İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrasiya İttifaqına üzvlük: Bakının marağı var, qərarı yox...

1801 12.06.2024 12:21 Siyasət A A

Rusiyalı strateqlər Avrasiya İqtisadi İttifaqının potensialının güclənməsində Azərbaycanı əhəmiyyətli ölkə hesab edirlər, amma yerli ekspetlər...

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi zaman-zaman gündəmə gəlir. Ekspertlər səviyyəsində müxtəlif fikirlər səsləndirilsə də, Rusiyanın siyasi dairələrinin bununla bağlı rəsmi mövqeyi bəllidir: Azərbaycanı həmin birlikdə görmək... 

Dəfələrlə istər Rusiyanın xarici işlər naziri, istərsə də parlament səviyyəsində Moskvanın Bakını Avrasiya İttifaqında görmək istəyi dilə gətirilib. Ötən ilin mayında Azərbaycan üçün ən gözlənilməz xarici siyasət hadisəsi İlham Əliyevin Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqının sammitində iştirakı oldu. Azərbaycan Prezidenti Avrasiya postsovet siyasi məkanı ilə əməkdaşlıq sistemində yeni istiqamət qoydu. Bu ilin aprelində Prezident İlham Əliyev deyib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulmağı planlaşdırmır, lakin Aİİ ölkələri ilə sıx tərəfdaşlıq münasibətləri saxlayır. “Bizim belə planlarımız yoxdur, lakin deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz”, - Əliyev ötən ay ADA Universitetindəki beynəlxalq forumda belə deyib. Onun sözlərinə görə, hər şey ölkənin hansı əlavə iqtisadi fayda əldə edəcəyindən asılı olacaq: “Onları görsək, qərar qəbul edəcəyik, görməsək, o zaman mövcud olan əməkdaşlıq səviyyəsindən razı qalacağıq. Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan bütün ölkələrlə çox sıx tərəfdaşlığı var”. 

Qeyd edək ki, Azərbaycanın baş naziri iyunun 4-də Minskdə Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında iştirak edib. Görüşdə çıxış edən Əli Əsədov qeyd edib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqında tərəfdaş dövlətlərlə ikitərəfli formatda sıx əlaqələr saxlayır. Şübhə yoxdur ki, Azərbaycan Aİİ üçün cəlbedicidir və ölkəmizin uğurları ilə yanaşı, bu marağın artması təbiidir. Ümumiyyətlə, Rusiya hər zaman Azərbaycanın iqtisadi potensialını nəzərə alaraq, onun Avrasiya İqtisadi İttifaqına üzv olmasına çalışıb. Rus strateqləri Avrasiya İqtisadi İttifaqının potensialının güclənməsində Azərbaycanı əhəmiyyətli ölkə hesab edirlər. Bununla belə, bunun ölkəmiz üçün nə dərəcədə faydalı olması ilə bağlı şübhələr də var. Hər hansı iqtisadi bloka qoşularkən, onun səmərəliliyi və effektivliyi, ən əsası onun iqtisadi inkişafa və sabitliyə verəcək təsir imkanları nəzərə alınmalıdır. Bəzi ekspertlərə görə, Avrasiya İqtisadi İttifaqı geniş potensiala malik olan, iqtisadi perspektivlik vəd edən bir blok deyil. Belə olan halda, Azərbaycanın bu ittifaqa qoşulması da arzuolunan deyil. Azərbaycan bu ittifaqla yalnız hər hansı formada əməkdaşlıq edə bilər.   Ötən il Azərbaycanın qurumda “müşahidəçi” statusu ilə bağlı ekspertlər səviyyəsində müzakirələr aparılıb. Bəzi ekspertlərə görə, Avrasiya İttifaqı adı iqtisadi olsa da, əslində siyasi blokdur. Bakının marağı var, amma qərarı yox...

Elçin Mirzəbəyli: Azərbaycan bölgəyə davamlı sülhün gəlməsi üçün bütün  mümkün imkanlardan istifadə edir - AZƏRTAC

Elçin Mirzəbəyli

Ədalət, Hüquq, Demokratiya partiyası sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli Avrasiya İqtisadi İttifaqının potensialını kifayət qədər böyük görür: “Avrasiya İqtisadi İttifaqının iqtisadi potensialını və perspektivini şübhə altına alan iddialar demoqoqiyadan başqa bir şey deyil.  Əvvəla, Aİİ-nin iqtisadi potensialı haqqında fikir yürütmək üçün ilk növbədə buraya daxil olan ölkələrin təbii resurslarına nəzər salmaq lazımdır. Təsdiq olunmuş neft ehtiyatlarına görə, Aİİ üzvü olan Rusiya dünyada 7-ci, Qazaxıstan isə 11-ci yerdədir. Təbii qaz ehtiyatlarına görə isə Rusiya liderdir, Qazaxıstan isə 19-cu sırada yer alıb. Türkmən qazının ixracının da, əsasən Rusiya vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, yalnız təbii qaz ehtiyatları ilə bağlı Aİİ-nin nə qədər böyük potensiala malik olduğunu müəyyənləşdirmək mümkündür. Hazırda neftdən və qazdan daha çox önəm daşıyan su ehtiyatlarına görə Rusiya dünya reytinqində ikinci sırada qərarlaşıb. Dəmir ehtiyatlarına görə Rusiya üçüncü, Qazaxıstan 10-cu, uran ehtiyatlarına görə Qazaxıstan 1-ci, Rusiya 6-cı sırada yer alıb. Kənd təsərrüfatına yararlı ərazilərinə görə Rusiya və Qazaxıstan dünyada  6-cı pillədə yer alır. Bu sıraya Belarusu da əlavə etsək, o zaman kənd təsərrüfatının yararlı ərazilərinə görə Aİİ ilk pillədədir. Hazırda Aİİ-nin yeganə problemi, üzv ölkələrin mövcud potensialı real iqtisadi faktora çevirə bilməmələrində, iqtisadiyyatın azad bazar münasibətlərinə uyğun qurulmamasındadır. Əgər bu istiqamətlərdə sistemli islahatlar həyata keçirilərsə, Avropa İqtisadi İttifaqı iqtisadi cəhətdən perspektivli təşkilata çevrilə bilər. Təbii ki, bunun üçün həm də Aİİ üzərindən bütün siyasi çətirləri götürmək, idarə olunan, inhisarçı iqtisadiyyat anlayışlarını bir kənara atmaq, yalnız təbii rəqabət mexanizmlərini işə salmaq lazımdır. İndiki halda isə bu prosesin qısa bir zamanda həyata keçiriləcəyi inandırıcı görünmür. Zənnimcə, ölkəmiz Aİİ-yə münasibətdə ən doğru mövqedə dayanıb və Ermənistan istisna olmaqla, digər üzv dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına önəm verir. Qənaətimə görə, həm iqtisadi, həm də siyasi platforma olaraq, bizim üçün ən əlverişli məkan türk dünyasıdır.   Türk dünyasının iqtisadi potensialı, gücü, təbii resursları, insan potensialı bütün mövcud iqtisadi-siyasi təşkilatlardan daha böyük və daha perspektivlidir. Buraya birliyi təmin edən ortaq tarix, mədəniyyət, dil və digər bu kimi amilləri də əlavə etsək, Türk Dövlətləri Təşkilatının alternativinin olmadığını söyləyə bilərik”.

Rəşad Bayramov: “Hakimiyyət uğrunda mübarizədə məqbul hesab etdiyimiz tək  yol seçkidir”. » Ovqat.com

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bu qurumla Azərbaycanın ikitərəfli əlaqələrini daha vacib sayır, nəinki üzv olmağı: “Azərbaycanın Avrasiya İqtisadi ittifaqına üzvlüklə bağlı qərarının olmaması, elə marağın olmamasından irəli gəlir. Bu da tamamilə təbiidir. Çünki buna ehtiyac yoxdur. 

Şübhə yoxdur ki, Azərbaycan Aİİ üçün maraqlıdır və Azərbaycanın uğurları ilə yanaşı, bu marağın artması da təbiidir. Bununla belə, bunun Azərbaycan üçün nə dərəcədə faydalı olması ilə bağlı şübhələr kifayət qədərdir. Çünki nəticə etibarı ilə Aİİ Rusiyanın liderliyi ilə fəaliyyət göstərən bir strukturdur. Moskvanın lider olduğu formatlarda isə risk həmişə var. İkinci bir tərəfdən, mövcud olduğu illər ərzində Avrasiya İqtisadi İttifaqı üzv ölkələr üçün elə də nəzərəçarpacaq iqtisadi fayda da gətirməyib. Bu ittifaq ilk gündən etibarən daha çox Kreml rejiminin tərəfdarı olan ölkələrin bir növ siyasi birliyi rolunda çıxış edib. 

Azərbaycanın Ermənistan istisna olmaqla Aİİ-yə üzv ölkələrlə kifayət qədər yaxşı ikitərəfli iqtisadi münasibətlərinin olması da bu ittifaqı bizim üçün iqtisadi baxımdan elə də cəlbedici etmir. Azərbaycan tam haqlı olaraq, Avrasiya Birliyinə daxil olan ölkələrlə bütün istiqamətlərdə və sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsinə və şaxələndirilməsinə üstünlük verir. Bu mövqe ölkəmizin çoxşaxəli inteqrasiya siyasətinin əsas vektorlarından birini təşkil edir. 

Nəhayət, Avrasiya İqtisadi İttifaqına üzvlük Azərbaycanın Avropaya inteqrasiya istiqamətində fəaliyyətinə çətinliklər yarada, Avropa İttifaqı ilə azad ticari münasibətlərə xələl gətirə, bu da ölkəmizin beynəlxalq investisiya və ticarət əməkdaşlığından və inteqrasiyasından faydalarını azalda bilər.

Ümumiləşdirərək demək olar ki, Aİİ-yə üzv olmaqla Azərbaycan faktiki olaraq bir sıra azadlıqlarından imtina etməli olacaq. Yəni burada nüvə rolunda Moskva çıxış edəcək, siyasəti o müəyyən edəcək, enerjidaşıyıcılar məhz onların nəzarəti və maraqları nəzərə alınaraq dünya bazarına çıxarılacaq. Belə olan halda bu ittifaqa üzvlüyə təbii olaraq ehtiyac yoxdur. Ən optimal yol məhz elə ikitərəfli iqtisadi əlaqələrin davam etdirilməsi və inkişafıdır ki, Azərbaycan da bunu edir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR