İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Sülh Fondu anti-Azərbaycan siyasətini dəyişə bilər

914 26.06.2024 11:24 Siyasət A A

Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun əsas müzakirə mövzularından biri də Avropa Sülh Fondu ilə mümkün əməkdaşlıq məsələsi olub - ekspert rəyləri 

Ötən həftə Avropa İttifaqı Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundunda iştirakçılar ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq fikir mübadiləsi aparıblar. Görüşdə əsas diqqət çəkən məqamlardan biri Avropa Sülh Fondu ilə mümkün əməkdaşlıq məsələsi olub. 

Qeyd edək ki, 2021-ci il martın 22-də yaradılan fondun 2021-2027-ci illər üçün təxminən 5 milyard avro büdcəsi formalaşdırılıb. Avropa Sülh Fondunun büdcəsi Aİ-yə üzv dövlətlərin ianələri hesabına formalaşır. Fondun təsis məqsədi Aİ-nin münaqişələrin qarşısını almaq, sülhü qorumaq və beynəlxalq sabitliyi və təhlükəsizliyi gücləndirmək qabiliyyətini artırmaqdır. Aİ-nin Ermənistan silahlı qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində yardım paketi ayıracağı aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken arasında keçirilən görüşlə  bağlı mediaya sızan məlumatlarda öz əksini tapmışdı. 

Həmin vaxt yayılan məlumatda Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardım paketinin qəbulu məsələsində artıq Aİ-də konsensus əldə olunduğu bildirilmişdi. 

Azərbaycanla Avropa Sülh Fondu arasında elə bir əməkdaşlıq yoxdur. Ancaq Avropa Sülh Fondu təcavüzkar Ermənistana çoxsaylı qayğı göstərir. Elə yaxın dövrdə həmin fond Ermənistana 10 milyon avro yardım ayırmaq istəyirdi. Macarıstan buna qarşı çıxdı və bildirdi ki, Ermənistana yardım ayrılırsa, Azərbaycana da ayrılsın. O baxımdan bu danışıqların əsas nəticəsi ona gətirib çıxarda bilərmi ki, Sülh Fondu xətti ilə yardımlar məsələsində Azərbaycanla Ermənistana fərq qoymaq siyasətinə son qoyulsun?

Fransa regionda gərginliyin alovlanmasında maraqlıdır - Kamran Bayramov

Kamran Bayramov

Yeni Azərbaycan Partiyasının deputatı Kamran Bayramov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan bəlli güclərin diktəsi ilə hərəkət edir: “ABŞ və Qərbi Avropa ölkələri əməlləri ilə açıq şəkildə nümayiş etdirirlər ki, Cənubi Qafqaza əmin-amanlığın gəlməsini istəmir. Qərbin Yaxın Şərq və Cənubi Qafqaza yanaşması eynidir. Məqsəd hər iki region üçün sülhü bərpa etmək, minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırıb atəşkəs əldə etmək yox, müharibəni daha da alovlandırıb yeni ocaqlar yaratmaqdır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi kimi çıxış edən Avropa İttifaqı bu gün nümayiş etdirdiyi mövqeyi ilə özü-özünü ifşa edir, vasitəçilik təşəbbüsünə kölgə salır. Ermənistanın hər iki qonşu ölkə ilə normallaşmaya getməsinin Avropa tərəfindən də təşviq edilməsi prioritet olmalı idi. Lakin indi tamam əks mənzərə müşahidə olunur. Avropa İttifaqı bu gün regionda destruktiv bir fəaliyyətlə məşğuldur. Bu məqsədlə də Ermənistandan bir vasitə kimi istifadə edir. Aİ-Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi, eləcə də vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi imkanlarını nəzərdən keçirir”. 

Millət vəkili diqqətə çatdırdı ki, Avropa Sülh Fondunun büdcəsi Aİ-yə üzv dövlətlərin ianələri hesabına formalaşır. Fondun təsis məqsədi Avropa İttifaqının münaqişələrin qarşısını almaq, sülhü qorumaq,  beynəlxalq sabitliyi və təhlükəsizliyi gücləndirmək qabiliyyətini artırmaqdır: "Fond Ermənistan üçün fəlakətli ssenarilər hazırlayır. İkinci Qarabağ müharibəsindən sonra bu proses daha da gücləndirilib. Aİ-nin Ermənistan silahlı qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində yardım paketi ayıracağı isə aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında keçirilən görüşlə  bağlı mediaya sızan məlumatlarda öz əksini tapmışdı. Həmin vaxt yayılan məlumatda Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardım paketinin qəbulu məsələsində artıq Aİ-də konsensus əldə olunduğu bildirilmişdi. Hərçənd Brüssel görüşü ərəfəsində ABŞ və Avropa İttifaqı müxtəlif səviyyələrdə rəsmi Bakını əmin etməyə çalışırdılar ki, əməkdaşlıqda hərbi komponent yoxdur. Amma bundan az sonra Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində yardım paketini qəbul etdiyi məlum olub. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlığını gücləndirmək məqsədi daşıyır. Artıq Brüssel razılaşmasına uyğun olaraq Avropa İttifaqı 2,5 il ərzində Ermənistanda bir batalyonun modul səhra düşərgəsi üçün 10 milyon avro ayrılması barədə qərar qəbul edib. Vəsait Avropa Sülh Fondu tərəfindən verilməli idi. Modul tipli düşərgəyə, həmçinin klinika, müvafiq xidmətlər və obyektlər daxil olacaq. Qeyd edilir ki, bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinin dayanıqlılığını və sabitliyi bərqərar etmək qabiliyyətini artırmaqdır. Amma Avropa Sülh Fondunun bu addımlarına hələlik yalnız Macarıstan əngəl olmağa çalışır. Görünən odur ki, Avropa İttifaqı ermənipərəst mövqe ortaya qoyan Avropa Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardımların göstərilməsi imkanlarını genişləndirməyə çalışır. Ancaq Macarıstan buna etiraz edərək Avropa İttifaqını birtərəfli mövqe sərgiləməkdən çəkindirməyə çalışır".

Azər Hüseynov:"İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini  iqtisadi qısqaca almalıyıq"

 Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Aİ-Azərbaycan münasibətlərinin dəyişəcəyini proqnozlaşdırmır: “Qərb kapitalist dünyasıdır. Qərb transmilli iqtisadi nəhənglərin dünyasıdır. Ona görə də burada aparıcı amili maraqdır. Lakin bəzən Qərbin kapitalist paradiqmasının əksinə hərəkət etdiyini də görürük. Ermənistana yardım məsələsinə gəldikdə isə bu da anlaşılandır. Ermənistan Qərbə meylli bir yol tutub. Lakin Paşinyan ara-sıra Rusiya ilə də münasibətlərin tam bitməsini istəmir. Amma onun cinahında bunu istəyənlər vardır. Nəyin bahasına olursa-olsun, Ermənistanı tam olaraq Qərbə çəkmək istəyirlər. Avropa fondları da Ermənistana xüsusi qayğısı ilə bu prosesi sürətləndirmək istəyirlər. O ki qaldı bizə münasibətə son qoyulacaqmı? Avropa heç zaman səmimi olmayacaq. Çünki Azərbaycan onurğalı siyasət aparır, regiondakı reallıqları nəzərə alır, Avrosentrrizmdən uzaq olduğunu bəyan edir, Türkiyə ilə müttəfiqlik, Rusiya ilə tərəfdaşlıq, İranla qarşılıqlı maraqları nəzərə alan qonşuluq, Gürcüstanla investisiya qoyuluşunda liderlik, Mərkəzi Asiya ilə dərinləşən əməkdaşlıq üzərində bir siyasət yeridir. Bu regional və regionlararası müstəvidə uğurların dərinləşməsi davam edəcəyi təqdirdə Avropa özü Azərbaycanın maraqlarını nəzərə alacaq. Amma o ki qaldı münasibətlərin dəyişməsinə, bunu güman etmirəm. İqtisadi münasibətlər davam edəcək, dərinləşəcəkdir, lakin siyasi baxış bucaqlarımız fərqlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR