İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın səyyah təqaüdçüləri və bizimkilər

1151 28.05.2022 10:30 Yazarlar A A

Orta məktəbin yuxarı siniflərində oxuyanda müəllimlərə tez-tez kommunizmin, nəhayət, nə vaxt qurulacağı barədə sual verərdik.

Əslində biz o məsələyə şübhə ilə yanaşırdıq, amma istəyirdik ki, bizdən daha ağıllı və savadlı olan müəllimlərimiz ya şübhələrimizi dağıtsınlar və bizi tam inandırsınlar, ya da desinlər, kommunizm əvəzinə qulağınızın dibini görərsiniz, biz də xatircəm olaq, işimizi bilək.

Amma sovet dövrü idi, Kreml təkcə SSRİ-də yox, bütün dünyada kommunizm qurmağa çalışırdı və ildə ən azı bir ölkədə kommunistlər inqilab-çevriliş edirdilər. Ona görə də müəllimlərimiz açıq-açıq kommunizmə şəkk gətirmirdilər, eləcə, deyirdilər, kommunizm olanda görəcəyik.

O vaxt bir inanc da vardı ki, guya dörd nəfərin dayanıb söhbət elədiyi yerdə onlardan biri mütləq orqanlara işləyən olur və kim pis şey danışırsa, gecəylə hökumətə çatdırır. Fəqət potensial çuğullara məhəl qoymayan gənc müəllimlərimiz də vardı, deyirdilər, ay uşaqlar, nə kommunizm, nə maddi bolluq, bunlar adicə adamlara düz-əməlli iş verə bilmirlər. Bir dəfə biri hətta dedi ki, partkoma toğlu verib partiyaya keçənlər kommunizm qura bilməzlər, dərsinizi yaxşı oxuyun, bir tərəfə çıxın, gedib qara fəhlə olmayın.

Xoşbəxt gələcəyə inam heç vaxt öləzimədiyi üçün inanırdıq ki, kommunizm olmasa da, gələcəkdə hər şey yaxşı olacaq, hər şey hər kəsə əməyinə və ehtiyacına görə veriləcək.

Kommunizmdə pul olmayacağını desələr də, deyirdik, təki elə olsun. Ta demirdik ki, vaxt gələcək, pul and yeri olacaq, pula görə qırğınlar gedəcək, hətta dövlətin, millətin təhlükəsizliyini qorumalı olan tərifli orqanın generalları bir az pulu olan adamları tutub içəri salacaq, dərilərini soyacaq və özləri varlanacaqlar. Bunu o vaxt kimə desəydin, inanmazdı, deyərdi, çekistlər elə şey eləməz.

Çox adam inanırdı ki, pensiya yaşı ilbəil azaldılacaq, təqaüdlərin həcmi isə ilbəil artırılacaq. Bu gün postsovet məkanındakı respublikaların (Baltikböyrü 3 ölkə xaric) təqaüdçüləri bu məsələ xüsusunda xeyli hiddətlidirlər, deyirlər, hökumətin fikri belədir ki, tezliklə qırılaq, gedək, bizə pensiya verməsin.

İndi elə adamlar var, “əbədi xoşbəxtliyimizin bağlı olduğu Rusiya”dan qopmağımızı gənc nəsillərə töhmətə çeviriblər, deyirlər, yaxşı oldumu, ağ günə çıxdınızmı, rusun vaxtında gül kimi yaşayırdıq. Bir dəfə dostlardan biri elə deyən ağsaqqala dedi ki, əmi, yaxşı, biz rusdan ayrıldıq, bədbəxt olduq, bəs özləri niyə o gündədirlər, kommunizmi bizsiz quraydılar, yaşayaydılar dəə... Ağsaqqal bir az duruxdu, sonra dedi: “Amerika qoydu ki?”

Ax, alçaq imperialistlər, vicdansız kapitalistlər! Görün, neçə ildir qoymurlar yaxşı yaşayaq. Qazı, benzini baha qiymətə alırlar, pis örnək yaradırlar. Onlarla müqayisədə qazın qiyməti bizdə heç nə olsa da, onlarla ayaq uzatsaq, gərək qazandığımızın 90 faizi qazpuluna gedə. O istismarçı yaramazlara nə var, təqaüdçüyə 3-4 min avro pul verirlər. Amma bizim kommunizm uğrunda elmi və praktiki mübarizə aparan keçmiş zəhmətkeşlərimiz onların onda biri qədər təqaüd almırlar.

Yeri gəlmişkən, 5-6 il əvvəl Brüsselin mərkəzində bir turist avtobusundan düşən 50-60 təqaüdçü gördük, cavanının 70, yaşlısının 85 yaşı olardı, bələdçinin ardınca sırayla eynən bizim Qız qalasına bənzəyən bir tarixi binaya sarı gedirdilər. İngilis dilini yaxşı bilən yoldaşlarımızdan biri maraqlandı, onlardan bir neçə kəlmə (“Vuiç kantri a yu from”-zad) soruşdu. Məlum oldu ki, bunlar almaniyalı təqaüdçülərdir, Avropanı gəzirlər, dünən Parisdəymişlər, bu gün Belçikaya gəliblər, sabah Hollandiyaya gedəcəklər, ordan da Danimarkaya.

O qədər təqaüdçünü bizdə yalnız hər ayın axırında bankomatların qarşısında görərsən, turş sifətlə təqaüdlərini kartdan çıxarır (yaxud da gənclərin vasitəsilə çıxartdırır), əvvəlcə yaxınlıqdakı aptekə, sonra marketə girirlər. Nə turne, nə kruiz, ən uzaq getdikləri yer də ayrı yaşayan övladlarının evidir.

Halbuki 40 il əvvəl onlar partiya-təsərrüfat yığıncaqlarında ya kommunizm quracaqları barədə alovlu çıxışlar edirdilər, ya da alovlu çıxışlar edənləri ürəkdən alqışlayırdılar, inanırdılar ki, elə olacaq.

Elə olmadı. Kommunizmi Yaponiyada, İsveçdə, Finlandiyada, Norveçdə, Kanada da qurdular, biz qura bilmədik. Ona görə də hazırda kommunal məsrəflərin həcmindən gileyliyik.

Amma ali məktəbdə bizə təşər-təşər elmi-kommunizm dərsi keçirdilər.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR