İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa zirvəsində Ukraynaya yardım müzakirələri: Nəticəli-nəticəsiz məqamlar açıqlandı

347 27.10.2023 19:59 Dünya A A

Avropa İttifaqı liderlərinin sammitində Ukraynaya büdcə yardımı proqramı ilə bağlı razılıq əldə olunmayıb.

Musavat.com xəbər verir ki, Aİ-nin sammitin yekununa dair bəyanatında Ukraynaya büdcə yardımının “icma prioriteti” olaraq qalacağı vurğulanıb.

Sammit iştirakçıları həmçinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Kiyevə dəstək üçün istifadə etmək qərarına gəliblər. Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel sammitin yekunlarına dair mətbuat konfransında deyib:

“Liderlər dondurulmuş Rusiya aktivlərinin bir hissəsini, ilk növbədə onlardan əldə olunan gəlirləri Ukraynaya dəstək üçün istifadə etməyə razılaşıblar. Sammit təsdiqlədi ki, Ukraynaya yardım Avropa İttifaqının prioriteti olaraq qalır".

Ukraynaya 4 il ərzində vəd edilmiş 50 milyard avroluq yardım proqramına gəlincə, bunun üçün Aİ ölkələri birlik büdcəsinə əlavə ödənişlər etməlidilər, buna görə də konkret qərar qəbul olunmayıb. Mişel yalnız sammitdə “büdcənin yekunlaşdırılması ilə bağlı müzakirələrin aparıldığını” bildirib.

Rusiya mənbələri Aİ ölkələrindən Ukraynaya əlavə büdcə vəsaitlərinin ayrılması təklifinə Belçika, Macarıstan, Slovakiya və bir sıra digər Aİ dövlətlərinin mane olduğunu iddia edirlər.

Sammitin nəticəsi olaraq, Avropa Sülh Fondundan Ukraynaya 500 milyon avro məbləğində hərbi yardımın yeni tranşından ümumiyyətlə, söz açılmayıb. Bu yardıma may ayından bəri Macarıstan veto qoyub. Yekun bəyanatda bildirilir ki, Aİ ölkələri “Ukraynaya Avropa Sülh Fondu da daxil olmaqla, ikitərəfli əsasda əhəmiyyətli hərbi dəstək verməyə davam edəcək”.

Aİ bəyan edib ki, 2023-cü ilin fevralından 2024-cü ilin fevral ayına kimi “Ukraynaya 1 milyon raket və mərmi təqdim etmək üzrə Aİ təşəbbüsü” çərçivəsində prioritet qaydada artilleriya mərmiləri və raketləri, həmçinin hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil verəcək.

Mişel qeyd edib ki, Aİ liderləri Avropa Komissiyasına və Aİ-nin xarici siyasət xidmətinə Rusiyanın aktivlərindən əldə olunan gəlirlərin Kiyev üçün istifadəsi ilə bağlı konkret təkliflər hazırlamağı tapşırıblar.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə bildirib ki, bu məsələ ilə bağlı təklifləri ən qısa müddətdə təqdim edəcəklər.
Qeyd edək ki, Rusiyanın dondurulmuş aktivlərinin investisiya edilməsindən təkcə “Euroclear” şirkəti 3 milyard avro gəlir əldə edib. Şirkət bu gəliri Ukraynaya yönəltmək üçün Avropa Komissiyasının qərarını gözlədiklərini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR