İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentindəki "92"lər və... ermənilərə satılan korrupsioner çoxluq

1215 19.01.2023 22:07 Siyasət A A

Avropa Parlamenti növbəti dəfə öz daşnak simasını göstərdi. Bəşəri dəyərlərin, beynəlxalq hüququn, əlahəzrət faktların ondan ötrü zərrəcə önəm kəsb etmədiyini bir daha nümayiş etdirdi. Onların hamısını yenə “əzabkeş xalq”ın “timsah göz yaşları”na qurban verdi. Əslində isə özünü bununla neçənci dəfə rüsvay etdi.

Söhbət qurumun 18 yanvar tarixində təsdiqlədiyi və 44 günlük Vətən müharibəsindən sonra sayca üçüncü anti-Azərbaycan qətnaməsindən gedir. Hansı sənəddə ki, yenə reallıqlara dəxli olmayan, böhtan mahiyyətli bir çox bəndlər yer alır. Məsələn, Azərbaycan guya Ermənistana hərbi təcavüz edib. Hərçənd sərhədlər şərti xarakter daşıyır. Yaxud guya azərbaycanlılar Laçın yolunu “blokadaya” alıblar. Halbuki az qala, separatçılar da etiraf ediblər ki, yol humanitar məqsədlər (yüklər, xəstələr, ərzaq və s.) üçün açıqdır və heç vaxt da bağlı olmayıb.

1606327746_731.jpg (85 KB)

Son bir ayda oradan humanitar yüklər daşıyan yüzlərlə avtomaşın keçib. Laçın yolu yalnız qanunsuz silah-sursat, qanunsuz iqtisadi fəaliyyətlər üçün bağlıdır ki, bu da Azərbaycanın suveren haqqıdır. Nə barədə ki, sənəd adlandırılan həmin mənasız kağız parçasında heç olmasa, formal balans naminə bir kəlmə də deyilmir. Sanki Laçın yolunda heç etiraz aksiyası-zad yoxdur, yalnız “yazıq erməniləri genosid” eləmək üçün bir dəstə “vəhşi türk” əraziyə yığışaraq yolu kəsib...

Qətnamədə yuxarıdakı sərsəm iddialarla yanaşı, çoxdan tarixin zibilliyinə atılmış “Madrid prinsipləri”nə istinadlar var. Ancaq ondansa yaxşı olmazdımı ki, qurum keçən ay Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəlməsinin dərdini çəkəydi?! Korrupsiya qalmaqalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”nın əsiri olan Avroparlamentin Azərbaycana ağıl verməyə, yol göstərməyə mənəvi haqqı yoxdur, ola bilməz!

Bu da növbəti dəlil: Ermənistanın ərazi bütövlüyündən dəm vuran qurumun sənədində Azərbaycanın ərazi bütövlüyü haqda heç nə deyilmir. Nədən? Sizlər üçün Güney Qafqazda yalnızca Ermənistan adlı saxta və terrorçu dövlətin ərazi bütövlüyümü əzizdir? Bölgədə başqa dövlət yoxmu? Başqa yandan, Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran qurum nə üçün Ermənistanı öz ordusunu Azərbaycanın hələ də işğal altında saxladığı 8 kənddindən geri çəkilməyə səsləmir?

Təəccüblü deyil əslində. Çünki artıq kimsədə şəkk-şübhə qalmayıb ki, Avropa Parlamenti irqçi, faşist qafalıların toplaşdığı bir islamafob, Azərbaycanofob, türkofob qurumdur. “İkili standartları” ilə tanınan “xristian klubu”dur. Qardaş Türkiyənin 60 ildən çoxdur AB-yə üzvlük üçün qapı arxasında gözlədilməsinin tək səbəbi bu. 21-ci əsrdə, Avropanın “göbəyində” bu qurumun əksər üzvlərinin Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması doğrudan da utancverici, biabırçı haldır, “Qoca qitə” adına rəzalətdir.

Avropa Parlamenti, yoxsa Ermənistan parlamenti?

Ümumiyyətlə Avropa Parlament var ikən Ermənistan parlamentinə görəsən nə ehtiyac, əgər erməni puluna satılmış bu qurum Azərbaycana qarşı ermənilərdən də da artıq yaxa cırıb həyasızlıq edirsə, ünvanımıza şər-böhtan, iftira yağdırırsa, hətta ermənidən çox “miatsum” dərdi çəkirsə. Yoxsa ki, sənəddə çoxdan gorbagor olmuş Minsk Qrupu və onun “öz müqəddəratını təyinetmə haqqı” da daxil, üzdəniraq “həll prinsipləri”, “Madrid prinsipləri” niyə əksini tapsın ki? Ərazi bütövlüyümüzə və suverenliyimizə qaba hörmətsizliyin başqa bir nümunəsi kimi, mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsi az qala hər cümlədə niyə işlədilsin ki?

Bu təsisat gerçəkdənmi bayırda 2023-cü ilin olduğundan bixəbərdir? Erməni lobbisi tərəfindən bəslənən həmin saxtakar və fitnəkar “demokrat” çoxluqdan soruşmaq istəyirsən: nədən Donbasdakı, Krımdakı əhaliyə də öz müqəddəratını təyinetmə haqqı tanımırsınız? Ona görə ki, Rusiya erməni lobbisi kimi sizi siz pulla ələ almayıb, bahalı hədiyyələrlə bəsləmir? Və gerçəkdənmi düşünürsünüz ki, Azərbaycan dövləti sizin bunca aşırı həyasızlığınıza və saxtakarlığınıza, “Dəvəquşu siyasəti”nizə baş əyəcək?

O qətnamələrin dəstəsi belə, heç vaxt qara qəpiklik dəyərdə olmayacaq, necə ki, deyil. Çünki barmaqdan sovrulmuş yalanlar əsasında, beynəlxalq hüququn ayaqaltı edilıməsi nəticəsində qəbul edilən sənədlərin ömrü uzun olmaz! Yeri isə Minsk Qrupu kimi tarixin zibilliyi olar!..

Sənəddə “blokada”dan, “genosid”dən, 10 noyabr sənədinə Bakının əməl etməli olmasından danışılır, bir ovuc erməni separatçısının halına yanır avro-deputatlar. Sanki sənədi bur erməni-daşnak tərtib edib. 44 günlük müharibədən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər vətəndaşımız partlayışların qurbanına çevrilib. 10 noyabr kapitulyasiya sənədinə zidd olaraq Ermənistan qoşunları hələ də Qarabağdan tam şəkildə çıxarılmayıb. Həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yol bu günədək açılmayıb. Gerçək blokada bu! Nədən bütün bunlar “ədalət carçısı” Avropa Parlamentinin yadına düşmür?

İrandan keçməklə Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yol bu tarixdə  hazır olacaq

Ən absurdu odur ki, neçə vaxtdır heç Ermənistanın özü “Madrid prinsipləri”nə istinad etmir. Xeyir ola? Hədəf nədir – Şarl Mişelin moderatoru olduğu Brüssel sülh prosesini həmişəlik dəfn eləmək və Rusiyanın “yolunu” açmaq?..

Daha bir fakt. Vaxtilə Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Lakin zaman bu layihənin Avropanın enerji təhlükəsizliyində nə dərəcədə mühüm rol oynadığını isbatladı. Bu mənada Avropa Parlamenti həqiqətən də oturduğu budağı kəsməklə məşğuldur. Babalı öz boynuna...

P.S. Sənədin lehinə Avroparlamentin 407 deputatı səs verib. 92 nəfər əleyhinə çıxıb, 142 deputat bitərəf qalıb. Təşəkkürlər, “92”lər!..

 

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR