı qayığı qitə sahillərinə çıxardı

1747 23.07.2022 12:00 Yazarlar A A

ABŞ və Rusiya arasında əzələ nümayişi davam edir. ABŞ-ın "Arleigh Burke" esminesi dostluq səfərilə Finlandiyanın paytaxtı Helsinkidə olarkən, Rusiya Danimarka boğazlarından keçməklə Baltik dənizinə atom bombası daşıyan sualtı qayıq çıxarıb. Bu barədə „Almaniyanın redaksiyalar şəbəkəsi“ məlumat yayıb.

Təxminən 10 min tonluq, 130 metr uzunluğundakı “Severodvinsk” sualtı qayığının çərşənbə axşamı Rusiya desant gəmisi „İvan Qren“in müşayiəti ilə Fehmarnbeltdən keçdiyi deyilir.

Rusiya donanmasının ən məxfi nüvə sualtı qayıqlarından biri olan “Severodvinsk” Baltik dənizinə daxil olub.

Almaniyanın “Focus” dərgisi Danimarkanın hərbi dəniz qüvvələrinin məlumatı təsdiqlədiyini yazır. “Hərəkət qeydə alınıb və sualtı qayıq Danimarka hərbi dəniz qüvvələri tərəfindən izlənilir" deyə Danimarka dənizçilərinin baş qərargahı Twitterdə də məlumat yayıb.

Rusiya tərəfi atom bombası daşıyan sualtı qayığın hərəkətini iyulun sonunda “Dəniz donanması günü” ilə əlaqələndirir. Həmin gün sualtı qayığın prezident Vladimir Putinə təqdim olunacağı bildirilir.

Sualtı qayıq Rusiya hərbi dəniz qüvvələrinin ən məxfi gəmilərindən biri hesab olunur və Rusiyanın Arktika dairəsindəki şimal donanmasına aiddir.

“Severdvinsk” silahları ilə də məşhurdur. Sualtı qayıq 2021-ci ilin oktyabrında ilk dəfə olaraq Ağ dənizdən “Tsirkon” tipli hipersəs raketini uğurla havaya qaldırıb.

Qərbin hərbi ekspertləri belə təhlükəli sualtı qayığın başqa yerə köçürülməsini NATO-ya qarşı siqnal hesab edirlər.

Almaniyanın Kiel Universitetinin təhlükəsizlik siyasəti institutunun dəniz strategiyası və təhlükəsizliyi şöbəsinin rəhbəri Yohannes Peters Almaniyanın “Merkur” portalına müsahibəsində bildir ki, “hazırda NATO-ya ən böyük başağrısı yaradan Rusiya hərbi dəniz qüvvələrinin bölmələridir. Sualtı qayığın silahları Şimali Avropadakı, demək olar, bütün NATO təchizat limanlarına bir zərbə ilə hücum edə bilən uzaqmənzilli raketlərdən ibarətdir”.

Rusiya tərəfinin məlumatına görə, sualtı qayıq Rusiyanın Qara dənizdəki sualtı qayıqları ilə müqayisədə suyun təxminən 40 metr dərinliyindən 8 dəfə çox raket ata bilir.

Rusiya ordusu sualtı qayıqlardan Odessadakı Ukrayna hədəflərinə qanadlı raketlər atmaq üçün istifadə edir.

"Severodvinsk" Rusiya şimal donanmasının Murmansk yaxınlığında, Kola Fjordunda yerləşən nüvə silahı daşımaq gücündə olan 24 qayığından biridir. Sualtı qayıq Rusiya sualtı qayıqlarının ən məxfi və ən müasir sinfi olan “Yasen” sinfinə aiddir. Qayıq Ağ dənizdəki Severodvinskdə hazırlanlb, buna görə də belə adlandırılıb.

“Severodvinsk” nüvə sualtı qayığında qanadlı raketlər üçün 32 buraxılış yeri var. 2021-ci ilin sonlarında qayıqdan ilk "Tsirkon" qanadlı raketlərinin atılması qərb mediasının manşetlərinə çıxmışdı.

Hipersəs raketi Rusiyanın ən məxfi silahı hesab olunur. “Tsirkon” və “Severodvinsk”in fotoları bu günə qədər bir dəfə yayınlanıb. Bir neçə gündən sonra Rusiya prezidenti Vladimir Putin sualtı qayığı Sankt-Peterburqda dünyaya nümayiş etdirəcək.

Sualtı qayığın sırf parad məqsədləri üçün nümayişi NATO-ya əzələ nümayişi kimi xarakterizə olunur.

"Severodvinsk"in səyahəti NATO tərəfindən addım-addım izlənilir. Norveç, Danimarka və Portuqaliya silahlı qüvvələrinin bölmələri sualtı qayığı təqib edirlər.

NATO-nun sualtı dinləmə sistemlərini pozmaq gücündə olan sualtı qayığın Baltik dənizində görünməsi qərbin regiondakı silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib.

Rusiyanın atom silahını Baltik dənizinə çıxartması bir çox Avropa ölkələrində ciddi təşvişə səbəb olub. Ukraynada çətin durumda olan Rusiya prezidenti əsas silahı ilə NATO ölkələrinə əzələ nümayiş etdirmək qərarına gəlib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR