İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan qaza görə rubl tələbi işə salındı: gözlənilməz gedişlər

3173 02.04.2022 09:40 İqtisadiyyat A A

“Qazprom”Almaniyadakı aktivlərindən çəkildi; ABŞ nəhəngi qısa müddətdə maye qaz istehsalını kəskin artırmaq mexanizmi yaratdı

Rusiya prezidenti Vladimir Putin Avropa ölkələri ilə qaz ticarətinin rublla aparılması qaydasını təsdiqləyib. Qaydaya əsasən qazı alan subyektlər Rusiya banklarında hesab açaraq məhsulun dəyərini avro və ya dollarla həmin hesaba köçürəcəklər. Rusiya bankları isə həmin vəsaiti rubla konvertasiya edib alıcıya təqdim edəcək, o isə öz növbəsində qazın dəyərini satıcıya ödəyəcək. Bu prosesin əsasən “Qazprombank” vasitəsilə reallaşdırılacağı gözlənilir.

Putin bəyan edib ki, qayda aprelin 1-dən tətbiq olunmağa başlayacaq və ona əməl etməyən alıcılar üçün qazın nəqli dayandırılacaq: “Bizə heç kim heç nəyi pulsuz vermir, bu səbəbdən biz də xeyriyyəçiliklə məşğul olmayacağıq”.

Qeyd edək ki, Rusiyanın tətbiq etməyə çalışdığı bu qayda bilavasitə öz marağının təmininə yönəlib. Belə ki, Avropadakı alıcılara rublu yalnız Rusiya bankından almaq öhdəliyi qoyulur. Rusiya bankı isə dollar və ya avronun konvertasiyasını Rusiya Mərkəzi Bankının müəyyənləşdirdiyi, reallıqdan çox uzaq məzənnə əsasında həyata keçirəcək. Hazırda Rusiyada banklardan kənarda 1 dollar 140-150 rubl, 1 avro isə 200 rubla yaxındır. Amma Rusiya Mərkəzi Bankının məzənnələrində dollar 83 rubla, avro isə 92 rubla bərabər götürülür. Beləliklə, Rusiya öz milli valyutasının dəyərsizləşməsi fonunda qazı rublun real məzənnəsindən xeyli baha məzənnə ilə satmağı hədəfləyir.

Qazprom» daha Rusiyanın ən böyük şirkəti deyil – LİDER DƏYİŞİB - FED.az

Rusiya qazını Avropaya satan “Qazprom” şirkəti aprelin 1-də artıq V.Putinin təsdiq etdiyi qaydalara uyğun ödənişlə bağlı alıcılarına müvafiq bildirişlər göndərməyə başladığını açıqlayıb. Açıqlamada bildirilir ki, satılan qazın dəyəri Rusiya Federasiyasının qanunvericiliyinə uyğun ödəniləcək: “ ”Qazprom" Rusiya şirkəti olaraq ölkə qanunvericiliyinin tələblərinə tam əməl edir. Buna görə də bu gün ödənişin Rusiya rublu ilə həyata keçiriləcəyinə dair alıcılara rəsmi xəbərdarlıq göndərməyə başlamışıq. “Qazprom” məsuliyyətli tərəfdaş olaraq alıcılara qaz tədarükünü müqavilələlər uyğun şəkildə davam etdirir".

Maraqlıdır ki, Rusiya qaza görə rublla ödəniş tələbində “kiçik” bir istisnaya yer qoyub. Belə ki, V.Putinin təsdiqlədiyi qaydalarla ödənişdə müəyyən istisnalar ola biləcəyi qeyd edilir. Həmin istisnalarla bağlı qərarı Rusiyanın xarici investisiyalar üzrə dövlət komissiyası verəcək. Bu, Moskvanın Avropa Birliyi daxilində qaz təchizatı məsələsində fikir müxtəlifliyini gücləndirmək üçün hazırladığı plan kimi qiymətləndirilir. Belə ki, bundan Rusiyanın onun neftindən gözlənilən imtina qərarının qarşısını almaq üçün istifadə edəcəyi gözlənilir. Bildirilir ki, Rusiya neftdən imtina etməməyin müqabilində bəzi Avropa ölkələrinə qazın dəyərini avro ilə ödəmələri üçün şərait yarada bilər.

Qeyd edək ki, Avropadan Rusiyanın rublla ödəniş tələbinə ilkin reaksiya bu tələbin qəbul edilməyəcəyi barədə olub. Avropa Birliyi birmənalı şəkildə qaza görə rublla ödəniş etməyəcəklərini bəyan edib. Putin ödəniş qaydasını təsdiqləyəndən dərhal sonra İtaliyanın baş naziri Mario Draqi ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub. Danışıqda əsas müzakirə mövzusunu Rusiya qazının yeni qayda ilə idxalı məsələsi təşkil edib. Dövlət başçıları Rusiyaya qarşı sankisiya rejiminin saxlanmasının, həmçinin məsələyə ümum-Avropa səviyyəsində vahid yanaşmanın olmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, hər iki ölkənin rəhbərliyi birmənalı şəkildə Rusiya qazına görə rublla ödənişə gedilməyəcəyini bəyan ediblər. Lakin Almaniyanın Hamburq vilayətinin burqomistri Peter Çençer ölkə mediasına müsahibəsində Rusiyadan enerjidaşıyıcılarının idxalına embarqonun Almaniya iqtisadiyyatına böyük zərbə vuracağı qənaətindədir. Onun fikrincə, Almaniya başqalarını müdafiə etmək üçün öz iqtisadiyyatına zərər vurmamalıdır: “Rusiyanın neft-qazından imtina tədricən həyata keçirilməlidir”.

 

Yeri gəlmişkən, Avstriya kansleri Karl Hexammer də Rusiyadan qaz idxalının dayandırılmasına qarşıdır. Onun fikrincə, bu proses birdən-birə baş verərsə, istehlakçılar böyük zərər görərlər: “Gəlin elanlar deyil, faktlar əsasında mühakimə yürüdək. OMV (Avsrtiya Neft Şirkəti) hələlik heç bir bildiriş almayıb. Şirkətin 2040-cı ilədək ödəniş valyutasının avro olduğu müqaviləsi var”.

Bu arada “Qazprom” şirkətinin Almaniyadakı törəmə şirkəti olan “Gazprom Germania” ilə bağlı maraqlı proseslər başlayıb. Belə ki, martın 30-da Bloomberg Avropa Birliyinin antiinhisar qurumlarının “Qazprom”un Almaniyadakı törəməsinin ofislərində axtarış apardığına dair məlumat yaydı. Axtarışda məqsəd şirkətin son aylarda Avropada qazın bahalaşmasındakı rolunu müəyyənləşdirməkdir. Martın 31-də isə “Handelsblatt” nəşri hökumətdəki mənbələrinə istinadən Almaniya İqtisadiyyat Nazirliyinin  “Gazprom Germania” və “Rosneft”in törəmə şirkəti olan “Rosneft Deutschland”ı milliləşdirməyə hazırlaşdığına dair məlumat yayıb.

“Gazprom Germania” Almaniyada bir neçə iri qaz anbarına sahibdir. Şirkət Serbiya, Avstriya və Çexiyada da anbar layihələri üzərində işləyirdi. “Rosneft Deutschland” isə Almaniyanın neft email sənayesinin 3-cü böyük oyunçusudur. 2017-ci ildə Almaniyada qeydiyyata alınan şirkətin bu ölkədəki illik neft emalının 12 faizdən çoxunu həyata keçirən 3 böyük emal zavodunda payı var.

Prezident V.Putinin mətbuat katibi Dmitri Peskov Almaniyadakı şirkətlərin milliləşdirilməsi məsələsinin Rusiya üçün qəbuledilməz olduğunu bildirib: “Şübhəsiz ki, belə bir plan beynəlxalq hüququn və ümumiyyətlə, bütün normaların pozulması olardı. Buna görə də biz prosesləri son dərəcə diqqətlə izləyəcəyik. Bu məsələnin hətta planlaşdırılmasını belə qəbuledilməz hesab edirik”.

Germany Weighs Options for Gazprom Unit Shunned by Clients - Bloomberg

Peskovun bu açıqlamasından bir neçəs aat sonra isə “Qazprom” Holdinqi “Gazprom Germania”da iştirakını tamamilə dayandırdığına dair açıqlama ilə çıxış edib. Şirkət bildirib ki, Sankt-Peterburqda qeydiyyatdan keçən və “Gazprom Germania” daxil olmaqla bir neçə şirkətin sahibi olan “Gasprom Export Business Serviss” müəssisəsi artıq holdinqə məxsus deyil.

Hələlik “Qazprom”un bu addımının arxasında hansı məqsədin dayandığı məlum deyil. Amma böyük ehtimalla, şirkət qazın əvəzinin rublla ödənməsi tələbinə Avropa Birliyinin məhkəmə yolu ilə cavab verəcəyi perspektivinə hazırlıq görür. Belə ki, prezident Putinin əmrinə əsasən ödənişi rublla etməyən alıcılara qaz satışı dayandırılacaq. Avropa Birliyi isə birmənalı şəkildə rublla ödəniş etməyəcəyini açıqlayıb. Bu halda qaz nəqli dayandırılarsa, Avropa Birliyi Rusiya tərəfini müqavilə şərtlərini birtərəfli qaydada dəyişmək cəhdində ittiham etməklə beynəlxalq arbitraja müraciət edə bilər. Bunun isə “Qazprom”un Avropadakı aktivlərinin müsadirəsi qərarının verilməsi ilə sonuclanacağı ehtimalı yüksəkdir. Görünür, “Qazprom” bu ehtimala hazırlaşır və Avropadakı aktivlərində iştirakını dayandırır. Bu baxımdan, şirkətin yaxın günlərdə şirkətin Avropadakı digər aktivlərdən də çıxacağı gözləniləndir.

Onu da bildirək ki, aprelin 1-dən Rusiyanın Avropaya satdığı qazın min kubmetrinin qiyməti “bir ay əvvəldən” prinsipinə uyğun olaraq 930 dollardan 1400 dollara yüksəlib. Bu qiymət şəraitində “Qazprom” Ukraynadan keçən boru xəttilə maksimum nəqli davam etdirib.

Bu həftə Avropada soyuq siklonların təsiri ilə havanın temperaturu mənfi 7 dərəcəyə qədər düşdüyünə görə qaza tələbat da artıb. Lakin küləkli hava şəraiti qitənin enerji təchizatında külək enerjisinin payının 20.5 faizə qədər yüksəlməsinə səbəb olub.

Aprelin 1-də Fransanın iqtisadiyyat naziri Bruno Le Mer bəyan edib ki, Almaniya ilə birlikdə Rusiyadan qaz nəqlinin dayanması variantına hazırlıqla bağlı tədbirlər həyata keçirirlər: “Elə bir situasiya yarana bilər ki, sabah Rusiyadan qaz daxil olmaz. Biz bu variant hazır olmalıyıq və elə bununla da məşğuluq”.

Məlumdur ki, Avropanın Rusiyanın qaz asılılığından qurtarmaq üçün əsas ümid etdiyi alternativ mənbələr və maye qazdır. Artıq ABŞ 2022-ci ildə qitəyə əlavə olaraq 15 milyard kubmetr qaz çatdıracağını bəyan edib. Qətər və Avstraliyadan da maye qaz idxalını artırmaq mümkündür. Lakin Avropanın Rusiyadan aldığı illik 140 milyard kubmetr civarında boru qazının maye qazla bu ildən əvəzləməsi real görünmür. Belə ki, 2022-ci ildə dünyada maye qaz istehsalının 453 milyon ton olacağı gözlənilir. Avropa öz tələbatını ödəmək üçün bu həcmin 50 faizini almalıdır. Halbuki mövcud müqavilələr cəmi 30 faizi əhatə edir. Qısa müddətdə maye qaz istehsalının Avropanı tam təmin edəcək səviyyəyə çatdırılması qeyri-real hesab olunur.

Rövşən Ağayev: “...Hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə  bilər”

 Rövşən Ağayev

Lakin iqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, böhran dağıntılar, iflaslar gətirdiyi kimi yeni fürsətlər və ideyalar da ortaya çıxarır: “Rusiya ilə Avropa arasında qaz böhranı getdiyi vaxtda ”New Fortress Energy" şirkəti qısa müddətdə ABŞ-ın Avropanı qaz təminatında rolunu sürətlə artırmaq üçün təkliflə çıxış edib. Təklifin mahiyyəti budur ki, nəhəng istehsal gücünə malik LNG zavodlarının tikintisinə vaxt itirmədən bilavasitə qaz hasil olunan sahədə modul tipli orta ölçülü (hər biri təxminən 3-5 milyard kubmetr qaz ekvivalentində maye qaz istehsal edə biləcək gücdə) zavodlar qurulmalıdır. Şirkət belə müəssisələri 12 ay ərzində qura biləcəyini deyir.

“New Fortress Energy”nin təmsilçiləri bildirib ki, qurum tələb olunan qazma qurğularına artıq sahibdir. Hökumətin zəruri icazələrindən dərhal sonra Meksika körfəzində, Luizina ştatının sahillərindən təxminən 25 km uzaqlıqda tankerlərin yüklənməsi üçün terminal da qurulacaq. Belə görünür Rusiya-Ukrayna müharibəsi qlobal enerji keçidini daha da sürətləndirəcək. 2050 hədəflərinə daha erkən çatılacağı çox realdır".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR