İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Rusiya neft-qazını hansı mənbə hesabına əvəzləyəcək? - təhlil

1471 29.03.2022 08:00 İqtisadiyyat A A

Putin hökumətdən qaza görə rubl ödənişinə dair hesabat istədi

Rusiya enerjidaşıyıcılarının ən böyük alıcısı olan Avropa bu məhsullardan mümkün qədər qısa müddətdə imtina imkanı qazanmaq üçün təcili fəaliyyətlərə başlayıb. Bu prosesdə ABŞ Avropaya ciddi dəstək verir. Ötən həftənin cümə günü Ağ Ev Putinin Ukraynaya qarşı müharibə apardığı müddətdə ABŞ-ın Avropanın Rusiya qazından asılılığını azaltmaq və Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün Avropaya təbii maye qaz ixracını artıracağını elan edib.

ABŞ prezidenti Co Bayden və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iki mühüm vəzifəni - Avropa Birliyinə Rusiya qazından asılılığı azatmaqda, ümumilikdə isə qaz istehlakını azaltmaqa kömək etmək üçün birgə əməliyyat qrupu yaradıldığını elan ediblər.

“Biz bu plan çərçivəsində bu il əlavə olaraq 15 milyard kubmetrə qədər maye qaz tədarük etmək öhdəliyi götürürük”, - deyə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib.

Avropalılar indidən başlayaraq 2030-cu ilə qədər ABŞ-dan ildə 50 milyard kubmetr qaz qəbul etmək üçün öz infrastrukturlarının yaradılması üzərində işləyəcəklər: “Əsas ideya təmiz və bərpa olunan enerjiyə keçməkdən ibarətdir, hələlik isə qazdan istifadə etmək lazımdır və biz avropalıların Rusiya qazından asılı olmaması üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Avropa Birliyinin əksər ölkələri 2022-ci ilin sonunadək Rusiyadan neft alışını tamamilə dayandırmağı, qaz alışını isə ümumi birlik üzrə 50 milyard kubmetr azaltmağı hədəfləyirlər.

Rusiya neft və qazı hansı ölkələrə ixrac edir?

Rusiyadan ən çox qaz alan Almaniya belə qısa müddətdə asılılığı kəskin şəkildə azaltmaq üçün işlərə başlayıb. Ölkənin kansleri Olaf Şolts dünən açıqlama verərək 2022-ci ilin sonunadək Rusiya neft və kömüründən tamamilə imtina edəcəklərini bildirib.

Avropa Komissiyasının qərarına əsasən noyabrın 1-dək anbarlara onların tutumunun 80 faizi qədər qazın vurulması təmin olunmalıdır. Bu isə 60 milyard kubmetr qaz deməkdir. Hazırkı bazar qiymətlərilə bu, 60 milyard dollardan yuxarı xərc tələb edəcək. Müqayisə üçün bildirək ki, Çin 2021-ci ildə qaz alışına bu qədər vəsait sərf edib. Üstəlik, Avropanın gündəlik istehlakından əlavə bu qədər qazı hansı mənbələrdən əldə edəcəyi maraq doğurur. Hələlik qiymətlərin yüksək olması maye qaz tankerlərinin istiqamətini Asiyadan Avropaya yönəldib. Hesablamalara görə, martın sonunadək Avropa 11 milyard kubmetrə yaxın maye qaz əldə edəcək. Bu, Avropanın mayedən qaza çevrilmə terminallarının gücünün 62,5 faizinə bərabərdir.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən 2021-ci ildə ixrac etdiyi 110,1 milyard dollarlıq 230 milyon ton neftin 70,1 milyon tonu Çinə, 37,4 milyon tonu Niderlanda, 19,2 milyon tonu Almaniyaya, 13,5 milyon  tonu Cənubi Koreyaya, 11,2 milyon tonu Polşaya, 8,9 milyon tonu Fransaya, 7,4 milyon tonu ABŞ-a və sair satılıb. Hazırda Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələr onun neft ixracında 65 faizə yaxın paya malikdir. Təkcə Avropa Birliyinin Rusiyanın neft ixracında payı 47 faiz (108,1 milyon ton) təşkil edir.

Rusiya qazı rublla satılacaq - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Rusiya ekspertləri “dost olmayan” ölkələrin almayacağı neftin asanlıqla Asiya bazarına yönəldiləcəyini iddia edirlər. Lakin bunun üçün Rusiya neftini daşıyan tankerlər ilin 6 ayında çox uzun bir marşrutla hərəkət etməli olacaqlar - Rusiyanın şimalından keçən su yolları buz bağlayır. Çinin Rusiyadan nefti Avropadan daha ucuza aldığını, uzaq yolun əlavə nəqliyyat xərcləri demək olduğunu nəzərə alsaq, Moskvanın neft satışından gəlirlərinin 40 faizədək azalacağını söyləyə bilərik.

Maraqlıdır ki, ərəb ölkələri Rusiya neftini dünya bazarında əvəzləyəcək istehsalçı olmadığını bəyan etsələr də, özləri hasilatı artırmaqla bağlı planlarını açıqlamaqdadılar. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suheyl əl-Məzrui həm bildirir ki, dünya bazarına Rusiyanın çıxardığı həcmləri əvəzləmək mümkün deyil, həm də özlərinin gündəlik neft hasilatını 5 milyon barelə çatdırmaq planlarını açıqlayır.

Neftin tankerlərlə daşınması onun bazarlarını bir neçə ayda dəyişməyə imkan verir, lakin qazla bağlı bunu demək mümkün deyil. Rusiya Avropanın ondan asılılığını nəzərə alaraq, qazla bağlı radikal addıma gedib. Söhbət prezident Putinin qazın dəyərinin rublla ödənilməsi barədə əmrindən gedir.

Bu arada, dünyanın ən böyük maye qaz ixracatçılarından biri olan Qətər bəyan edib ki, Avropanı qazla təchiz etməyə hazırdır. Qətərin energetika naziri Saad əl-Kəabinin “Doha forum” beynəlxalq konfransında dediyinə görə, Ukraynadakı münaqişə, anti-Rusiya sanksiyaları və enerji böhranının kəskinləşməsi fonunda Qətər yaxın vaxtlarda Avropaya qaz nəqlinə başlaya bilməyəcək. O, bunun üçün 5-7 il vaxt tələb olunduğunu qeyd edib: “Avropa İttifaqında Rusiya qazını bir gündə əvəz edə bilməyəcəyik, bu, təxminən 5-7 il vaxt tələb edir”.

Aydın məsələdir ki, Avropa İttifaqında kimsə Rusiya qazından tam imtinanın qısa müddətdə mümkün olacağını iddia etmir. Avropa Komissiyası bunun ən yaxşı halda 2 il ərzində baş verəcəyini bəyan edib. Cari ildə Avropa Rusiyadan qaz alışının 50 milyard kubmetr azaldılmasına qərar verib. Rusiya ekspertləri Avropanın almayacağı 50 milyard kubmetr qazın tikilməsi planlaşdırılan “Sibirin gücü-2" kəməri ilə Çinə satılacağını iddia edirlər. Lakin bu kəmərin tikintisinə hələ 2024-cü ildə başlanması, 2028-ci ildə istismara verilməsi nəzərdə tutulur. 2017-ci ildən layihələndirilən kəmər Rusiyanı başdan-ayağa kəsib keçərək, Monqolustan ərazisindən Çinin sənaye baxımından ən geridə qalmış, ən az əhali yaşayan Uyğur əyalətinə daxil olacaq. Hələ Avropa ilə münasibətlər qırılma nöqtəsinə çatmazdan öncə Rusiya mediasının araşdırmaları üzə çıxarmışdı ki, bu kəmərin Çin üçün ciddi bir əhəmiyyəti olmadığına görə onun çəkilməsində xüsusi marağı yoxdur. Belə şəraitdə Çin kəmərlə nəql olunan qaza istədiyi qiyməti qoymaq imkanına malik olacaq. Təcrübə göstərir ki, Pekin çətinlikdə olan ölkələrdən məhsulları su qiymətinə almaqdan imtina etmir. Bu baxımdan, kəmərlə Çinə ötürüləcək min kubmetr qazdan Rusiya Avropaya ixracdan qazanacağı pulun yarısını belə əldə edə bilməyəcək. Eyni zamanda ölkənin Çindən asılılığı kəskin artacaq.

Avropa İttifaqı Azərbaycan, Norveç, Əlcəzairdən qaz idxalını artırmaq üçün də işlər görür. Azərbaycan 2022-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya planlaşdırılan 10 milyard kubmetrə qarşı 11 milyard kubmetr qaz çatdırmağı hədəfləyir. Avropanın qısamüddətli dövrdə qaz alışını artıra biləcəyi digər mənbə Əlcəzairdir. Bu ölkə 2021-ci ildə Avropanın qaz təchizatının 12 faizini təmin edib. Ölkədən İtaliyaya və İspaniyaya qaz çatdıran 2 kəmərlə nəqli qısa müddətdə 8-10 milyard kubmetrə çatdırmaq mümkündür. Əlcəzairdən Mərakeş üzərindən İspaniyaya çıxan və gücü 12 milyard kubmetr olan ikinci kəmər isə hazırda fəaliyyətsizdir - Əlcəzairlə Mərakeş arasında münasibətlərdəki gərginlik üzündən. Avropa və ABŞ-ın bu kəmərlə nəqlin bərpasına nail olması kifayət qədər real perspektiv hesab olunur. Əlcəzairin milli neft-qaz şirkəti olan “Sonatrach”ın rəhbərliyi iki gün əvvəl açıqlama verərək Avropaya həm neft, həm də qaz ixracını artırmağa hazır olduğunu bəyan edib.

Rusiya və ABŞ Avropa bazarını bölüşdürürlər: qaz anbarlarını kim  dolduracaq? - 13.04.2021, Sputnik Azərbaycan

Norveçin isə Avropaya cari ildə əlavə çatdıra biləcəyi qaz həcminin 10 milyard kubmetrdən yuxarı olduğu məlumdur. Beləliklə, aydın olur ki, 2022-ci ildə Avropanın ABŞ, Afrika, Azərbaycan, Norveçdən ala biləcəyi əlavə qaz həcmləri Rusiyadan dayandıracağı həcmə bərabərdir. Yəni Avropa ən azı bu il Rusiyadan qaz asılılığını planlaşdırdığı qədər azaltmaq imkanındadır. Növbəti illərdə alternativ enerji mənbələri hesabına daha çox Rusiya qazından imtina üçün şərait yaranacaq. Məhz buna görə də Rusiya qazın dəyərinin rublla ödənməsi kimi reallaşması mümkün olmayan tələb irəli sürməklə Avropaya qaz nəqlini indi tamamilə dayandırmaq üçün bəhanə əldə etməyə çalışır.

Belə ki, Putin hökumətə və “Qazprom”a “dost olmayan” ölkələrə qazın rublla satışının təmin edilməsi üzrə ilk hesabatın martın 31-də açıqlanmasını tapşırıb. Həmin müddətə qədər “Qazprom” mövcud uzunmüddətli müqavilələrdə ödəniş valyutasının dəyişdirilməsi üçün konkret addımlar atmalıdır. Nəzərə alsaq ki, Avropa İttifaqı, həmçinin ayrı-ayrı ölkələr Rusiya qazına görə rubl ödənməyəcəyini bəyan ediblər, o zaman martın 31-dək “Qazprom”un hansısa nəticə ortaya qoyacağı real görünmür. Bu baxımdan, Putinin rublla ödəniş edilmədiyini əsas gətirməklə Avropaya qaz nəqlini dayandırması ehtimalı getdikcə artır.

Elman Sadıqov - İqtisadçı-ekspert

Elman Sadiqov

İqtisadçı-ekspert Elman Sadiqovun dediyinə görə, Rusiyanın Avropa ilə bağladığı mövcud müqavilələrdə ödəniş valyutası dəqiq qeyd olunub: “Bu valyuta dollar, yaxud avrodur. Belə müqavilələrdə ödəniş valyutasını dəyişmək məsələsini o zaman qaldırmaq olur ki, alıcı ödənişi gecikdirsin. İndiki halda belə hal qeydə alınmayıb. Yəni Rusiya tərəfi müqavilədə belə ciddi dəyişiklik etmək üçün çox ciddi əsaslar gətirməlidir. Əks halda, Avropa arbitraj məhkəməsinə müraciət edə bilər. Almaniya kansleri Şolts bəyan edib ki, müqavilələrdə belə dəyişikliyə imkan verən müddəalar yoxdur. Bu isə o deməkdir ki, məhkəmə perspektivi heç də az deyil. Düşünmürəm ki, 31 marta qədər ödəniş valyutasının dəyişməsi istiqamətində hansısa real addımlar atılsın”.

Ekspertə görə, Rusiya müqavilələri nəzərə almadan, ödənişin rublla aparılmasını tələb edib, sonra da qaz nəqlini dayandırarsa, Avropa məhkəməyə üz tutaraq onun böyük həcmdə cərimələnməsinə nail olacaq: “Rusiyanın məhkəməni uduzması ehtimalı çox realdır. Bu isə ağır cərimələrin kəsilməsi demək olacaq. Hansı ki, indiki şərtlərdə Rusiyanın onu ödəmək imkanı olmaya bilər”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR