İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa silkələndi, parlamenti dəyişdi - bəs Bakıya baxış dəyişəcəkmi...

138 11.06.2024 13:11 Siyasət A A

Seçkilərdə ifrat sağçılar üstün oldu, Fransada radikal millətçilər qalib gəldiyi üçün Makron təkrar seçkiyə getdi - mütəxəssislər nəticələri müxtəlif aspektlərdən dəyərləndirir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin üzvü olduğu Avropa Xalq Partiyası (EPP) Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə birinci yeri tutub. 

“Yeni Müsavat” xəbər verir ki, seçkilərin ilkin nəticələrini Brüsseldə AP mətbuat xidməti elan edib. Məlumata görə, EPP Avropa Parlamentində 184 yer qazanıb. İkinci yeri isə (139 səs) Sosialistlər və Demokratlar tutub. Qeyd edilib ki, bu, ilkin nəticələrdir. Fransa prezidenti Emmanuel Makron isə partiyasının Avropa Parlamentinə seçkilərdə ifrat sağçı namizədlərə sarsıdıcı məğlubiyyətindən sonra bazar günü parlamenti buraxıb. Fransada parlament seçkilərinin ilk turu iyunun 30-da keçiriləcək. İkinci tur iyulun 7-də baş tutacaq. İfrat sağçı Milli Birlik Partiyasının Fransada keçirilən Avropa seçkilərində 31,5 faiz səslə qalib gələcəyi gözlənilir ki, bu da Makronun liberal İntibah Partiyasının (15,2 faiz) proqnozlaşdırılan qələbəsindən iki dəfə çoxdur. Milli Birliyin lideri Marin Le Pen seçkilərin nəticələrini alqışlayıb. Makron qeyd edib: “Millətçilərin və demaqoqların yüksəlişi ölkəmiz üçün təhlükə yaradır, eyni zamanda Avropamız üçün. Fransanın Avropa və dünyada tutduğu yer üçün təhlükə yaradır, lakin demokratiyamıza arxayınam, qoy xalq suveren şəkildə öz sözünü desin”. Yeri gəlmişkən, Macarıstanın hakim partiyası Avropa Parlamentinə (AP) seçkilərdə qalib gəlib, lakin 5 il əvvəlki seçkilərdən pis nəticə göstərərək, 13 yerdən 2-ni itirib. 

Beləliklə, əksər rəy sorğuları, onlara qarşı güclü media kampaniyasına baxmayaraq, sağ partiyaların populyarlığının artacağını proqnozlaşdırır. Avropa Parlamentindəki 720 yerdən hər bir Aİ ölkəsi əhalisinə mütənasib olaraq müəyyən sayda mandat əldə etmək hüququna malikdir - Almaniya üçün 96 mandatdan, Kipr və Lüksemburq üçün isə 6-ya qədər. Avropa Parlamentində sağ-mərkəzçilərin üstünlüyü iki qlobal prioritet məsələni aktuallaşdırıb: Ukrayna münaqişəsinə münasibət və miqrant problemi. Millətçilərin seçkilərdə qələbəsindən sonra Avropadakı miqrantlar üçün qaydaların sərtləşməsi, miqrant axınının qarşısının alınmasında daha ciddi tədbirlər görüləcəyi ehtimal olunur. Maraqlıdır ki, seçici fəallığı 51 faiz olub. Avropa əhalisinin təxminən yarısı seçkiyə gəlməyib. Bizim üçün vacib olan AP-nin yeni tərkibinin Azərbaycana münasibətində hansı dəyişikliklər olacağıdır. Çünki Qarabağdan ermənilərin könüllü gedişi, antiterror əməliyyatı avropalı deputatları narahat etmişdi, əleyhimizə qərəzli qətnamələr qəbul olunmuşdu, sanksiyalara çağırış edilmişdi. AP-də olan deputatların bir hissəsi erməni lobbisinin əlinə baxdığı üçün bu cür qətnamələr tez-tez qəbul olunurdu. Bundan sonra dəyişən nə olacaq?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Stokholmda olan AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, İsveçdən Avropa Parlamentinə olan seçkiləri izləyiblər: “İsveçin hakim Moderat Partiyasının dəvəti ilə iştirak edirdik, prosesi müşahidə edirdik. İsveçdən Avropa Parlamentinə 21 deputat var. Onlardan 4 nəfər hakim partiyadandır. Bu dəfə də iqtidar partiyası mövqeyini qoruyub saxladı, yəni 4 nəfər deputat seçildi. Daha sonra bizim İsveçin baş naziri ilə təmaslarımız, müzakirələrimiz oldu. Digər ölkələrdə gedən seçki prosesini də İsveçdən izlədik, xüsusən Makronun partiyası ciddi uğursuzluğa düçar oldu, ona görə bu ayın sonunda Fransa parlamentinə seçkilər keçiriləcək. Həmçinin, Belçikanın baş naziri seçki uğursuzluğuna görə istefa verdi. Ən çox deputat Almaniyadandır, ən az Yunanıstandandır. Avropa Parlamentində fraksiya olan Avropa Xalq Partiyası mövqelərini artırdı. O deməkdir ki, qarşıdakı dövrdə AXP əsas söz sahibi olacaq. Bizim də bu partiya ilə əlaqələrimiz var. Hesab edirəm ki, Avropa Parlamenti ilə əlaqələrimiz yaxşılaşdırılmalıdır. Bizə indiyə münasibət normal olmayıb, əleyhimizə bəyanatlar səsləndirilib, ona görə Azərbaycanın haqlı mövqeyi daha çox çatdırılmalıdır”. A.Əlizadə vurğuladı ki, avropalı deputatlarla işləmək lazımdır, dövlətimizin müvafiq qurumlarının fəaliyyətini, səfirliklərin, diaspor təşkilatlarının rolunu daha aktiv, daha güclü etmək labüddür: “Biz öz işimizi gücləndirəcəyik, avropalı deputatlarla əlaqələrimizi artırmağa çalışacağıq. Hər kəs işləməlidir. Təbii ki, erməni diasporunun, bizə dost olmayan qüvvələrin fəaliyyəti var. Amma biz də dayanmalı deyilik, daha çox işləməliyik”. 

Natiq Cəfərli: “Düşünürlər ki, Azərbaycanda istehsal olunan dərmanlar  keyfiyyətli olmayacaq...” Pravda.az

Natiq Cəfərli

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli hesab edir ki, Avropa Parlamentinə başa çatan seçkilər sağ və millətçi siyasi qüvvələrin böyük üstünlüyü ilə keçdi: “Demək olar ki, bütün ölkələrdə sağ-millətçi-mühafizəkarlar yaxşı nəticə göstərdilər. Əslində gözlənilən idi, illərdir bu haqda danışırdıq, yazırdıq, internetdə çıxışlarımın onlarla istinadı var. Əslində bu trend "antielita" hərəkatı kimi 10-15 il əvvəl başlamışdı, amma son 5 ildə yaşananlar seçicini boğaza yığdı, Qərbin inkişafına səbəb olan bütün trendləri, təməlləri yıxmağa başladılar, Qərb “sovetləşməyə” başladı. Cinayətkarcasına aparılan “pandemiya” prosesi, çox vacib, insanlıq üçün həyati əhəmiyyəti olan ekoloji problemlərin həlli yerinə “iqlim dəyişikliyi” adı altında insanların axmaq yerinə qoyulması, söz azadlığının “politkorrekt” donu altında boğulması - yəni kollektiv “liboşizm” siyasəti insanları boğaza yığdı". N.Cəfərlinin sözlərinə görə, 30 ildir əsl liberalizmi təhdid edən, onu sıradan çıxardan “liboşizm” məğlub olacaq, sonra yenidən əsl liberal dalğa gələrək onları cəzalandıracaq, beləliklə siyasətdə “saat kəfkiri” qaydası işləməyə başlayacaq. 

Siyasi ekspert Aydın Quliyevə görə, proseslərin bir maraqlı təzahürü də odur ki, Fransanın ultra sağ qüvvələri və Makronun əbədi “qənimi” sayılan Mari Li Penin Milli Birlik Partiyası onu üstələdi: “Ən diqqətçəkən nüanslardan onu da deyək ki, siyasətdə "saç - saqqal “ ağartmış Makron gənc fransız millətçisi Bardellaya məğlub oldu. Əlbəttə, Makron üçün bu məğlubiyyət birdən-birə ortaya çıxmış nəticə deyil. Onun 2018-ci ildən bəri apardığı uğursuz daxili və xarici siyasətin hər addımı öz işini gördü. Müstəmləkələr ayağa qalxıb, keçmiş müstəmləkə cinayətləri bir-bir açılır, xalq narazıdır, dövlət Cənubi Qafqazda hörmətini və Azərbaycan kimi ölkəni itirdi. Makron Fransanın ad-sanını erməni lobbiçiliyinin ayaqları altına atdı. Ona görə Avropa Parlamentinə seçkilərdə uduzdu. Milli parlament seçkilərində də yəqin ki, daha ağır məğlubiyyət zərbəsi alacaq”.ə

Ramiyə Məmmədova: “İmamoğlunun daxili siyasətdə problemlər yaradacağını  düşünmürəm”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Leyenin qalib partiyasından Azərbaycana qarşı xüsusi qərəz gözləməsə də, ümumilikdə AP-nin yeni tərkibində bizim əleyhimizə çıxanların tapılacağını düşünür: “Avropa Parlamentində 27 ölkənin müxtəlif partiyalarından deputatlar var. Onların heç də hamısı bizə xoş üz göstərmirlər. O baxımdan yeni tərkibdən də böyük fərq gözləmirəm. Nəzərə almalıyıq ki, erməni lobbisi işləyir, maliyyə ayırır, qarayaxma kampaniyaları təşkil edir. Bizim vəzifəmiz ondan ibarət olmalıdır ki, bu şəxsləri ifşa edək, rüşvətə bulaşdıqlarını sübuta yetirək, eləcə də əl-qolumuzu sallayıb tamaşa eləməyək, işləyək, avropalı deputatlarla sıx əlaqələr quraq, Azərbaycanın mövqeyini davamlı şəkildə onların diqqətinə çatdıraq”. 

Ekspert nəticələrin Ukrayna müharibəsinə ciddi təsiri olacağını proqnozlaşdırmır, onun fikrincə, savaşı aparan, silahını və pulunu verən əsasən anqlo-sakson dünyasıdır. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR