İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atasının evdə bir qram hörməti yoxdur, adam yerinə qoyulmur...” - QALMAQALLI SÖZLƏR

1470 16.07.2024 13:31 Ölkə A A

Müğənni Ofelya Şabanova yenə qalmaqallı sözləri ilə gündəmə gəlib. Belə ki, ifaçının efirdə səsləndirdiyi “ərimin corabını özüm geyindirirəm, ayaqqabısını da təmizləyirəm” kimi fikirləri və həmin verilişdə qonaq olan olan hüquqşünas Tağı Hüseynovun da bu davranışların ailədə vacib olduğunu qeyd etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi adamlar ailədə qadının kişiyə qulluq etməsini normal qəbul etsə də, elələri də var ki, bunun qadın hüquqlarını zidd olduğunu bildirir və qadının əzilməsini qəbul etmirlər.

“Yeni Sabah”a məsələ barədə açıqlama verən hüquqşünas Tağı Hüseynovun həmin verilişdə səsləndirdiyi fikirlərin müzakirə yaratmasına belə münasibət bildirib:

“Verilişdə dediklərimin hamısının məcburi olduğunu deməmişəm. Bu, mənim öz ailəmdə olan bir haldır. Mən evə hər gün yorğun gəlirəm, ya da hər gün mənə corab geyindirilir deyə bir şey yoxdur. Kişi çox yorğun olanda əgər onun xanımı corabların geyindirirsə, burada təəccüblü heç nə yoxdur. Ayaqqabının təmizlənməsi məsələsinə individual yanaşmaq lazımdır. Azərbaycan ailələrinin hamısında eyni model olmaya bilər. Bizdə isə ailə modeli bu formadadır. Bu günə qədər mən yoldaşımı nəyəsə görə nə döymüşəm, nə də vurmuşam. Nə də ki, ayaqqabı ilə bağlı hansısa bir tapşırıq, göstəriş vermişəm. O, gözünü açıb, evində belə görüb ki, qadın kişiyə qulluq etməli, ayaqqabısını silməlidir. Burada nə var ki? Gözünü açıb və belə görüb götürdüyü üçün, bu kimi şeylər nə yoldaşım, nə də mənim üçün təəccüblüdür. Həqiqətən də, mən 10 dəfə də evdən çıxsam, ayaqqabım təmizlənməlidir”.

T.Hüseynov qeyd edib ki, əgər bir xanım ərinin könlünü xoş etmək, razı salmaq üçün ayaqqabısını silib, corabını geyindirirsə, təəccüblənməli heç nə yoxdur:

“Elə ailələr var ki, bunu xoş qarşılamır. Bəzi ailələrdə isə kişinin evdə zərrə qədər hörməti yoxdur. Kişini, ümumiyyətlə, adam yerinə qoymurlar. O kişi yorğun yox, hətta ölmüş belə olsa, onun corabını geyindirən olmaz.Yaxud, xanımı heç elə kişinin ayaqqabısını belə silmir, deyir ki, canın çıxsın özün sil. Buna etiraz edənlər görüb ki, atasının evdə bir qram hörməti yoxdur, onu adam yerinə qoymurlar və ata istəsə belə, nə ayaqqabısını təmizləyən, nə də corabını geyindirən olacaq. İkinci etiraz edənlər qrupu isə, hədsiz dərəcədə Amerika filmləri, bizim ailə modelinə yad olan seriallara baxaraq, deyir ki, mən ərimə yemək də bişirməli deyiləm. Belə desək, onlar filmlərdə gördüklərini həyatda tətbiq etmək istəyənlərdir”.

Hüquqşünas həmçinin əlavə edib ki, ailələr yazılı qanunlarla idarə olunmur:

“Bir hüquqşünas kimi, deyə bilərəm ki, qadının ərinin corabını geyindirib, ayaqqabısını təmizləməsi qanunlarda qeyd olunmayıb, hansısa hüquq norması deyil. Qanunvericilikdə belə bir məcburiyyət yoxdur. Amma ailələr heç vaxt yazılmış qanunlarla idarə olunmur. Bəzi buna etiraz edən kütlə bildirir ki, deyilənlər qanunda yoxdur və buna görə də ola bilməz. Fəqət, onlar anlamırlar ki, heç kəs evlənən zaman ailə məcəlləsini qarşısına qoyub demir ki, baxaq görək kim hansı işi görməlidir. Çünki məcəllədə ailənin idarə olunmağı ilə bağlı heç nə göstərilmir. Əslinə qalsa, bütün bunlar boşluqlardır.

Hazırda Azərbaycanın minilliklərdən süzülüb gələn, formalaşan adət-ənənələri, dəyərləri ilə idarə olunan ailə modeli kənarda qalıb. Bəziləri yeni, bizə yad olan ailə modeli kəşf etmək istəyirlər. Elə bilirlər ki, bununla da ailələr xoşbəxt olacaq. Çox yox, 20-30 il əvvələ qayıdaq. Minilliklər ərzində formalaşan model ilə qurulan ailələrə, onların davamlılığına, digər bir tərəfdən isə, indiki yeni ailə modeli ilə can atıb evlənən, güya xoşbəxt olmaq istəyənlərə də nəzər salaq. Hansı dövrdə boşanmalar daha çox olub? İndi yoxsa əvvəl? Hazırda biz bu kimi problemlərlə daha çox qarşılaşırıq. Əxlaqsızlıq, dəyərlərin azalması indi daha çoxalıb. Bunun səbəbi isə Amerikadan, ordan-burdan və s. sırınmış, qondarma ailə modelində ayaqqabı geyindirmək də, corabını geyindirmək də yoxdur. Bu ailə modeli heç bir mənəvi, əxlaqi dəyərə əsaslanmır. Etiraz edənlər də həmin modeli öz ailələrində artıq tətbiq edən, ya da bunu arzulayan şəxslərdir. Mən öz ailəmdə heç bir yeni model tətbiq etməmişəm, qədimdən gələn ailələr kimi mənəvi dəyərlərə xas olan bir ailəm var. Bizə başucalığı gətirən həmin ailə modelini həmişə fəxr edərək tətbiq etmişəm. Şükür Allaha, xoşbəxt ailəm var. Kim istəsə, buna etiraz edə, yeni modelə uyğun ailə qura bilər. Görək hansı model daha dayanıqlı və uzunömürlü, xoşbəxt ailə yaradacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR