İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Gürcüstanla vidalaşır - yanlış siyasəti kim aparır?

1662 09.05.2024 13:10 Siyasət A A

Gürcüstanda xarici agentlər haqda qanunun qəbulu Avropa və ABŞ-ı bu ölkəyə qarşı hiddətləndirib. Sirr deyil ki, Qərb Gürcüstana Cənubi Qafqazdakı forpostu kimi baxırdı. Müxtəlif fondlar vasitəsilə burada ictimai-siyasi institutlar maliyyələşdirilir və onların əli ilə bölgədə müxtəlif missiyalar, ssenarilər həyata keçirilirdi. Xüsusilə, Rusiyaya qarşı planlar da burada yer alır. Gürcüstanı bu prosesə şirnikləndirmək üçün xeyli addımlar atılmışdı, onlardan biri də Avropaya vizasız gediş-gəliş, Avropa İttifaqına namizədlik statusu idi. 

Ancaq Gürcüstan gec də olsa başa düşdü ki, Rusiya ilə düşmənçilik dərinləşdikcə itirdikləri çox olacaq. Xüsusilə Ukraynanın taleyindən ciddi dərs çıxarıldı.

Xarici agentlər haqda qanunun qəbulunu Rusiyanın təsiri altına keçmək kimi dəyərləndirən ABŞ və Avropa isə indi Tiflisə bərk qəzəblənib. Vizasız gediş-gəlişi dondurmaq təklifinin ardından Avropa Parlamentinin 30-dan çox üzvü Gürcüstanla bağlı Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelə müraciət edib.

Onlar Borrelə Gürcüstanın namizəd statusunu, eləcə də maliyyələşdirməni dayandırmaq tələbi ilə müraciət ediblər.

Avropa Gürcüstanla vidalaşır. Bəs bu duruma səbəb olan siyasət Gürcüstana nə vəd edir? Gürcüstan yanlışlarını düzəldirmi? Tiflisin bugünə qədərki siyasətini yanlış hesab etmək olarmı, yoxsa bu gün baş verənlər Avropanın, Qərbin səhv siyasətinin nəticələridir?

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov: “Onlar milli təhlükəsizliklərini qorumaq üçün bizim 10 il öncə etdiklərimizi təkrarlamaq istəyirlər”

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov Azərbaycanın 10 il öncə atdığı addımları bu gün gürcü iqtidarının təkrarladığını qeyd etdi: “Gürcü cəmiyyəti artıq illərdir ki, Mixail Saakaşvili hakimiyyəti dövründən "Qərb dəyərlərinin" yaratdığı eyforiya ilə yaşayır. Belə kiçik ölkələrdə bu dəyərlərin altında nələrin yatdığını fərq etmədən, ona doğru getmək, gözləri bağlı şəkildə uçuruma doğru getmək qədər təhlükəlidir. Azərbaycan hökuməti Qərbin bu qəbildən olan “demokratiya oyunlarının” nə demək olduğunu və cəmiyyəti hara sürükləyə biləcəyini azı on il öncə fərq etmişdi. Dövlətimiz “demokratik dəyərləri” vətəndaş cəmiyyəti, habelə media vasitəsilə cəmiyyətə sırıyaraq ölkənin “ipini əllərində saxlamaq” və bu yolla istədikləri məqamda onu daxildən qarışdırmaq istəyənlərə layiqli cavab verdi. Hər bir ölkə özünün milli təhlükəsizliyini qorumağa məhkumdur. Biz də bu tələblər çərçivəsində davrandıq. Ölkədə atılan bütün addımlar onun müəyyən etdiyi qanunlara uyğun olmalıdır. Bəli, Azərbaycan hökumətinin atdığı bu addımlar çoxlarının xoşuna gəlmədi. Xarici donorlardan milyonlarla dollar ianələr alıb, onların çaldıqları havaya oynayanlar böyük hay-küy saldılar, Qərbdəki sahiblərini Azərbaycan hökumətinin üzərinə qaldırdılar. Bir sözlə, nə qədər şüvən salmaq mümkün idisə, bunu etdilər. Ancaq bunların heç biri işləmədi. 

Bu gün Gürcüstan hökuməti dövlətinin milli təhlükəsizliyini qorumaq üçün bizim 10 il öncə etdiklərimizi təkrarlamaq istəyir. Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən müzakirəyə çıxarılması ilə ölkədə siyasi qarşıdurma yaranıb. Hökumət bu qanunun qəbulunun ölkədə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığın təmin olunmasına, demokratiyanın, söz azadlığının inkişafına xidmət edəcəyini bildirsə də müxalifət və onları dəstəkləyən qeyri-hökumət təşkilatları, mətbuat orqanları bu qanunun qəbuluna qarşı çıxırlar. Nədən? Cavab sadədir. Qanuna əsasən, həmin qurumlar ildə bir dəfə maliyyə vəsaitlərinin haradan və hansı məqsədlər üçün daxil olduğu barədə məlumat verməli və eyni zamanda maliyyə vəsaitinin 20 faizini xarici dövlətlərdən alan qeyri-hökumət təşkilatlarının və media qurumlarının xaricdən aldığları vəsaitlər barədə məlumatlar “xarici agentlər” reyestrinə daxil edilməlidir. Bax burada xoruzun quyruğu görünəcək. Ona görə də qanunun qəbuluna qarşı belə ciddi müqavimət göstərirlər.

Bu gün illərdir Gürcüstanda “at oynadan” donorlar gürcü hökumətinin onların fəaliyyətinin mahiyyətini anlamasından bərk əndişələniblər və xaricdən gələn ianələrin şəffaflığına dair yeni qanun layihəsinin qəbuluna hər vəchlə mane olmağa çalışırlar.

Gürcü hökuməti ölkəsinin taleyi üçün narahatdır, onun Qərbin bölgədəki alətinə çevrilməsini istəmir. Qərb isə bu reallıqlarla barışmağa hazır deyil və daxildəki tərəfdarları vasitəsilə ölkəni qarışdırıb öz niyyətinə çatmağı hədəfləyir. Bu qarşıdurma sağlam düşünən Gürcüstan hökumətinin qələbəsi ilə nəticələnəcək".

Rusiya müharibəni “ət” hesabına udmaq istəyir

Rəşad Bayramov: “Hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaq çətindir”

AMİP ALİ Məclisinin sədri, politoloq Rəşad Bayramov Qərbin bütün imkanları ilə Cənubi Qafqazda hərəkətə keçdiyini söylədi. Onun sözlərinə görə, Gürcüstanda baş verənlər Qərb və Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsinin tərkib hissəsidir: “İkinci Qarabağ savaşında ölkəmizin regionda yaratdığı yeni reallıqlar fonunda Cənubi Qafqaza olan maraq kifayət qədər artıb. Qərb də bu marağını gizlətməyərək bütün imkanları ilə hərəkətə keçib. Ermənistanın böyük ölçüdə ram edilməsindən sonra Azərbaycan və Gürcüstana təzyiqlər artıb. Saakaşvili hakmiyyətindən sonra Rusiya ilə Qərb arasında balanslı siyasət yürütməyə başlayan Gürcüstan hakimiyyəti bu siyasəti davam etdirməkdə maraqlıdır. Amma Qərb artıq bununla yetinmək istəmir. Gürcüstanda da Ermənistanda olduğu kimi, sözəbaxan və Rusiya ilə münasibətlərdə məsafə saxlayan hakimiyyət istəyir. Xarici agentlər haqqında qanun isə sadəcə bir bəhanədir. Belə ki, bu gün Gürcüstanı belə bir sənədin qəbulundan çəkindirməyə çalışan ABŞ, Böyük Britaniya, Fransa və digər Qərb dövlətlərinin özləri vaxtilə oxşar qanunlar qəbul ediblər. Yəni başqa sözlə desək, Qərb özü xarici agentlər barədə normativ-hüquqi aktlar qəbul etdiyi halda indi bunun başqalarına qadağan etməyə çalışır. Mən tamamilə əminəm ki, Gürcüstan hakimiyyəti hətta adıçəkilən qanunun qəbulu istiqamətində hər hansı addım atmasaydı belə Qərb dairələri təzyiq üçün başqa bəhanələr tapacaqdılar. Qanunun müzakirəyə çıxarılması, sadəcə, prosesləri sürətləndirdi. Əslində isə həmin sənəddə qeyri-adi qarşılanacaq hər hansı bir şey yoxdur. Qanun layihəsinə əsasən maliyyə vəsaitinin 20 faizini xarici dövlətlərdən alan QHT-lərin və media qurumlarının ildə bir dəfə maliyyə hesabatı verməsi və onların "xarici agentlər" reyestrinə daxil edilməsi təklif olunur. Xaricdən alınan qrantlarla bağlı müvafiq maliyyə hesabatının verilməsi bizim qanunvericilikdə də nəzərdə tutulub və kifayət qədər normal haldır. Gürcüstanda hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaq çətindir. Çünki uzun illər ərzində Azərbaycanla Ermənistan arasında müharibə səbəbindən beynəlxaq təşkilatların əksəriyyəti öz Cənubi Qafqaz ofislərini məhz Gürcüstanda açıblar. Nəticədə uzun illər ərzində Gürcüstana olduqca böyük həcmdə qrantlar axmağa başlayıb və bu da QHT-in sayının artmasını stimullaşdırıb. Təsadüfi deyil ki, hazırda cəmi dörd milyona yaxın əhalisi olan Gürcüstanda təkcə Qərb fondlarından qrant alan qeyri-hökumət təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artaraq 10 mini ötüb. Yəni hər QHT-dən 4-5 nəfərin belə etiraz aksiyalarına qoşulması böyük izdihamlı aksiyaların keçirilməsinə imkan yaradır. Amma nə olmasından asılı olmayaraq Avropanın Gürcüstanı özündən uzaqlaşdıracağını inandırıcı saymıram. Çünki bu addımlar əks-effekt verə və Gürcüstanı tamamilə Rusiyaya yaxınlaşdıra bilər. Bunu Avropa qurumları da ABŞ-da kifayət qədər yaxşı başa düşür. Gürcüstanın Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişinin ləğvi və Gürcüstana ayrılan maliyyənin kəsilməsi ilə bağlı təkliflər isə rəsmi Tiflisi təzyiq altında saxlamaq üçündür".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR