İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada da media müstəqil deyilmiş - Avrokomissiya yeni qanun hazırlayır

1447 13.09.2022 09:50 Media A A

Avropada media orqanlarının müstəqilliyi məsələsi gündəmə gətirilib. Bu, olduqca maraqlı bir prosesdir. Həm də o deməkdir ki, Avropada da media heç də iddia edildiyi kimi, azad deyilmiş. Fakt bundan ibarətdir ki, Avropa Komissiyası redaksiyaların müstəqilliyini siyasi hakimiyyət və maqnatlardan qorumağa zəmanət verən qanun layihəsi hazırlayır. Avropa Komissiyasının sədrinin müavini Vera Yurovoy bildirib ki, Avropa İttifaqına üzv bir sıra dövlətlər KİV-lərə təsir imkanına malikdirlər. Avropa Komissiyasının sədrinin müavini deyib ki, həmin dövlətlər və maqnatlar Avropa İttifaqının bu qanun layihəsindən narazı olacaqlar: “Həmin dövlətlər Avropa Komissiyasını onların hakimiyyətini ələ keçirmək istəməkdə ittiham edəcək, maqnatlar isə bizi onların biznesini məhv etməkdə günahlandıracaqlar”.

Avropa Komissiyası “KİV-də azadlıq haqqında” qanun layihəsini gələn həftə rəsmən təqdim edəcək. Qanun layihəsi KİV-lərin azadlığına dair tələbləri özündə ehtiva edir. Eyni zamanda əgər bu tələblər pozularsa, Avropa Komissiyasına hüquqi prosedur başlatmaq səlahiyyətinin verilməsini nəzərdə tutur. Avropa Komissiyası hesab edir ki, qanun həm də Avropa İttifaqında jurnalistləri təzyiqdən qoruyacaq. Bu prosesin yalnız Aİ üzvü olan dövlətlərlə məhdudlaşmayacağını düşünmək olar. Bunu bir presedentə çevirib, daha sonra dünyanın bütün ölkələrinə tətbiq edə, yaxud tələb kimi qoya bilərlər. Son illərin müşahidəsi göstərir ki, qlobal və siyasi proseslərdə KİV-lərin rolu daha da artıb, bu səbəbdən media orqanlarının siyasi dairələrin və maqnatların təsiri altında olmasının təhdid yaratdığı qənaəti formalaşıb. Bu proses nə vəd edir? Avropada redaksiyalar müstəqil deyilsə, bu coğrafiyadan kənarda vəziyyətin necə olmasını təsəvvür etmək çətin deyil. Ümumiyyətlə, düşünmək olarmı ki, media silahı daha təhlükəli bir silaha çevrildiyi üçün ona nəzarət bütün dünya boyunca artırılır?

Hikmət Babaoğlu: Hər yerdə şəffaflıq, dövlətə və xalqa xidmət əsas prinsip  olmalıdır

Hikmət Babaoğlu: “Media güclü bir silahdır, ondan necə istifadə etmək isə dövlətlərin gələcəyini təyin edir”

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, söz və mətbuat azadlığı hər bir demokratik ölkə üçün ən vacib prioritetlərdən birdir. Hətta  bəzən  demokratiyanı qiymətləndirmə kriteriyalarından da biri hesab edilir. Hazırkı mərhələdə isə yeni texniki və innovativ vasitələr informasiyanın əhəmiyyətini və təsirini daha da artırıb: “Media yumşaq güc olaraq cəmiyyətin ictimai-siyasi, mədəni-humanitar, etik-əxlaqi sahələri də daxil olmaqla bütün strukturlarına total şəkildə təsir edə bilir və onun keyfiyyətini müəyyənləşdirir. Ona görə də bu vacib alət  güclü bir silahdır. Ondan necə istifadə etmək isə dövlətlərin gələcəyini təyin edir. Görünür, Avropa Komissiyası "KİV-də azadlıq haqqında" qanun layihəsini  hazırlayarkən bütün bunları nəzərə alaraq hazırlayıb. Qanun layihəsinin KİV-lərin azadlığına dair tələbləri özündə ehtiva etməsi təqdir olunmalı bir haldır. Ancaq bir şərtlə ki, bu qanunun tətbiqi zamanı ikili standartlara, ya da hüququn manipulyasiyasına yol verilməsin. Əgər belə olacaqsa, KİV azadlığı  kimlərəsə qarşı daha effektiv silaha çevrilə bilər. Yeni qəbul ediləcək qanunun tələblərinin pozulması halında   Avropa Komissiyasına hüquqi prosedur başlatmaq səlahiyyətinin verilməsinin nəzərdə tutulması və onun qərarlarının ittifaqa üzv olmayan ölkələr üçün də hüquqi presedent təşkil etməsi məsələsi isə olduqca maraqlı bir haldır və əlavə izah tələb edir. Belə şərtin normal izahı olmazsa və beynəlxalq hüquq baxımından əsaslandırılmazsa, o zaman yeni qanun informasiya imperializminə xidmət edən yumşaq güc mexanizmi kimi yorumlana bilər. Ancaq bütün hallarda bir məsələ çox aydındır ki, hazırda bir informasiya imperializmi mövcuddur və o milli informasiya məkanlarına ardıcıl və məqsədyünlü şəkildə təzyiq edir".

Professor: “Azərbaycanın işğaldan azad edilmiş bölgəsində yeni proses  başlayıb” - 11.02.2021, Sputnik Azərbaycan

Qulu Məhərrəmli: “Siyasi qüvvələr, biznes dairələri medianı öz təsiri altına salmağa çalışır”

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli isə bildirdi ki, Avropa Komissiyasında KİV-də belə bir qanun layihəsini ortaya çıxaran, onun müzakirəsini şərtləndirən bir neçə amil var: “Bunun birincisi,  keçmiş Şərqi Avropa ölkələrində, Macarıstan kimi dövlətlərdə avtoritarizmə meylli ölkələrdə media üzərində hökumətin nəzarətinin təhlükəli dərəcədə artması, ikincisi, pandemiya dövründə medianın rolunun artması, cəmiyyətə təsiri, üçüncüsü, Avropa ölkələrində korrupsiya ilə bağlı jurnalist təhqiqatlarına kəskin reaksiyalar verilməsi və jurnalistlərin təqib olunmasıdır. Bu üç faktor bu qanun layihəsini aktuallaşdırır. Bunun müsbıt tərəfi odur ki, Avropa demokratiyası üçün mətbuat azadlığı bir dəyərdir və o dəyərlər daim gündəmdədir, hesab edirlər ki, cəmiyyətdə azad mətbuat olmadan demokratiyanı inkişaf etdirmək mümkünsüzdür. Bu qanunun gələcəkdə təsirinin presedent kimi başqa ölkələrə də tətbiqinə gəlincə, əlbəttə, Avropa dəyərlərini qəbul edən bütün ölkələrə şübhəsiz ki, şamil olunacaq. Amma bütün hallarda bizim üçün önəmli olan odur ki, azad mətbuat cəmiyyət üçün dəyərdir, demokratiya yolunu seçən ölkələr üçün yol bələdçisidir. Bundan sui-istifadə halları da olur. Çünki Avropada pandemiya göstərdi ki, medianın cəmiyyətə təsiri həddindən artıq çoxdur. Ona görə də siyasi qüvvələr, biznes dairələri medianı öz təsiri altına salmağa çalışır. Bax bunların qarşısını almaq üçün belə bir qanun layihəsi hazırlanır”.

Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi Müşfiq Ələsgərli isə bildirdi ki, əslində beynəlxalq, dövlətlərarası təşkilatların media müstəvisinə problemlərin həlli üçün yardım göstərməsi zəruridir və bu cür məsələlərə müdaxilə etməsi lazımdır: “Məsələ ondadır ki, son illər ərzində qlobal səviyyədə peşəkar KİV qurumlarının vəziyyəti getdikcə çətinləşir. Bunun obyektiv və subyektiv səbıbləri var. Obyektiv səbəbi odur ki, peşəkar media haqsız bir rəqabətlə üzləşib, sosial media sürətlə böyüyür və informasiya dövriyyəsində çox böyük pay götürürlər, həmçinin reklam bazarına hakim kəsilirlər. Deməli, ənənəvi KİV-in əldə etdiyi informasiya dövriyyəsi, reklam bazarı indi sosial medianın əlinə keçir. Ona görə də belə bir vəziyyət yaranır: sosial media az əziyyət çəkməklə çox gəlir əldə edir, eyni zamanda qeyri-peşəkar, qeyri-dəqiq xəbərləri yayan platformaya çevrilir. Qarşılığında ənənəvi və peşəkar media daha çox əziyyət çəkir, daha az qazanır. Çünki haqsız rəqabət yaranır. Digər tərəfdən, ümumilikdə götürəndə dünya miqyasında jurnalistlərə qarşı təhdidlər artır, öldürülən, təhdid olunan, həbsə düşən jurnalistlərin sayı çoxalır. Bu da bir prosesdir. Sosial media qol-qanad açdıqca bu proses də müşahidə olunur. Bu tendensiya dünyanın əksər ölkələrində baş verir. Hətta artıq Avropa İttifaqı dövlətlərində də bu qeyd olunan proseslər baş verir. Bundan başqa, ayrı-ayrı dövlətlərdə medianı nəzarətə götürəcək, yaxud da medianın imkanlarını daraldacaq yeni qanunlar qəbul olunur. Ən pisi odur ki, bu, Avropanın mərkəzi dövlətlərində baş verir. Beynəlxalq Jurnalistlər Federasiyasının hesablamalarına görə, indiyə qədər Avropanın 19 ölkəsində media mühitini məhdudlaşdıran, medianın imkanlarına əks təsir göstərən qanunlar qəbul edilib. Avropa İttifaqı dövlətlərində bu proseslər baş verirsə, dünyanın nisbətən az inkişaf etmiş dövlətlərində daha pis formada özünü göstərir. Ona görə də bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı kimi təşkilatlar media ilə bağlı müşahidə olunan bu prosesi tənzimləmək, peşəkar medianın imkanlarını artırmaq üçün müdaxilələr etməyə başlayırlar, qanunlar qəbul etməyə hazırlaşırlar. Bu, bəlkə də daha yaxşı effekt verər. Niyyət safdırsa, alqışlamaq lazımdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR