İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA Azərbaycana dair müraciətlərə hansı cavabı verəcək? - münasibətlər düzələcəkmi...

416 29.02.2024 11:19 Siyasət A A

Politoloq: “Bu tələblər qarşısında Azərbaycan yenidən AŞ PA-ya qayıda bilər, amma...” 

Türkiyə, Gürcüstan, Macarıstan və bir neçə beynəlxalq təşkilatdan sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏTPA) da Azərbaycanla bağlı AŞ PA-ya müraciət edib. Qurumun vitse-prezidenti və qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Dönmez, vitse-prezident və Albaniya nümayəndə heyətinin rəhbəri Petro Koçi, vitse-prezident və Gürcüstan nümayəndə heyətinin rəhbəri Ramaz Nikolaşvili, həmçinin Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Purtova, Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç və Yunanıstan nümayəndə heyətinin rəhbəri Konstantinos Vlasis AŞ PA prezidenti Teodoros Rusopulosa QDİƏTPA-nın Beynəlxalq Katibliyi adından məktub ünvanlayıblar. 

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Məktubda Teodoros Rusopulosa AŞ PA-nın prezidenti seçilməsi münasibətilə təbrik ifadə olunur, həmçinin QDİƏTPA və AŞ PA arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinə toxunulur.  Qeyd olunur ki, ötən müddət ərzində QDİƏTPA demokratiya və qanunun aliliyinə hörmət edən Avropa institutları ilə faydalı əməkdaşlıq edib, lakin təəssüf ki, həm QDİƏTPA-nın, həm də AŞ PA-nın üzvü Azərbaycan AŞ PA-da səsvermə hüququndan məhrum olunub. Məktub müəllifləri Cənubi Qafqazın aparıcı dövlətlərindən biri olan Azərbaycanın insan hüquqlarına hörmətlə yanaşdığını vurğulayaraq, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətinin AŞ PA-da səsvermə hüququnun bərpa ediləcəyinə ümidlərini ifadə ediblər.

Nəzərə çatdıraq ki, AŞ PA-nın qış sessiyası zamanı qurum Azərbaycana qarşı qərəzli mövqe tutaraq, ölkəmizi səsvermə hüququndan məhrum edən qətnamə qəbul edib. Buna etiraz olaraq nümayəndə heyətimiz AŞ PA-da fəaliyyətini dondurduğunu bəyan edib və sessiyanı tərk edib. 

Məlum müraciətlərdən sonra AŞ PA öz qərarına yenidən baxacaqmı? Bunun mexanizmi varmı? AŞ PA qərarını dəyişərsə, Azərbaycan da dondurduğu fəaliyyətini bərpa edə, münasibətlər düzələ bilərmi? Bu, daha çox kimə lazımdır? 

Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən AŞ PA-da anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. 

Gürcüstanın qurumdakı nümayəndə heyətinin rəhbəri G.Mikanadze isə hesab edir ki, qətnamə AŞ PA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. Bu, AŞ PA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək.Vurğulanır ki, qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞ PA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər.

G.Mikanadze AŞ PA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırıb.

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su  Azərbaycanda oxunacaq

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, AŞ PA bu qərarlara çox asanlıqla baxa bilər: “Misal üçün, bir neçə il əvvəl Rusiyanı AŞ PA-dan kənarlaşdırdılar, sonra yenidən onun hüquqlarını bərpa etdilər. Ukraynaya hücumdan sonra isə tamamilə kənarlaşdırdılar. Azərbaycanın yol verdiyi ciddi qüsurlar yoxdur. Üstəlik, AŞ PA-nın üzvü olduğu dövlətlərin bir çoxu Azərbaycana qarşı haqsız davranıldığını və Azərbaycanın yenidən AŞ PA-ya qaytarılmasını tələb edir. Bu günə kimi beş ölkə bunu tələb edib. Güman edirəm ki, bunun sayı hər ay artacaq. Əgər AŞ PA-nın üzvü olduğu ölkələr Azərbaycanın təşkilata qaytarılmasını tələb etməkdə davam etsələr, AŞ PA-nın mərkəzi orqanları bu tələblər qarşısında Azərbaycanı yenidən bu təşkilata qaytara bilər. Onsuz da Azərbaycanı AŞ PA-dan uzaqlaşdırılarkən bizim nümayəndə heyətində müəyyən yanlışlıqlara yol verilmişdi. Gündəmdə Azərbaycanı uzaqlaşdırmaq məsələsi yox idi. Azərbaycana xəbərdarlıqlar və sairə bu kimi məsələlər var idi. Sonradan müəyyən nüanslar AŞ PA-nın mərkəzi orqanlarını qəzəbləndirdi, Fransa və Almaniya ara qarışdıran bir rol oynayaraq Azərbaycanın AŞ PA-dan kənarlaşdırılması iddiasını qaldırdılar. Amma mən əminəm ki, Azərbaycanın Avropa üçün, Avropanın enerji təhlükəsizliyi üçün oynadığı rol, üstəlik ölkənin super gücü, bölgədə münasibətlərin tənzimləməsində oynadığı rol, Azərbaycanın yenidən AŞ PA-ya üzv kimi qəbul edilməsinə, yaxud da əvvəlki statusunun bərpa edilməsinə gətirib çıxaracaq. Onsuz da kənarlaşdırmanın müddəti bir ildir. Bir ilin ərzində çox şeylər baş verə bilər”.  

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib - AZƏRTAC

Səməd Seyidov

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf-a açıqlamasında deyib ki, Azərbaycanla bağlı mövcud reallığın dəyişdirilməsi üçün Avropa Şurası Parlament Assambleyasına dost, tərəfdaş ölkələrin müraciətləri davam edir: “Sözsüz ki, bu istiqamətdə ünvanlanan məktubların sayı bundan sonra da artacaq. Reallığı başa düşən siyasətçilər AŞ PA-nın özünü nə qədər dərin bir quyuya atdığının fərqindədir. Buradan çıxmaq təşkilat üçün müşkül və mürəkkəb bir məsələyə çevrilib. AŞ PA öz davranışları ilə maraqsız bir quruma çevrilib. Azərbaycan AŞ PA-da yoxdursa, o, gündəmdən çıxıb. Hazırda Fransanın aqibətini yaşayır. Təəssüf ki, bu beynəlxalq təşkilat reallıqdan tamamilə uzaq bir yol seçdi. Onlar düşündülər ki, təzyiq və təhqirlə, qeyri-obyektiv "sənəd" və “qətnamələr”lə nüfuz qazanacaqlar. Nəticədə əks proses baş verdi. Beləliklə, AŞ PA olan-qalan nüfuzunu itirərək özünü gündəmdən çıxartdı".

Qeyd edək ki, 24 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycan nümayəndə heyətinin qurumun 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Qətnamənin müzakirəsi zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Səsvermə zamanı Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri sənədin əleyhinə səs veriblər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR